fbpx
Close

Qida zəhərlənmələri.

Qida zəhərlənmələri.

 

İnsan orqanizmi.

İnsan orqanizminin zəhərlənməsinin çox müxtəlif səbəbləri məlumdur. Bura qida zəhərlənməsi, havanın zərərli maddələrlə çirklənməsi nəticəsində baş verən zəhərlənmə, mikroorqanizmlərlə və zərərli maddələrlə çitklənmiş su hövzələrindən istifadə zamanı yaranan zəhərlənmələr aiddir. Zəhərlənmələr içərisndə qida zəhərlənmələri geniş yayılmış və çox əhatəli mövzudur. Canlı mikroorqanizmlərlə çirklənmiş qida məhsulları təmiz yuyulmazsa, düzgün saxlanmazsa və istifadə olunarsa bu zaman toksikoinfeksiya deyilən qida zəhərlənməsi baş verir. Bu da çox ciddi fəsadlara, bəzən xəstələrin həyatını itirməsinə gətirib çıxarır. Yuyulmamış qida vasitəsi ilə mədə-bağırsaq sisteminə düşmüş canlı mikroorqanizmlər qısa zaman kəsiyində çox sürətlə artıb çoxalır. Onların məhv olmaları nəticəsində ayrılan endotoksinlər insan orqanizmdə sürətlə yayılaraq intoksikasiya törədir.

Orqanizmi intoksikasiyaya uğramış insanlarda

  • kəskin baş ağrısı, başgicəllənmə,
  • ishal, qusma, ürəkbulanma,
  • ümumi halsızlıq, zəiflik, hərarətin yüksəlməsi,
  • dəri quruluğu, əsəbilik,
  • oyanıqlıq və yuxusuzluq

kimi ümumi simptomlar meydana çıxır. Bəzən qida zəhərlənməsi bağırsaq keçməməzliyi, qanlı ishal, su-duz mübadiləsinin ciddi pozğunluğu və hipovolemiya kimi daha ağır simptomokomplekslərlə müşayiət olunur ki, bu zaman müalicə çox ciddi səy tələb edir. Qida zəhərlənməsində törədicinin növündən asılı olaraq da spesifik simptomlar ola bilər. Ümumilikdə mədə-bağırsaq pozulmasından və yaxud da qida zəhərlənməsindən şübhələnərkən xəstənin son sutka və ya 5-6 saat ərzində nə ilə qidalanması barədə məlumat toplamağın diaqnostika baxımından faydası vardır.

Səbəb.

Qida zəhərlənməsinə səbəb olan salmonella, iribuynuzlu ev heyvanlardan, suda üzən ev quşlarından, ət və ət məhsullarından, ev quşlarının yumurtalarından gəmiricilərdən insanlara yoluxur. Quş yumurtalarından mayonez, kremlər, dondurmalar, müxtəlif salatlar hazırlanır. Dondurma və mayonezlərdə çiy yumurtaların istifadə olunması xüsusilə yay aylarında bu infeksiyaların yayılmasının əsas səbəbidir. Salmonellaların artıb çoxalmasında və yoluxduruculuğunda xırda doğranmış ətin təhlükəsi daha böyükdür.

Bəzən insan orqanizmində şərti patogen bakteriyalardan bağırsaq çöpləri, protey, enterokokklar və s.toksikoinfeksiya törədir ki, bu da həmin bakteriyalarla çox çirklənmiş qidaların təmiz yuyulmayaraq qəbulu ilə əlaqədardır. Patogen və şərti patogen mikroorqanizmlərin törətdityi qida zəhərlənmələrində başqa toksiki xassəyə malik olan bəzi qidaların yeyilməsi də qida zəhərlənməsi törədə bilir və kifayət qədər də ağır keçərək çox zaman ölümlə nəticələnə bilir. Bunlara bəzi göbələk növlərinin, çəyirdəkli meyvələrin ləpəsinin, göbələk xəstəliyinə tutulmuş qidaların yeyilməsi səbəb olur.

Çox zaman qida zəhərlənməsi konservləşdirilmiş məhsullar, köhnəlmiş balıq məhsulları, vaxtından əvvəl kimyəvi üsullarla və həddindən artıq kübrələrdən istifadə edərək yetişdirilmiş tərəvəzlərin yeyilməsi zamanı baş verir. Belə tərəvəzlərə qarpız, ağ lobya və kartofu misal göstərmək olar. Qida zəhərlənmələri yaz və yay aylarında daha çox yayıldığı üçün bu aylarda insanlar xüsusilə diqqətli olmalıdırlar.

www.herba-flora.com

http://fizulihuseynov.com/

18.07.2020 

Həkim-nevroloq AXUNDOVA QƏNDAB

Add Comment

Your email address will not be published. Required fields are marked *