HERBA FLORA







 

Qış və yaz aylarında hava şəraitinin qeyri-sabit keçməsi bir çox xəstəlik və halların kəskinləşməsinə səbəb olur. Onlardan biri də gözün sulanmasıdır.

 

Yol gedərkən sanki ağlayan təəssuratı bağışlayanlar gözlərin sulanmasını bəzən soyuq hava və qış fəsli ilə əlaqələndirir, bəzən də onu qrip əlaməti kimi qəbul edirlər. Əslində isə göz sulanmasının səbəbi fəsil dəyişkənliyi və ya soyuq hava deyil...

 

Göz yaşı orqanizmin vacib mayelərindən biridir və gözlərin sağlamlığında müstəsna əhəmiyyət daşıyır. Gün ərzində normada 1 ml-ə qədər göz yaşı ifraz olunsa da, müxtəlif emosional vəziyyətlərdə və üçlü sinirin qıcıqlanması zamanı arta, atropin kimi bir sıra dərman vasitələrinin tətbiqi zamanı azala bilər.

 

Göz yuvasının yuxarı-bayır tərəfində yerləşən gözyaşı vəzi tərəfindən istehsal olunan həmin maye demək olar ki, bütünlüklə sudan ibarətdir. Zəif qələvi reaksiyalı olması və mineral tərkibi onu qan plazmasına yaxın edir. Lakin qandan fərqli olaraq göz yaşının tərkibində xlorkalium daha çox, üzvi maddələr isə daha azdır.

 

Göz yaşının bakterisid təsiri tərkibindəki lizosim fermenti ilə əlaqədardır. Göz yaşı buynuz qışanın qidalanmasında əsas rol oynayır, gözü yad cisimlərdən təmizləyərək qoruyucu funksiya yerinə yetirir. Lizosim maddəsi isə konyuktivaya düşən xəstəliktörədən mikroorqanizmləri məhv edir. Göz yaşı aşağı göz qapaqlarının daxili küncündə yerləşən kiçik dəlik vasitəsilə nazolakrimal kanala, oradan da burun boşluğuna tökülür.

 

Göz yaşı əmələgəlmə səbəbinə görə üç formada olur:

Birinci tip – bazal və ya fizioloji göz yaşları, daim az miqdarda ifraz olunur, buynuz qişanı nəm saxlayır, gözləri toz və infeksiyadan qoruyur.

İkinci tip – reflektor göz yaşları güclü işıq, yad cisim, soğan, qıtıqotu (xren) kimi bəzi tərəvəzlərin təsirindən əmələ gəlir, qıcıq mənbəyi aradan qalxan kimi tədricən quruyur.

Üçüncü tip – emosional göz yaşı sevinc və ya kədər hissi ilə əlaqədar olaraq ifraz edilir.

 

Göz yaşının axmasının səbəbi emosional hallar və yaxud gözə yad cismin düşməsi deyilsə, həmçinin gözdən yaş axması narahatlıq törədirsə, bu, ya göz yaşının artıq əmələ gəlməsi, ya da onun axıb burun boşluğuna tökülməsini təmin edən kanalın tutulması ilə əlaqədardır.

 

Göz yaşı kanalının tutulmasının səbəbi iltihabi və ya mexanikidir. Gözə çirkli əllər və əl dəsmalı, qışda isə çirkli əlcəklərdən infeksiya düşməsi gözyaşı kanalının iltihablaşması və tutulmasına səbəb olur. Mexaniki tutulma isə anadangəlmə olaraq kanalın embrional pərdə ilə qapalı olması, nazolakrimal kanalın xarici dəliyinin anatomik düzgün yerləşməməsi, aşağı göz qapaqlarının xəstəlik nəticəsində bayıra doğru çevrilməsi, nadir hallarda isə kanalda əmələ gələn kiçik daşlar və ya şiş xəstəliyi nəticəsində baş verir.

Göz sulanması xüsusən soyuq və küləkli havada bayıra çıxan zaman özünü daha çox büruzə verir, bir çox hallarda “qripə tutulma” təəssuratı yaradır. Narahatlıqlardan biri də görmənin pozulmasıdır. Gözlərin daim yaş olması ətrafda olan əşyaları lupa ilə böyüdülmüş kimi göstərir, gündəlik işləri görməkdə çətinlik törədir.

 

Gözdən yaşaxmanın daha bir səbəbi yeni texnologiyaların həyatımıza daxil olması ilə əlaqədardır. Televizor, kompüter və mobil telefondan sürəkli istifadə edənlər gözlərini normadan az qırpır, bu da gözdə quruluğa və ilkin mərhələdə kompensator olaraq sulanmaya səbəb olur. Bunun qarşısını almaq üçün kompüter arxasında uzunmüddətli iş və ya televizora baxarkən ekranın işıqlanmasını minimuma endirmək, gözləri tez-tez qırpmaq, iş qurtarandan sonra gözləri yumub onlara bir neçə dəqiqə istirahət vermək, təbii göz yaşı damcılarından istifadə etmək lazımdır.

 

Göz sulanması zamanı ilk növbədə həkimə müraciət edilməli, göz yaşı kanalının vəziyyəti yoxlanılmalı, qlaukoma kimi ağır göz xəstəlikləri istisna olunmalıdır. Göz yaşı kanalının iltihabı zamanı antibiotik müalicəsi, gözlərin antiseptik məhlullarla, xüsusən də Teasept çayı ilə silinməsi, mexaniki tutulma və ya daralma zamanı isə kanalın zond vasitəsilə genişləndirilməsi və yuyulması aparılır. Konservativ üsullarla müalicə nəticə verməyəndə gözyaşı kanalına xüsusi boru taxılaraq stentləmə əməliyyatı aparılır.

 

Məhluqə HƏBİBİ,

Bakı şəhəri, 39 saylı poliklinikanın həkim-oftalmoloqu

 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem