fbpx
Close

Təbii kalsium mənbələri.

Təbii kalsium mənbələri.

 

Yer qabığında mövcud olan beş elementdən biri də kalsiumdur. Kalsium insan orqanizminin strukturunda və həyat fəaliyyətində əvəzedilməz əhəmiyyətə malikdir. Təbaşir və kalsium-karbonat kimi tanıdığımız bu maddənin çox hissəsi insanın skeletində toplanır. Belə ki, bütün bədəndə olan kalsiumun 98% -i sümüklərdə, 1% -i dişlərdə, yerdə qalan 1% -i isə qanın tərkibində dolaşaraq sinir-əzələ sisteminin işini və digər orqanların fəaliyyətini təmin edir. İnsan orqanizmində dayaq-hərəkət aparatının (skeletin) əsasını kalsium təşkil edir. Boy atmaqda olan orqanizmin kalsiuma tələbatı çoxdur.

Ana bətnində hazır kalsiumla bünövrəsi qoyulmuş uşaq orqanizmi doğulduqdan sonra boy atıb inkişaf etmək üçün kənardan kalsium qəbul etməlidir. Bir yaşa qədər uşaqlar ana südü ilə qidalandığı üçün onlar lazım olan kalsiumu ana südündən mənimsəyirlər. Ana südü ilə yox süni qida ilə qidalanan körpələr isə kalsiumu süni qidalardan alırlar. Profilaktika məqsədi ilə yenidoğulmuş körpələrin hər birinə ilk aylarda vitamin D təyin olunur ki, bu da kalsiumun orqanizm tərəfindən mənimsənilməsini təmin edir. Ciddi vitamin D və kalsium çatışmazlığı erkən uşaq yaşlarında raxit xəstəliyinin əmələ gəlməsinə səbəb olur. Kalsium defisiti osteomalyasiyaya (sümüklərin yumşalmasına) səbəb olur.

Qanda kalsium.

Osteomalyasiya uşaqlarda raxit xəstəliyində, qadınlarda klimaks dönəmində hormonal disbalans nəticəsində əmələ gəlir ki, bu da müxtəlif osteoporozların inkişafına zəmin yaradır. Qanda və sümüklərdə kalsiumun normal miqdarını parathormon və kalsitonin hormonları tənzimləyir. Qanda kalsiumun səviyyəsi azalarsa, parathormon xüsusi reaksiyaları işə salaraq nazik bağırsaqdan, böyrəklərdən və sümüklərdən kalsiumu geri soraraq qanda onun səviyyəsini artırır. Eyni zamanda qanda fosforun miqdanını azaldır. Kalsitonin hormonu isə qanda səviyyəsi yüksələn kalsiumun sümüklərə daşınmasını sürətləndirir.

Qanda kalsiumun miqdarının çoxluğu isə onun böyrəklərdən geri sorulmasını ləngidir. Beləliklə, kalsitonin və parathormon bir-birilərinə zidd olaraq çalışırlar, yəni antoqonistdirlər. Demək olar ki, kalsium orqanizmin tikinti materialı olmaqla bərabər sinir-əzələ keçiriciliyini təmin edir, ürək fəaliyətini tənzimləyir, arterial təzyiqin normal səviyyədə saxlanmasında iştirak edir və qanın laxtalanma faktorlarından biridir. Kalsiuma olan tələbatı ödəmək üçün insanlar daimi kalsiumla zəngin qidalar qəbul etməlidirlər. Ən əsası isə təbii kalsium mənbələrindən istifadə etmək məsləhətdir. Təbii kalsiumla zəngin qidalara Kəsmik, Pendir, Qatıq, Xama, Kefir, Fındıq, Badam, Küncüt, Banan, Buğda kəpəyi və Soyanı misal göstərmək olar. Gündəlik qida rasionunda bu təbii məhsullardan lazımı qədər istifadə etmək orqanizmin kalsiuma olan tələbatını ödəyər.

  http://fizulihuseynov.com/