Ən Vitaminli Tərəvəz…

Ən Vitaminli Tərəvəz…

Balqabaq hələ 6 min il əvvəl Cənubi Amerikanın yerli əhalisi olan inklər tərəfindən əkilib-becərilmişdir. Deyilənə görə, onu Antarktida qitəsindən başqa, dünyanın istənilən yerində yetişdirmək mümkündür. Bitki ətraf iqlim amillərinə qarşı dözümlü olub xüsusi qayğı tələb etmir. Ölkəmizdə sentyabr-oktyabr aylarında yetişir

Müasir mətbəxdə balqabaqdan müxtəlif şorbalar, şirniyyatlar, pudinq və cemlər hazırlanır. Əksər xalqların mətbəxində bu tərəvəz mühüm yer tutur. Məsələn, italiyanlar balqabağın güllərini ədviyyatlı ətlə dolduraraq soyuq yemək çeşidi hazırlayırlar, avstriyalılar balqabaq qəhvəsini çox sevirlər, Meksikada onu düyü, istiotla qarışdırıb dadlı yemək hazırlayırlar. Hindistan mətbəxində balqabaqdan halvaların hazırlanması geniş yayılıb. Təəssüf ki, bu nemətin Azərbaycan mətbəxində necə yer tutması haqqında ağızdolusu danışa bilmirik. Ya qızartma kimi yeyilir, ya da ondan bir neçə çeşiddə plov hazırlanır.

Ümumi çəkisinin 75%-ni yeməli hissə təşkil edən balqabağın sağlamlıq üçün çox xeyirləri var. Tərkibi A, C, E, PP, K, B qrupu vitaminləri, mineral və mikroelementlər (dəmir, mis, kalium, ftor, sink, kalsium, maqnezium və s.), fruktoza, pektin ilə zəngindir.

İbn Sina bu bitkini xərçəng xəstəliyinə qarşı ən təsirli vasitələrdən biri kimi tövsiyə etmişdir. Uzun sürən müalicə prosedurları, gərgin fiziki və zehni yorğunluqdan sonra orqanizmin bərpası üçün balqabaq şirəsi ən yaxşı vasitə hesab olunur. Tərkibində olan pektin maddəsi və C vitamini hesabına güclü antioksidant təsir göstərir, orqanizmin ağır metallardan təmizlənməsində mühüm rol oynayır.

Qaraciyərin fəaliyyətini bərpa edir, onu qoruyur, sidikqovucu və tərqovucu, bağırsaq üçün yumşaldıcı təsirə malikdir və susuzluğu aradan qaldırır. Bişmiş balqabaq qızdırma və öskürəyə qarşı effektivdir, onun mürəbbəsi isə beyin fəaliyyətini qüvvətləndirir. Tərkibindəki beta-karotin dəri toxumasının regenerasiyasını sürətləndirir, immun sistemi gücləndirir, görmə qabiliyyətini artırır. Tərkibi az kalorili şəkərdən ibarət olmaqla yanaşı, qanda şəkərin miqdarını aşağı saldığı üçün diabetli xəstələrə məsləhət görülür. Prostat vəzin xəstəliklərinin profilaktikasında balqabaq şirəsi oluqca faydalıdır. Saç və dırnaq strukturunun qorunmasında effektlidir. Möcüzəvi faydaları olan bu içki hamilə qadınların ümumi vəziyyətinə müsbət təsir göstərir, ürəkbulanmanı aradan qaldırır.

Balqabağın tumları da çox faydalıdır. Tərkibindəki sinkin hesabına kişilərdə potensiyanı gücləndirir, spermatogenezə müsbət təsir edir. Bundan əlavə, balqabaq tumları antihelmint (qurdəleyhinə) təsirə malikdir. Bu, xüsusilə uşaqlar üçün vacibdir. Hər gün uşağa 1 ovuc (uşaq ovucu) təmizlənmiş balqabaq tumları vermək olar.

Uşaqlarda raxit xəstəliyi zamanı sümüklərin möhkəmləndirilməsi və qanazlığının aradan qaldırılması üçün balqabaq əvəzolunmaz nemətdir. O, həm çiy, həm də bişmiş halda uşaqlar üçün faydalıdır. Körpələrə 6 aylığından başlayaraq püre şəklində verilə bilər. Qəbizlik və köpü olan uşaqlara balqabaq şirəsi tövsiyə edilir. Şirəni içirtdikdən sonra qısa vaxtda köp və ağrı ardan qalxır. Uşaqlarda yuxu pozğunluğu zamanı balqabaq şirəsi və bal sakitləşdirici effektə malikdir. Əgər uşaq narahatdırsa və yatmırsa bu dadlı içkidən ona içirtməyiniz məsləhətdir.

Balqabaq şirəsini gün ərzində 1 stəkandan artıq içmək məsləhət görülmür.

Kəskin qastrit, mədə və onikibarmaq bağırsaq xorasının kəskinləşmə mərhələsində balqabaq şirəsindən məhdudiyyətlə istifadə olunmalıdır.

Balqabağın müalicəvi məqsədlə istifadə olunan formalarından biri də onun yağıdır. HERBA FLORANIN istehsal etdiyi Fitooil Balqabaq yağı helmintozlar – askaridoz, enterobioz, lyamlioz, prostat vəzin xəstəlikləri, öd yollarının diskineziyası, xolesistit, dəri xəstəlikləri zamanı effektiv vasitələrdəndir. 1 çay qaşığından gündə 3 dəfə, yeməkdən 1 saat əvvəl və ya 2 saat sonra qəbul edilir.

Vəfa ABDULƏZİMOVA