fbpx
Close

Naringi

Naringi

Naringi

Orqanizmin qış fəslində mineral və vitaminlərə olan tələbatını ödəyən sitrus meyvələri içərisində naringinin xüsusi yeri var. Meyvə faydalı mineral və vitaminlərlə çox zəngindir.Naringi meyvəsinin tərkibində limon və bir sıra üzvi turşular, şəkərli birləşmələr, A, D, K, B4, C, tiamin, riboflavin, rutin kimi vitaminlər və fitonsidlər, qabığına xüsusi rəng verən sarı və narıncı rəng piqmentləri içərisində A vitaminin provitamini olan karotin və naringi efir yağı var.

Bunlardan başqa naringi kalium, maqnezium, natrium, kalsium, fosfor və dəmir kimi bir sıra faydalı mineral və elementlərlə də zəngindir. Naringi meyvəsi və şirəsi xüsusilə qış aylarında orqanizmi möhkəmləndirir,həzmi yaxşılaşdırır, bir sıra xəstəliklər zamanı mikrob və viruslarla mübarizə aparmaqda orqanizmə yardımçı olur.

Naringi

Fitonsidlərlə zəngin olduğuna görə qrip və kəskin tənəffüs infeksiyaları zamanı güclü antiseptik və antivirus təsir göstərir, xəstəlik nəticəsində yüksələn hərarəti tənzimləyir. Həmçinin sineferin maddəsi sayəsində tənəffüs yollarında olan ödemi və spazmı aradan qaldırır, quru ayrıntını yumşaldaraq bəlğəmin xaric olmasını asanlaşdırır. Fitonsidlər həm də güclü antifunqal təsir göstərir.

Tərkibində yüksək miqdarda molibden ehtiyatı və C vitaminini olduğuna görə naringi meyvələri sərbəst radikalları neytrallaşaraq orqanizmdən xaric olmasını asanlaşdırır, antioksidant təsir göstərir, flüor itkisinin qarşısını alaraq diş emalını möhkəmləndirir, sidik turşusunun orqanizmdən xaric olmasını asanlaşdırır. Təbii C vitamininin immunmodulyator təsiri sayəsində yad amillərə qarşı orqanizmin özünümüdafiə qabiliyyətini artırır.

Naringinin   meyvələrinin  qankəsici  və damarmöhkəmləndirici  təsir  göstərməsi  tərkibindəki  K və  C vitaminləri ilə əlaqədardır. Həmin xüsusiyyətinə görə naringi  şirəsi  və  meyvəsi  qanaxmaya  meyilli  və  damar keçiriciliyinin artdığı bəzi xəstəliklərdə geniş istifadə edilir.

Xalq təbabətində naringinin meyvələri ilə yanaşı onun qabıqlarından da istifadə edilir. Yuxarı tənəffüs yollarının xəstəlikləri zamanı bəlğəmi yumşaldaraq xaric olunmasını yaxşılaşdırır. Həmçinin ishal zamanı naringi qabıqları büzücü təsir göstərərək ishalın qarşısını alır. Onun qızdırmasalıcı, qusma əleyhinə və sakitləşdirici təsirləri də var.

Meyvə və qabıqların tərkibində olan provitamin A sayəsində gözün görmə qabiliyyətini, dəri və selikli qişaların vəziyyətini yaxşılaşdırır. Naringi meyvələri rəngi, ətri və tərkibindəki B qrupu vitaminləri sinir sistemini möhkəmləndirir, əhvali-ruhiyyəni yaxşılaşdırır. Alimlər naringinin tərkibində nitratlar toplanmadığını aşkarlamış və onu meyvənin tərkibində limon turşusunun mövcud olması ilə əsaslandırmışlar.

Diyetologiyada çox istifadə edilən meyvələrdən biridir. Bu, onun tərkibindəki şəkərə baxmayaraq az kalorili olması, bitki liflərinin həzmi və bağırsaqların fəaliyyətini yaxşılaşdırması və mürəkkəb karbohidratlar, xüsusilə pektin sayəsində orqanizmi gündəlik enerji ilə təmin etməsi ilə əlaqədardır.

İstifadəsinə əks-göstəriş olan hallar

Mədə və onikibarmaq bağırsaq xorası, hiperasid qastrit, enterit, kolit kimi bağırsaq xəstəliklərinin kəskinləşməsi, kəskin xolesistit, nefrit və kəskin hepatit kimi bir sıra xəstəkilər, həmçinin sitrus meyvələrə qarşı güclü allergik reaksiyası olanların naringidən istifadə etməsi məsləhət deyil.

Naringi qabıqlarının dəmləməsi

100 qram qurudulmuş naringi qabıqları üzərinə 200 ml qaynar su əlavə edilir, zəif ocaqda 2-3 dəq. qaynadılır. Ocaqdan götürülərək 15-20 dəq. dəmlənir, süzülür. 1 çay qaşığı bal əlavə etməklə ilıq halda içilir. Dəmləmə əsəbləri sakitləşdirir və yuxunu yaxşılaşdırır.

http://fizulihuseynov.com/

https://www.herba-flora.com/