HERBA FLORA







Gündəlik rasionumuzda adi çaydan istifadə edir və onu daha üstün tuturuq. Necə deyərlər, armudu istəkanda çay, ürəyimiz yananda çay...

Çay xammal, yəni yaşıl çay şəklində istifadə olunanda çox faydalı dərman bitkisidir, gündəlik istifadə edilən qara çay isə çay yarpaqları yığılandan sonra fermentləşdirilmə yolu ilə alınır. Fermentləşmə prosesi əslində çox sadə üsulla aparılır. Yaşıl yarpaqlar ot tayası kimi üst-üstə yığılır, təqribən 29 dərəcəyədək isidilmiş, nəm, lakin yaxşı havalanan otaqlarda bir neçə həftə saxlanılır, nəticədə yarpaqların rəngi qaralır.

Yaşıl çayın alınmasında isə qurutma daha qısa müddətdə aparılır və çay yarpaqları özünün təbii yaşıl rəngini saxlayır. Eyni xammaldan alınmasına baxmayaraq adi qara çayla yaşıl çay arasında çox böyük fərq var: yaşıl çay vitamin və mineral tərkibinə görə qara çaydan üstündür. Yalnız kofeinin miqdarının qara çayın tərkibində yaşıl çaydan on dəfə çoxluğu qara çayın zərərinin bir o qədər yüksək olması deməkdir.

 

Tərkibində olan kofein hesabına qara çay orqanizmə gümrahlaşdırıcı və tonuslandırıcı təsir göstərsə də, onun gündə 1-2 stəkandan artıq içilməməsi məsləhətdir. Qara çay orqanizmin mühitini turşlaşdırır, bununla da müalicəyə çətin tabe olan xəstəliklərin yaranmasına şərait yaradır. Qara çay həm də xörəklərin tərkibindəki vitamin və mineralların, xüsusilə də dəmir və kalsiumun sorulmasının qarşısını alır. Elə buna görə də tünd çay içənlər arasında anemiya və osteoporoz kimi xəstəliklərin rast gəlmə faizi yüksək olur.

Çay içəndən sonra əhval-ruhiyyənin yüksəlməsi, zehni qabiliyyətin müvəqqəti yaxşılaşması onun tərkibindəki  kofeinlə əlaqədardır. Lakin kofein alışqanlıq törədən maddə olduğundan çay və qəhvə kimi içkilərin qəbuluna ara vermək bir qədər çətin olur.

 

Sağlamlığının qayğısına təkcə xəstələnəndə yox, həmişə qalmaq lazımdır. Gündəlik adi qara çay əvəzinə bitki çaylarından istifadə olunması və hər həftə həmin tərkiblərin dəyişdirilməsi tövsiyə olunur.

 

        Reseptlər

  • 2 çay qaşığı xırdalanmış və ya 1 çay qaşığı toz zəncəfil, 15 ədəd hil, 2 ədəd mixək və 3 stəkan qaynar suda dəmlənib, 1 çay qaşığı bal əlavə edilərək hər gün adi çay əvəzinə içilməsi orqanların qan dövranını və maddələr mübadiləsini yaxşılaşdırır. 

 

  • Hərəsindən 1 çay qaşığı məkkəgülü, ballınanə, çökə çiçəyi və kəklikotu üzərinə 3 stəkan qaynar su əlavə edilərək termosda dəmlənib, gün ərzində isti halda adi çay əvəzinə içilməsi qan durulaşdırıcı və yuxunu dərinləşdirici təsir göstərir.

 

  • Hərəsindən 1 çay qaşığı nanə, dazıotu, çobanyastığı və lavanda qarışığının çayı əsəbləri sakitləşdirir və əhvalı yaxşılaşdırır.

 

  • Hərəsindən 1 çay qaşığı damotu, yemişan meyvəsi, pişikotu, ballınanədən hazırlanan çay ürək əzələsinin yığılma gücünü artırır, ürəkdöyünmə və təngnəfəslik zamanı içilir.

 

  • Bərabər miqdarda götürülən öksəotu, sofora, cökə çiçəkləri və damotudan hazırlanan çay damar mənfəzini xolesterol çöküntüsündən təmizləyir, damar divarlarını möhkəmləndirir. Ürək və beyin damarlarının aterosklerozu və aşağı ətraf venalarının varikoz genişlənməsi zamanı istifadə olunur.

 

  • Zeytun yarpağı, məkkəgülü, öksəotu və sofora qönçələrinin hərəsindən 1 çay qaşığı dəmlənib içilməsi arterial təzyiqin yüksəlməsinin qarşısını alır.

 

  • Hərəsindən 1 çay qaşığı xırdalanmış alaqanqal toxumları, solmazçiçəyi, udi-hindi və zəncirotu qarışığı termosda 3 stəkan qaynar suda dəmlənib içilir. Qaraciyər, öd kisəsi və öd yolları, mədəaltı vəz xəstəlikləri zamanı və öd kisəsində daş olanda tövsiyə edilir.

 

  • 2 çay qaşığı cökə, 1 çay qaşığı zəncəfil, 1 çay qaşığı kəklikotu və yarım çay qaşığı məkkəgülü 3 stəkan qaynar suda dəmlənərək soyuqdəymələr zamanı tərlədici vasitə kimi içilir. Qrip və soyuqdəymələr zamanı dəmləmə gün ərzində 7-8 stəkana qədər qəbul edilə bilər.

 

  • Biyan kökü, andız kökü, gülxətmi çiçəkləri, kəklikotu, dəvədabanı yarpağı və bağayarpağının hərəsindən 1 çay qaşığı termosda 4 stəkan qaynar suda dəmlənir, bəlğəmgətirici və öskürək əleyhinə vasitə kimi içilir.

 

  • İtburnu, yemişan, biyan, gicitkən və jenşen bitkilərinin hər birindən 1 çay qaşığı 4 stəkan suda dəmləndikdə alınan bitki çayı vitamin və minerallarla zəngindir, orqanizmin müqavimətini yüksəldir.

       Xəstəlik olmayanda da həmin dəmləmələrin içilməsi profilaktik xarakter daşıyır.

 

                          Fizuli HÜSEYNOV

                          həkim-fitoterapevt

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem