fbpx
Close

Bel yırtığı.

Bel yırtığı.

 

Bel fəqərələri, bel yırtığı.

Bel yırtığı bel fəqərələri arasınddakı disklərin tamlığının pozulması nəticəsində əmələ gəlir.  Onurğa sütunu 7 boyun 12 döş 5 bel 5 oma və təqribən 2-3 büzdüm fəqərəsindən təşkil olmuşdur. Bu fəqərələr bir-biri ilə fəqərəarası disklər vasitəsi ilə birləşirlər. Fəqərələr anatomik olaraq elə düzülmüşdür ki onurğa sütununda fizioloji boyun lordozu bel lordozu və döş kifozu əmələ gətirirlər ki bu da onurğanın şaquli duruşunu və rahat hərəkətini təmin edir.

Fəqərələrarası disklər iki fəqərə cismi arasında yastıq və amartizator funksiyasını yerinə yetirir. Fəqərəarası disklər mərkəzdə yumşaq pulpoz nüvədən və onun ətrafında bir qədər sərt olan fibroz həlqədən təşkil olunmuşdur. Nüvəni əhatə edən fibroz həlqənin tamlığının pozulması və aralanması nəticəsində və hər hansı ağırlığın kəskin hərəkətlərin təsiri nəticəsində yumşaq nüvə asanlıqla əmələ gəlmiş catlaq yerdən bayıra axır. Fəqərəarası disklərdə degenerativ xəstəlik ağır fiziki işlə məşğul olmaq ağırlıq qaldırma və kəskin hərəkətlər bel yırtıqlarının əmələ gəlməsinə zəmin yaradır.

Disk yırtığı.

Fəqərəarası disk yırtığı əvvəlki mərhələlərində qabarma, protruziya, ekstruziya kimi inkişaf edir və ən sonda yırtığa çevrilən sekvestr şəklində formalaşır. Bel yırtıqları cavan yaşlarda əksər hallarda ağırlıq qaldırmadan və hansısa travmadan sonra yaşlı insanlarda isə fəqərə və fəqərəarası disklərdə gedən degenerativ xəstəliklər fonunda inkişaf edir.

Disklər getdikcə susuzlaşır quruyur üzərində çatlar əmələ gəlir və həmin çatlardan axmış nüvə yerləşməsindən asılı olaraq fəqərəarası dəliklərdən çıxan uyğun sinirləri sıxaraq zədələyir. Zədələmə nəticəsində hər iki ayaqda və yaxud da ya sağ ya da sol aşağı ətraflarda ağrılar, budun və baldırın arxa bayır nahiyələrində əzələ gərginliyi ağrılar, aşağı ətraflar keylik gizilti yanğı hissi aşağı ətraf əzələlərində qıcolmalar hərəkət məhdudluğu yerişin pozulması və s. baş verir.

Xəstəliyin ilkin mərhələlərində medikamentoz və idman müalicəsi effekt verir. Medikamentoz müalicədə miorelaksantlardan və qeyri steroid iltihab əleyhinə preparatlardan istifadə olunur. Bəzən də ancaq xüsusi idman hərəkətləri ilə ilkin mərhələni müalicə etmək mümkün olur.

Yırtığın həcmi böyük olarsa və yerləşməindən asılı olaraq sinir kökcüklərini əhəmiyyətli dərəcədə zədələyərsə cərrahi əməliyyat vacib hesab olunur. Çox zaman yırtıqların sinir kökcüklərini zədələməsi nəticəsində aşağı ətrafların parezi inkişaf edir bəzən də bu əlilliklə nəticələnir.

Xəstəliyin vaxtında aşkarlanması və düzgün aparılan müalicə xəstələri belə arzuolunmaz nəticələrdən qoruyar. Bel yırtıqlarının diaqnostikasında həkimin anamnez və müayinəsi ilə yanaşı MRT müayinəsi də daha dəqiq diaqnoz qoyulmasına və yırtıq yerinin dəqiq göstərilməsinə kömək edir.

Vaxtında diaqnostika və müalicə aparılmazsa uzun müddət sinir kökcüyünün sıxılması nəticəsində uyğun aşağı ətraf əzələlərində atrofiya (arıqlama) baş verir ki gecikdirilmə səbəbindən geridönməz prosesə çevrilmiş olur. Hər bir xəstənin vaxtında öz xəstəlikləri haqqında maariflənməsi xəstəliyin ciddi fəsadlarından onun qorunmasına yardım edir. Müəllif

 Tarix: 25.05.2020

Müəllif: Həkim-nevroloq Axundova Qəndab

http://fizulihuseynov.com/