HERBA FLORA







 

Meteorizm qarın köpməsi, gəyirmə və bağırsaq sancıları ilə müşayiət olunan həzm traktında qazların toplanması halıdır. Bağırsaqlarında normal halda 200-dən 900 ml-ə qədər bağırsaq qazları toplanır və onların 100-500 ml-ə qədəri sutka ərzində xaric olur. Qazlar daha çox mədənin fundal hissəsində, çənbər bağırsağın sağ və sol əyriliklərində toplanmağa meyl edir.

Qazların bağırsaqlarda 1000 ml-dən çox toplanması artıq patoloji hal hesab olunur və meteorizm adlanır. Bəzi hallarda həzm traktında hətta 3 litrə qədər qaz yığılması mümkündür. Lakin meteorizm ayrıca bir nozoloji vahid olmayıb, həzm sistemi orqanlarının müxtəlif patologiyaları zamanı müəyyən edilən simptomdur.

Əlamətləri

Ev şəraitində aşkar oluna bilən əlamətlərə qarında ağırlıq hissinin, orta dərəcədə ağrıların, bəzən qazların xaric olması ilə sakitləşən tutmaşəkilli sancılar aid edilir. Bunlarla yanaşı meteorizmi yaradan əsas xəstəliyin əlamətləri də aşkar olunur. Həmin əlamətlərə ürəkbulanma, gəyirmə, qəbizlik və ya ishal, iştahanın zəifləməsi, əsəbi gərginlik, bəzən də ürək nahiyəsində yandırıcı ağrılar, aritmiya, yuxusuzluq, baş ağrıları və təngnəfəslik aid edilir.

 

Səbəblər

Meteorizmin daha çox rast gəlinən səbəbi paxlalılar kələm kimi nişasta və ya sellüloza ilə zəngin qidaların yeyilməsi nəticəsində bağırsaqlarda qıcqırma proseslərinin artmasıdır. Laktozaya qarşı dözülməzlik halında südün içilməsi, mədəaltı vəz öd kisəsi xəstəlikləri ilə əlaqədar öd və həzm fermentlərinin kifayət qədər ifraz olunmaması da həzmin pozulmasına və köpün əmələ gəlməsinə səbəb olur. Bağırsaqların normal mikroflorasının pozulması, atoniyainfeksion xəstəliklərlə əlaqədar bağırsaq peristaltikasının zəifləməsi də qazların normadan artıq toplanması ilə nəticələnir.

 

Bağırsaqlarda qazların normal miqdarda əmələ gəlməsinə baxmayaraq köpün yaranması halı atoniyadan başqa bağırsaq ilgəklərinin şişlə tutulması zamanı baş verir. Nadir hallarda psixogen amillərin təsiri, məsələn, isteriya zamanı olduğu kimi meteorizmin əmələ gəlməsinə səbəb olur.

 

Diaqnoz

Meteorizmin səbəbini aşkar etmək üçün ilk növbədə anamnez zamanı xəstənin şikayətlərinin xarakteri, müddəti və ağırlıq dərəcəsi müəyyən edilir. Bundan sonra xəstənin qida rasionuna baxılır, həzm vəzlərinin fermentativ çatışmazlığına şübhə yarandığı hallarda qarın boşluğu orqanlarının USM-i, sidikdə diastaza nəcisin müayinəsi aparılır. Differensial diaqnostika aparıldıqda 50 yaşdan yuxarı xəstələrdə bağırsaq xərçəngi mütləq inkar edilməlidir.

 

Meteorizm daha çox kəskin bağırsaq infeksiyaları, disbakterioz zamanı, xolesistektomiyadan sonra, helmintozlar, bağırsaq keçməməzliyi, kolit, enterokolit, pankreatit kimi xəstəliklər, həmçinin nevroz və peritonit zamanı aparıcı simptomlardan biri olur.

 

Meteorizmdən əziyyət çəkən xəstəyə ilkin yardım bağırsaqlarda yığılmış qazların xaric olmasına şərait yaratmaqdır, bunun üçün qazçıxarıcı borular və təmizləyici imalələr tətbiq olunur. Patoloji simptomun yaranma səbəbindən asılı olaraq yağlı, çətin həzm olunan qidalar, xüsusilə də paxlalıların qəbulunu məhdudlaşdıran pəhriz təyin edilir, laktozaya qarşı dözülməzlik halında süd xəstənin rasionundan çıxarılır, həzmi yaxşılaşdırmaq üçün ferment preparatları verilir. Bağırsaqlarda hər hansı mexaniki maneə aşkar olunanda cərrahi yolla aradan qaldırılır.

 

RESEPTLƏR

Zəncəfil

Yeməkdən yarım saat sonra qəbul edilən 1/4 çay qaşığı zəncəfil tozu və ya 2 kiçik dilim təzə zəncəfil kökü həzmi yaxşılaşdırır və köpün qarşısını alır.

 

Nanəli qarışıq

2 hissə istiotlu nanə yarpaqları, hərəsindən 1 hissə razyana toxumları və pişikotu kökləri ilə qarışdırılır, qarışıqdan 2 çay qaşığı 1 stəkan qaynar suda dəmlənir, süzüləndən sonra gündə iki dəfə yarım stəkan qəbul edilir.

 

Zəncirotu və ya cəfəri

2 xörək qaşığı qurudulmuş zəncirotu kökləri və ya cəfəri 2 stəkan ilıq suda axşamdan səhərə qədər dəmlənir və gün ərzində 4-5 dəfəyə içilir.

 

Meteonat

Gündə 3 dəfə hər yeməkdən yarım saat əvvəl 1 xörək qaşığı Meteonat şərbəti qəbul olunur.

 

Kök toxumları

Kök toxumları üyüdülür və gündə 3 dəfə hər yeməkdən əvvəl yarım çay qaşığı  az miqdarda su ilə qəbul edilir. Yaxud 1 xörək qaşığı kök toxumu termosda 1 stəkan qaynar suda bir gecə dəmlənir, süzüləndən sonra gün ərzində içilir.

 

Sarımsaq tozu və ya Nat-Sarımsaq

Xırda doğranıb qurudulmuş sarımsaq üyüdülür, gündə 2 dəfə yeməkdən sonra çay qaşığının ucunda qəbul edilir və ya 1 ədəd Nat-Sarımsaq kapsulu gündə 1-2 dəfə yeməkarası qəbul olunur.

 

Cökə kömürü

Cökə ağacının nazik budaqları alüminium folqaya bükülür, 1 saat isti sobada saxlanır. Budaqların ovulması tam hazır olduğunu göstərir. Ovulub xırdalanmış kömür hər yeməkdən 15 dəqiqə əvvəl 1 çay qaşığı qəbul olunur. Qara qovaq kömüründən də istifadə etmək olar.

 

Çay kombini

2 filtr-bağlama Teaxolin çayı və 1 filtr-bağlama Şüyüd çayı eyni stəkanda qaynar suda dəmlənir, alınan dəmləmə yeməkdən yarım saat əvvəl içilir.

 

Adi zirə və ya cirə

1 xörək qaşığı adi zirə və ya cirə toxumları termosda 1 stəkan qaynar suda dəmlənir və yeməkdən yarım saat əvvəl gündə 3-4 dəfə 1/4 stəkan qəbul edilir.

 

Çobanyastığı çayı

2 filtr-bağlama Çobanyastığı çayı 1 stəkan suda dəmlənir, süzülən dəmləmə gün ərzində 2-3 dəfəyə içilir.

 

Soyuq dəmləmə

1 çay qaşığı kəcəvər kökləri üzərinə 1 stəkan soyuq su əlavə olunur, 12 saat saxlanır, bir qədər isidiləndən sonra süzülür və gün ərzində bir neçə dəfəyə içilir.

 

Esmira ZEYNALOVA

həkim-terapevt

 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem