fbpx
Close

Qara kürü.

Qara kürü.

Qara kürü

Olduqca bahalı və az tapılan delikateslərdən biri olan qara kürü daha çox yaz və payız aylarında şimal yarımkürəsinin dənizlərində yaşayan nərəkimilərdən alınır. Qara kürü yığımının əsas sezonu nərə balığı, ağ balıq, uzunburun, cökəbalığı kimi növlər kürü tökmək üçün çaylara üz tutanda başlayır. Avropa və Amerikanın dəniz və okeanlarında yayılsa da qara kürü istehsalının əsas mənbəyi Xəzər və Azov dənizlərində, həmçinin Baykal gölündə yaşayan balıqlardır.

Qrimmə görə kürü balığın çəkisinin 1/9-1/6 hissəsini təşkil edir. Ağbalığın kürüsü iri dənəli olduğundan ən keyfiyyətli hesab olunur və həmişə ayrı istehsal edilir. Digər sortlar isə qarışıq qablaşdırılır. Hər 100 qramında 25 qrama yaxın zülal və 18 qram yağ saxlamasına görə kifayət qədər kalorili məhsul hesab olunur, qara kürünün hər 100 qramı 235 kkal enerji verir.

Faydalı xüsusiyyətləri.

Qara kürü qiymətli zülallar, əvəzolunmaz aminturşuları və asan həzm olunan yağlarla zəngindir. Lesitin, yağda həll olan A, D, E, həmçinin B qrupu vitaminləri, minerallardan isə çox miqdarda kalsium, kalium, natrium, maqnezium, fosfor, eyni zamanda manqan, yod, silisium və ən əsası dəmir və sink onun faydalı xüsusiyyətlərini təmin edir. Öncədən vurğulayaq ki, qara kürü müalicə vasitəsi deyil, lakin profilaktik və ümumi möhkəmləndirici ərzaq məhsulu kimi olduqca faydalıdır.

Tərkibi.

Omeqa-3 və Omeqa-6 doymamış yağ turşuları, həm də yod, fosfor və kalsiumla zəngin olduğundan kürünün qida rasionuna əlavə olunması uşaq yaşlarında sinir sisteminin formalaşmasına, yetkin yaşlarda isə zehni fəaliyyətin və yaddaşın yaxşılaşmasına səbəb olur.

Həmçinin immun sistemi möhkəmləndirir, damar trombozu riskini azaldır, kapilyar qan dövranını yaxşılaşdırır, görmə itiliyini artırır, tərkibində antioksidant təsirli mikroelementlər çox olduğundan bəzi xərçəng növlərinin inkişafının qarşısını alır. Orqanizmdə dəmir çatışmazlığı və anemiya zamanı rasiona qara kürü əlavə etmək tövsiyə olunur.

Cavanlıq mənbəyi.

Bir çox diyetoloq və herontoloqlar qara kürünü cavanlıq mənbəyi hesab edirlər. Müasir dövrdə yaşlanmanın əsas səbəbləri olaraq hüceyrələrin sərbəst radikallarla zədələnməsi, UB şüalanma və orqanizmin susuzlaşması qeyd olunur. Qara kürü proteinlərin hesabına orqanizmi möhkəmləndirir, dərini qidalandırır, regenerasiyasını sürətləndirir, aminturşular dəridə metabolik prosesləri sürətləndirir, minerallar dərinini qidalanmasını yaxşılaşdırır, A, D və E vitaminləri isə dərini stresdən, UB şüalanmadan, radiasiyadan, kəskin iqlim dəyişikliklərindən qoruyur, həmçinin sərbəst radikalları neytrallaşdıraraq dəriyə və ümumilikdə orqanizmə mənfi təsirini azaldır.

Kollagen sintezini sürətləndirən və dərinin yağ balansını normallaşdıran ən yaxşı vasitələrdən biridir. Bu səbəbdən də dərinin elastikliyini artırır, qırışların əmələ gəlməsini ləngidir, dərini nəmləndirir və ona sağlam görkəm verir. Hamilələrin qida rasionunda da qara kürü yüngül həzm olunan zülalların, mineral və vitaminlərin mənbəyi kimi yer almalıdır. Tərkibində olan maqnezium əzələlərdə olan qıcolmaların qarşısını alır, dəmir – hemoqlobin səviyyəsini yüksəldir, fol turşusu isə körpənin sinir sisteminin formalaşmasına müsbət təsir edir. Lakin duzlu qida məhsulu olduğundan hamilələrdə yüksək təzyiq, sidikdə zülal və ödemlər olduqda ondan məhdud istifadə olunmalıdır.

Reseptlər.

Anemiyanın müalicəsi müddətində gündə 2 dəfə 2 xörək qaşığı qara kürü yeməkdən 1 saat əvvəl yeyilir.Dərinin regenerasiyasını yaxşılaşdıran və elastikliyini bərpa edən maska hazırlamaq üçün 1 xörək qaşığı əzvay şirəsinə 1 yumurtanın sarısı və 2 çay qaşığı kürü əlavə olunur. Maska təmizlənmiş dəriyə çəkilir və yarım saat saxlandıqdan sonra ilıq su ilə yuyulur.

İstehsal özəlliyi.

Kürü istehsalı və qablaşdırılması konservantsız mümkün deyil. Belə ki, başqa qida məhsullarının konservləşdirmə prosesində fərqli olaraq kürü sterilizasiyadan keçmir. Kürü dənəcikləri çox zərif olduğundan temperaturun təsirindən dağılaraq sıyıq halını alır. Kürünü saxlamağın yeganə üsulu onun duz və konservanlar əlavə etməklə vakuum üsulu ilə qablaşdırılmasıdır. Bu məqsədlə sorbin turşusu (E 200) və urotropin (E 239) adlı iki konservantın qarışığından istifadə olunur.

Qara kürü niyə bahadır?

Balıq kürüsünün qara və ya qırmızı olmasından asılı olmayaraq tərkibində olan qidalı maddələrin miqdarı və nisbəti təxminən eynidir. Qara kürünün bahalı olması onun daha keyfiyyətli olması ilə deyil, daha nadir əldə olunması ilə izah olunur. Qırmızı kürünün alındığı qızılbalıq növləri daha tez yetkinləşir, şirin sulara keçərək kürü qoyur və tələf olur. Nərəkimilərin yetkinlik yaşına çatması isə 10-15 il vaxt alır, onlar 100 ilə qədər yaşasa da həyatı boyu cəmi bir neçə dəfə küru qoyur. Elə bu səbəbdən də qara kürünün bu qədər baha olması təəccüblü deyil.

Ən böyük kürü alışı.

Tarixdə ən böyük kürü alışı müğənni Corc Benson tərəfindən həyata keçirilib. Özünün 50 illik yubileyi münasibətilə keçiriləcək qonaqlıq üçün 3 ton qara kürü alan müğənni ona 3 milyon dollar pul ödəyib.

Add Comment

Your email address will not be published. Required fields are marked *