HERBA FLORA







 

Keçən əsrin ən qorxulu bəlası olan leykoz qanyaradıcı sistemin bədxassəli xəstəliyidir. Onkoloji prosses ilk növbədə sümük iliyində yaranır, normal qanyaranmanı pozur və sonradan bütün orqanizmə yayılaraq digər orqan və sistemlərin fəaliyyətini dayandırır. Xəstəliyə vaxtında diaqnoz qoyulmayanda və ya müalicə tədbirləri gecikəndə ölümlə nəticələnir.

 

Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun uşaq şöbəsinin rəhbəri, tibb elmləri doktoru Mireldar BABAYEV leykoz barədə danışarkən deyir:

 

Yaş, irq və cinsindən asılı olmayaraq hər kəs onkogenli doğulur və onkogeni, yəni şiş hüceyrəsi yaradan geni bütün ömrü boyu daşıyır. Normal halda həmin genin fəaliyyəti, daha doğrusu, fəaliyyətsizliyi orqanizm tərəfindən idarə olunur, yəni orqanizm müxtəlif təsir mexanizmlərindən istifadə edərək həmin genin aktivləşməsinin qarşısını alır. Ancaq bir çox amillərin təsiri altında gen aktivləşə bilir və xəstəlik yaranır. Buraya həm daxili, həm də xarici faktorlar aiddir. Xarici faktorlar içərisində ekoloji amili, xüsusilə radiasiyanı qeyd etmək lazımdır. Təsadüfi deyildir ki, radiasiyanın güclü olduğu regionlarda xəstəliyin baş vermə tezliyi xeyli yüksəkdir. Məsələn, Yaponiyadakı “atom bombası” faktoru və ya keçən əsrin 80-ci illərində baş verən Çernobıl faciəsindən sonra həmin ərazidə yaşayanlar arasında leykoz xəstəliyinə tutulanların sayı dəfələrlə artdı. Proses uzun illərdir ki, davam edir. Radiasiya faktorunun gen aparatına göstərdiyi dağıdıcı təsir mutasyon dəyişikliklərin yaranmasına təkan verir və xəstəliyin baş qaldırması ilə nəticələnir.

 

Kimyəvi maddələrin məişətdə geniş tətbiqi, zərərli və zəhərli qazlarla atmosferin çirklənməsi genetik aparatda pozucu amilə çevrilərək xəstəliyin yaranmasına səbəb olur. Leykoz xəstəliyinin yaranmasında virus faktorunun, xüsusilə Epşteyn-Bar virusunun böyük rolu var.

 

– Eyni mühitdə yaşayan, eyni fiziki-kimyəvi amillərə məruz qalanların bir qismində leykoz xəstəliyi yarandığı halda, digər qismində yaranmamasının səbəbi nədir?

 

Burada daxili amillərin rolunu qeyd etmək lazımdır. Genetik və psixoloji amillər xəstəliyin yaranmasında mühüm və həlledici rol oynayır. Əhalinin təbiətən, yəni genetik sağlam hissəsində, xromosom aparatı daha möhkəm olanlarda xəstəliyə tutulma ehtimalı daha azdır və əksinə.

Psixoloji amillər içərisində qorxu və stress faktorları xüsusi qeyd edilməlidir. Onların təsiri altında onkogen üzərində nəzarətin kəskin azalması nəticəsində onun fəaliyyəti aktivləşir və xəstəlik yaranır.

 

– Hansı yaşlarda xəstəliyə daha çox rast gəlinir?

 

Leykoz xəstəliyi yeni doğulmuşdan tutmuş ən ahıl yaşa qədər hər yaşda rast gəlinə bilir. Fərq sadəcə formadadır. Leykoz xəstəliyi altında qanın bir çox onkoloji xəstəlikləri – kəskin, xroniki, limfoblast və mieloblast leykoz cəmlənir. Həmin xəstəliklərin hər birinə müxtəlif yaş qruplarında daha çox rast gəlinir. Məsələn, kəskin limfoblast leykoz həm uşaqlar, həm böyüklər arasında rast gəlindiyi halda, xroniki limfoleykoza uşaqlar arasında ümumiyyətlə rast gəlinmir. Yaxud kəskin limfoblast leykozun uşaqlar arasında rast gəlmə tezliyi 70-80 faiz olduğu halda, mieloblast leykoz cəmi 15-20 faiz təşkil edir. Ona görə də leykozun rast gəlmə tezliyi bütün yaşlar üçün eynidir, fərq yalnız xəstəliyin formasındadır.

 

– Leykoz xəstəliyinə tutulmanı necə bilmək olar?

 

Digər xəstəliklərdən fərqli olaraq leykoz xəstəliyinin gedişi mərhələli olduğuna görə ilkin simptomlar da ona müvafiq olaraq üzə çıxır. Proses sümük iliyi səviyyəsində ikən klinik olaraq anemiya, trombositopeniya, leykopeniya nəticəsində yaranan solğunluq, halsızlıq, zəiflik, iştahasızlıq, hərarət yüksəlməsi, müxtəlif xarakterli qanaxma, qansızma və hematomalar baş verir. Proses digər qanyaradıcı orqanlara yayılanda dalaq, qaraciyər limfa vəzlərinin böyüməsi müşahidə olunur. Digər sistemlər zədələnəndə baş ağrıları, əsəbilik, görmə və eşitmənin pisləşməsi, diplopiya, müxtəlif parezlərlə müşahidə olunan nevroloji simptomlar, ətraf sümüklərdə leykemik infiltrasiyaya ilə əlaqədar olan “revmatik” ağrılar yaranır. Vəziyyət “qan simptomlarını” qabaqlayanda çox vaxt müxtəlif qeyri-hematoloq mütəxəssislər problemi dar çərçivədən qiymətləndirir və nəticədə həmin xəstələr bəzən yanlış olaraq revmatizm, meningit, hepatit, limfadenit, görmə sinirin parezi və s. digər diaqnozlarla müalicə olunurlar. Ona görə də simptomlar hər zaman düzgün araşdırılmalı və hematoloqlarla məsləhətləşmə aparılmalıdır.

Hematoloqun apardığı əsas diaqnostik araşdırma sümük iliyinin müayinəsidir. Burada onkoloji blast hüceyrələrin – xərçəng hüceyrələrinin aşkara çıxarılması düzgün diaqnoz qoymağa imkan verir.

 

– Xəstəlikdən tam sağalma ehtimalı varmı?

 

Ötən əsrin ikinci yarısına qədər leykoz diaqnozu qoyulan xəstə ölümə məhkum sayılırdı. Bu, həm həkimlər, həm də xəstələr arasında aksiom kimi qəbul edilmişdi. Sonralar elmin inkişafı, müayinə metodlarının təkmilləşdirilməsi, xəstəliyin bioloji aspektlərinin öyrənilməsi, müalicəyə proqram anlayışından yanaşma leykozun proqnozunda inqilabi dəyişiklik yaratdı. Yeni müalicə proqramlarının tətbiqi, ixtisaslaşdırılmış tibb müəssisələrinin yaradılması, onkohematoloji kadrların hazırlanması, yeni dərman preparatlarının kombinasiyalı tətbiqi, kimyaterapiyanın ağırlaşmaları ilə daha səmərəli mübarizə üsullarının hazırlanması, xəstələrin sosial və psixoloji problemlərinin öyrənilməsi, reabilitasyon mərkəzlərin yaradılması, xarici hematolji institutlar ilə koorperativ iş qurulması xəstələrin sağalması istiqamətində əsaslı dönüş yaratdı. Artıq keçən əsrin 80-ci illərindən başlayaraq leykozlu xəstələrin sağalması gerçəkliyə çevrildi. İndi leykozdan əziyyət çəkən xəstələrin, əsasən də uşaqların remissiyaya çıxma şansı 100, tam sağalma ehtimalı isə 80-85 faizə bərabərdir.

 

– Ölkəmizdə bu sahədə vəziyyət necədir?

 

Azərbaycanda bu sahədə uğurlu addımlar atılır. Xarici ölkələrin onkohematoloji praktikasını bizim ölkədə tətbiq etməklə müəyyən nailiyyətlər qazanılıb. İlk növbədə uşaq hematoloji şöbəsinin maddi-texniki bazasını yaxşılaşdırmağa, kadr siyasətində müəyyən dəyişikliklərə nail olmağa çalışdıq. Ən böyük uğur – yüksək effektivliyi ilə seçilən Moskva-Berlin proqramının kəskin limfoblast leykozlu uşaqların müalicəsində tətbiq edilməsi oldu. Həmin proqram bizə xəstələrin remissiyaya çıxmasına və son nəticədə tam sağalmasına imkan verdi. Bu gün tam əminliklə onlarla xəstənin kəskin leykozdan sağaldığını və onların ölüm təhlükəsindən sovuşduğunu söyləmək olar. Lakin bununla kifayətlənmək olmaz, leykoz xəstəliyinin tamamən sağaldılması üçün hələ çox işlər görülməlidir.

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem