HERBA FLORA







 

Hələ eradan əvvəl III əsrdə qədim insanların yerkökünü əkib-becərməsinə dair məlumatlar var. Antik tibbin atası hesab olunan Hippokratın və Şərqin məşhur təbibi İbn Sinanın əlyazmalarında da bitki haqqında məlumatlara rast gəlmək mümkündür. Qədim zamanlarda istifadə edilən yerkökü sarı, ağ və bənövşəyi rəngdə olub. Ondan daha çox ətirli yarpaqları və toxumlarına görə istifadə edilib. Sonralar Hollandiyada mədəni sortlarının seleksiyası zamanı əldə edilən narıncı rəngli yerkökü daha şirin və yeməli olduğundan geniş şəkildə  becərilməyə başlanılıb. 1991-ci ildə Avropa Şurasında yerkökü meyvə kimi qəbul edilib.

Zəngin tərkibi və müalicəvi xüsusiyyətlərinə görə orqanizm üçün olduqca faydalıdır. Tərkibində B, PP, C, E, K, D vitaminləri, orqanizmdə A vitamininə çevrilən karotin maddəsi, zülal və karbohidratlar var. Bundan başqa yerkökü orqanizm üçün vacib olan kalium, dəmir, fosfor, maqnezium, kobalt, yod, sink, xrom kimi mineral və mikroelementlərlə də zəngindir. Yarpaq, toxum və kökmeyvələrinin tərkibindəki efir yağları ona özünəməxsus ətir, beta-karotin maddəsi kökmeyvələrə narıncı rəngi verir. Tərkibində karotin maddəsi çox olan köklər tünd və parlaq olur.

Yerkökünün tərkibindəki karotin maddəsi orqanizmdə A vitamininə çevrilərək boy inkişafını sürətləndirir, gözün torlu qişasının qidalanmasını yaxşılaşdıraraq normal görməni təmin edir. Çiy halda yeyilən zaman beta-karotinin ancaq 3 faizi orqanizmə sorulur. Yağ əlavə olunmaqla termiki işlənmə nəticəsində həmin maddələr orqanizmdə daha yaxşı mənimsənilir. Boy və iştahaartırıcı təsirlərinə görə yerkökü uşaqların qidalanmasında geniş istifadə edilir.

Tərkibindəki 12 faiz şəkər olduğuna görə yerkökü kökmeyvələri şirin dada malikdir, buna baxmayaraq şəkərli diabet zamanı da istifadə olunur. Lakin onun şirəsini içməkdən tərəvəzi çiy halda yemək daha faydalıdır, çünki çiy halda bitki lifləri şəkərin sorulmasını zəiflədir. Bitki lifləri bağırsaqların hərəki funksiyasını artıraraq qəbizliyin qarşısını alır.

A vitamini dərinin qidalanmasını yaxşılaşdırır, hüceyrələrin qocalmasının qarşısını alır və həmin xüsusiyyətlərinə görə yerkökü şirəsi və yağı  kosmetoloqların da üz tutduğu vasitələrdəndir. Yerkökü yağı yaxşı UB filtr rolu oynayaraq dərini günəşin zərərli təsirlərindən qoruyur. Bitkinin şirəsi və  ondan hazırlanan xörəklər hipo- və avitaminozların, qaraciyər, ürək-damar, böyrək, həzm sistemi xəstəlikləri, qanazlığı və poliartritlərin müalicə və profilaktikasında geniş istifadə edilir.

Yerkökünün tərkibində olan fitonsidlər orqanizmdə güclü mikrob və iltihabəleyhinə təsir göstərdiyindən bir sıra iltihabi xəstəliklərin müalicə və profilaktikasında tətbiq edilir. Beta-karotin və folkarion maddələri sərbəst radikalları neytrallaşdıraraq orqanizmdən xaric etməkdə güclü antioksidant təsir göstərir. Tərkibində aşkarlanan alfa-karotin maddəsi siqaret çəkənlərdə ağciyər xərçənginin yaranma riskini azaldır.

Yerkökü qanda zərərli xolesterin olan LDL-in səviyyəsini azaldaraq ateroskleroz riskini aşağı salır, həmçinin tərkibindəki kalium ürək-damar xəstəlikləri və hipertoniyanın profilaktikasına müsbət təsir göstərir. Ödqovucu təsiri sayəsində həzmi yaxşılaşdırır, yağların parçalanmasını sürətləndirir. Uzun müddət istifadə edəndə depolanmış piy toxumalarının parçalanmasını sürətləndirərək arıqladıcı effekt verir.

Tərkibindəki minerallar və vitaminlər sayəsində yerkökü şirəsi süd verən analarda südün gündəlik miqdarını artırır, onun keyfiyyətini yaxşılaşdırır.

Xora xəstəliyinin müalicəsində istifadə edilən yerkökü şirəsi mədə turşuluğunu azaldır və güclü regenerasiyaedici və yarasağaldıcı təsir göstərir. Həmçinin yerkökünün tərkibindəki E vitamini kişi cinsi hüceyrələrinin aktivliyini və cinsi həvəsi artırır.

Həddən artıq istifadə ediləndə yağda həll olan karotin maddəsi piy qatında toplanaraq dərinin rəngini saralda bilər. Qaraciyər xəstəliklərindən fərqli olaraq bu zaman gözün ağlı qişası saralmır və qanda bilirubinin miqdarı normal olur. Belə halda yerkökündən istifadəni azaltmaq və bir müddət dayandırmaq lazımdır.

Yerkökü bişirildikdən bir ay sonra da tərkibindəki faydalı maddələr itmir.

 

       Reseptlər

  • 100 ml yerkökü şirəsinə 1 xörək qaşığı bal əlavə edilir, alınan qarışıq 1:1 nisbətində qaynadılmış suyla durulaşdırılaraq tonzillit zamanı qarqara edilir.
  • 1 xörək qaşığı yerkökü toxumları əzilərək toz halına salınır, böyrək daşı xəstəliyində yeməkdən 30 dəqiqə əvvəl 1 qram daxilə qəbul edilir.
  • 1 xörək qaşığı yerkökü toxumları üzərinə 1 stəkan qaynar su əlavə edilir, üzəri dəsmalla örtülərək 12 saat dəmlənir və süzülür. Gündə 5-6 dəfə isti halda 1/2 stəkan qəbul edilir.
  • 1 ədəd yerkökü sürtgəcdən keçirilərək əzilir, üzərinə çaytikanı yağı əlavə edilərək qarışdırılır. Bir çox dəri xəstəliklərində yerli olaraq istifadə edilir.
  • Hər gün səhər və axşam yeməyindən 2 saat sonra yerkökü suyu içmək zehni fəaliyyəti yaxşılaşdırır və unutqanlığın qarşısını alır.
скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem