HERBA FLORA







Yod deyəndə ilk növbədə ağla ilk gələn yara və cızıqların dezinfeksiyası üçün istifadə olunan məhlul olur. Əslində isə yod orqanizmin fəaliyyəti üçün əvəzolunmaz mikroelementlərdən biridir. Onun əsas funksiyası qalxanabənzər vəzin ifraz etdiyi həyati vacib tireoid hormonların – triyodtironin və tiroksinin sintezində iştirak etməsidir.

Orqanizmdə gedən bir çox vacib proseslər məhz onunla əlaqədardır. Enerji mübadiləsi, su-elektrolit mübadiləsi, istilikyaranma, ürək-damar sisteminin fəaliyyəti, bağırsaqların peristaltikası, psixoemosional vəziyyət və əhval-ruhiyyə, bədən çəkisi, uşaqlarda psixi-fiziki inkişaf, dölün ana bətnində düzgün inkişafı yodun orqanizmdə səviyyəsindən asılıdır.

 

12 yaşdan yuxarı uşaqların və yetkinlərin orqanizminə sutkada normal halda 120-150 mkq yod daxil olmalıdır. Hamiləlik və laktasiya dövründə tələbat 175-200 mkq-a qədər artır. Qida ilə qəbul edilən yod asanlıqla bağırsaqlardan sorulur və udulmuş mikroelementin 80 faizi qalxanabənzər vəzdə toplanır.

 

 Səbəblər 

Yod çatışmazlığının səbəbləri arasında qidada yod tərkibli məhsulların olmaması, dənizlərdən uzaq coğrafi ərazilərdə, həmçinin torpaqlarından yod yuyulması baş verən yüksək dağ rayonları və subasan ovalıqlarda məskunlaşma, həmçinin davamlı parenteral qidalanma yer alır.

 

Simptomlar

Yod çatışmazlığı zamanı qalxanabənzər vəzin böyüməsi və zobun yaranması, bununla əlaqədar yuxululuq, iş qabiliyyətinin azalması, yaddaşın zəifləməsi, arterial təzyiqin və ürək döyüntülərinin sayının azalması, kişilərdə cinsi aktivlik, qadınlarda menstrual sikl pozulması əlamətləri, uşaqlarda intellektin yüngül zəifləməsindən ağır kretinizmə qədər müxtəlif dərəcəli zehni geriləmə inkişaf edir.

Dərinin quruması və solğunlaşması, ətraf mühitin hərarətindən asılı olmayaraq daim üşümə, təngnəfəslik, çəki artımı, hamilələrdə tez-tez düşüklər, erkən doğuş, körpələrin inkişaf qüsuru ilə dünyaya gəlməsi hallarına rast gəlinir. Məktəbyaşlı uşaqlarda yod çatışmazlığı zehni fəaliyyətin zəifləməsi və dərslərdən geri qalma ilə özünü göstərir. Biostimulyator və immunostimulyator olduğundan yod əskikliyi immun sistemin zəifləməsinə və tez-tez xəstələnmə hallarına səbəb olur.

 

 Diaqnoz 

Qanda qalxanabənzər vəz hormonlarının səviyyəsinin yoxlanılması, vəzin USM-i, sutkalıq sidikdə yodun təyini kimi müayinələrə və anamnezə əsaslanır.

Ev şəraitində də orqanizmdə yod çatışmazlığının olub-olmamasını təyin etmək mümkündür: qulaq çöpü yoda batırılır və boyun nahiyəsi istisna olmaqla bədənin istənilən yerinə çərçivə çəkilir. Bir sutkadan sonra yod izləri tamamilə itsə, həkimə müraciət etmək tövsiyə olunur.

 

 Müalicə 

Yod çatışmazlığı təsdiq olunanda müalicəvi qidalanma, medikamentoz terapiya və fitoterapiya üsullarından istifadə olunur.

 

 Müalicəvi qidalanma 

Yer kürəsində yodun çox hissəsi okeanlarda cəmləşib. Ona görə də dəniz və okeanlardan əldə olunan məhsullar yodla daha zəngindir, lakin onu başqa qidalardan da əldə etmək mümkündür. Qızılbalıq, kambala, xek, tuna, siyənək kimi balıq növləri, kalmarlar, xərçəng, krevet, dəniz kələmi, dənli bitkilər, yumurta sarısı, meyvələrdən feyxoa, xurma, qoz, süd və mal əti yodla daha çox zəngindir. Qida rasionunda yodlaşdırılmış duz və mineral sulardan da istifadə etmək olar. Nəzərə almaq lazımdır ki, bişirilmə prosesi qidada olan yodun 65 faizini parçalayır və ona görə də çatışmazlığı ödəmək üçün çiy şəkildə duzlanmış balıq məhsulları, qurudulmuş dəniz kələmi, çiy meyvə və tərəvəzlərə üstünlük vermək lazımdır. Yodlaşdırılmış duz qapalı şəkildə saxlanma şərti ilə müalicəvi xüsusiyyətini 4 ay saxlayır. Onu hazır xörəklərə əlavə etmək daha faydalıdır.

Bəzən yod preparatlarının özbaşına qəbulu intoksikasiyaya səbəb olur. Orqanizmdə yod artıqlığının əlamətləri ağız suyu ifrazının artması, selikli qişalarda ödem, dəridə allergik səpgilər və allergik zökəm, ürəkdöyünmə, titrəmə, əsəbilik və yuxusuzluq, tərləmə və ishaldır.

 

Esmira ZEYNALOVA,

həkim-terapevt

 

 

        RESEPTLƏR 

  • Dəniz kələminin tozu gündə bir dəfə axşam yatmazdan qabaq 1 çay qaşığı yeyilir, üzərindən su içilir. Belə müalicə 2-4 həftə aparılır.
  • Ayda 3 dəfə 1 stəkan ilıq suya 2 çay qaşığı alma sirkəsi, 3 damcı yod əlavə edilərək 10 gündən bir içilir.
  • Həftədə 2 dəfə vannadakı suya 3 xörək qaşığı dəniz və ya xörək duzu əlavə edilir, üstünə 5-6 damcı yod tökülərək 5 dəqiqə uzanılır.
  • Təzə badımcan çiy-çiy doğranılaraq yeyilir və ya şirəsi çəkilərək acqarına içilir. Xəstəlik vaxtı badımcan yeməklərinə üstünlük verilməlidir.
  • 400-500 qram başınağacının quru və ya təzə meyvələri 2 litrlik şüşə qaba tökülür, üzərinə 1 kq bal əlavə edilir və ağzı bərk bağlanır. 1 ay qaranlıq yerdə saxladıqdan sonra gündə 3 dəfə yeəkdən 30 dəqiqə əvvəl 1 xörək qaşığı qəbul edilir. Prosedur 3 ay aparılır.
  • Feyxoa meyvələri ətçəkən maşından keçirilir, yarıbayarı şəkər tozu ilə qarışdırılır, hər səhər yeməkdən 40 dəqiqə əvvəl 2-3 xörək qaşığı yeyilir.
  • Sarı rəngli kəhrəba muncuğu boyunda gəzdirmək müsbət nəticə verir.
  • 6 hissə pişikotu kökü, 4 hissə yemişan meyvəsi, 5 hissə mayasarmaşığı qozası, 3 hissə dərman adaçayı, 3 hissə şirin biyan otu qarışdırılır, 2 xörək qaşığı xırdalanmış yığıntının üstünə 1 litr qaynar su əlavə edilərək vam ocağın üstündə ağzı bağlı qabda 10 dəqiqə qaynadılır, süzülmədən termosa boşaldılaraq, bir gecə saxlanır. Gün ərzində yeməkdən 30 dəqiqə əvvəl 100-150 ml qəbul edilir. Dəmləmənin dadını yaxşılaşdırmaq üçün bal əlavə etmək olar. Müalicə kursu 3-4 ay aparılır və prosedurlar arasında 10-14 gün fasilə verilir.

       Qozla müalicə

  • Tam yetişmiş qozun arakəsmələrindən 1 stəkan götürülür, üzərinə 1 litr 40 faizli spirt əlavə olunur. Bir həftə qaranlıq yerdə saxlandıqdan sonra süzülür və gündə 3 dəfə 1 çay qaşığından yeməkdən sonra qəbul olunur. Müalicə 10 gün aparılır, bir həftə fasilə verilir və yenidən təkrar olunur. Cövhər bu şəkildə 3 ay müddətində qəbul olunur.
  • 3 xörək qaşığı mayda dərilmiş qoz yarpaqları və yaşıl qabıqları xırdalanır, 1 stəkan qaynar suda dəmlənir, kətan parka qatlanaraq dəmləmədə isladılır və boyuna kompres şəklində qoyulur, üzəri sellofanla və dəsmalla bağlanır. Belə islatma axşam edilməli və gecə boyunca saxlanmalıdır.
  • 1 kq qoz ləpəsi ətçəkən maşından keçirilir və xırda-xırda doğranaraq yarım kiloqram balla qarışdırılır, ağzı bağlı halda şüşə bankada 20 gün işıqlı yerdə saxlanır. Gündə 3 dəfə yeməkdən 30 dəqiqə qabaq 1 xörək qaşığı qəbul edilir.
  • Kal qoz may ayının ortalarında yığılıb əzilir, 1:1 nisbətində balla qarışdırılaraq, şüşə bankada ağzı bağlı halda 1 ay qaranlıq yerdə saxlanır. 40 gün müddətində gündə 3 dəfə 1 çay qaşığı qəbul edilir.

 

 

Hikmət FƏRƏCLİ,

təbabətçi

 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem