HERBA FLORA







 

Qorxu hissi hamıda var. Bu, özünüqoruma instinktinin mexanizmlərindən biri olaraq təbiətən verilmiş xüsusiyyətdir. Normal qorxu təhlükə haqda xəbərdar edir və ondan qoruyur. Özünüqoruma instinkti ilə əlaqədar olmayan qorxular isə çox vaxt uydurma xarakteri daşıyır və patoloji hesab edilir. Qeyri-adekvat reaksiyaya səbəb olan patoloji qorxular fobiya adlanır.

Psixiatriyada fobiyalar təfəkkürün pozulması ilə xarakterizə olunan sayrışan hallara aid edilir. Digər sayrışan hallar kimi fobiyalar da iradədən asılı olmayaraq yaranır və qorxu sahibi vəziyyətə tənqidi yanaşsa da, ondan təkbaşına xilas ola bilmir. Deməli, fobiya – aydın fabulalı, müalicəyə tabe olmayan gedişli sayrışan qorxudur və bu zaman xəstənin özünütənqid hissi saxlanılır. Huşun özündə olması və sayıqlamaların baş verməməsi fobiyanı şizofreniya, maniakal-depressiv sindrom kimi ciddi psixi pozulmalardan fərqləndirir.

Müasir psixiatrik araşdırmalar fobiyaların 300-dən çox növünü qeydə almışdır və bunlar bir neçə formada təsnif olunur. Qorxu fabulasının xarakterinə əsasən fobiyaların 8 növü ayırd edilir.

Birinci qrupa müxtəlif xarakterli fəza qorxuları aid edilir. Onlardan ən məşhuru klaustrofobiya - qapalı məkanlardan qorxmadır. Bunun əksinə olaraq açıq sahələrdən qorxma isə aqorafobiya adlanır. Klaustrofobiya adətən uçqundan xilas olmuş şaxtaçılarda və ya qəza keçirmiş sualtı gəmilərin heyət üzvlərində, həmçinin eyni təhlükəli situasiya ilə üz-üzə qalmış sadə adamlarda da təsadüf edilir.

İkinci və olduqca geniş yayılmış qrupda sosiofobiyalar cəmləşir. Məsələn, auditoriya və ya tamaşaçı kütləsi qarşısında çıxış etmək, diqqət mərkəzində olmaq, cəmiyyət içində hər hansı bir hərəkəti etmək, hətta sevdiyini itirmək qorxusu da sosiofobiyalara aid edilir.

Hər hansı bir xəstəliyə yoluxmaqdan qorxu hissi nozofobiyalarda toplanır, epidemiyalar zamanı daha çox kəskinləşir.

Dördüncü qrupa tanatofobiya, yəni sayrışma dərəcəsində ölümdən qorxu aid edilir.

Beşinci qrupda müxtəlif seksual qorxular toplanır ki, bunlardan ən çox vaginizmdən əziyyət çəkən qadınlarda cinsi əlaqədən qorxmaya - koitofobiyaya rast gəlinir.

Növbəti qrupda özünə və ya yaxınlarına zərər vermək qorxuları yer tutur.

Yeddinci qrup kontrast fobiyalardır. Məsələn, olduqca kübar düşüncəli birinin cəmiyyət içində nalayiq hərəkət etməkdən qorxusu kontrast fobiyadır.

Nəhayət səkkizinci qrupa qorxu hissinin özündən qorxmaq fobofobiya aid edilir.

Fobiyaların yaranma mexanizmləri tam araşdırılmasa da, qorxulara meyilli olanların kateqoriyası müəyyənləşdirilib. Bu sahədə genetik faktor xüsusi yer tutur. Fobik pozulmalar valideynləri xasiyyətcə narahat və həyəcanlı olan ailələrin uşaqlarında baş verir və onlar tərbiyə prosesində uşağa öz qorxu və həyəcanlarını ötürmüş olurlar. Təxminən 80 faiz hallarda fobiyalar ailə üzvlərinin təsiri ilə yaranır və davam edir.

Zəngin təxəyyülə malik emosional cəhətdən həssas olanlar fobiyalara daha çox meyillidir. Müəyyən edilib ki, panik qorxular çox vaxt konkret hadisə ilə provokasiya olunur və həyatında bircə dəfə panik hücüm yaşayanlar oxşar situasiyaların baş verməsini hər vəchlə əngəlləməyə çalışır. Neqativ xatirə və obrazların bu cür yetişməsi xəstəliyin inkişafına səbəb olur. Zamanla qorxunun xarakteri dəyişir, səbəb olan obyekt və ya hadisədən çox xəstənin həmin situasiyada keçirdiyi əzablı hiss və həyəcanlar onu daha çox qorxudur.

Maraqlıdır ki, fobiyalar yaşlılarda nadir hallarda aşkarlanır, ehtimal ki, yaşlandıqca həyata baxışın sadələşməsi qorxuların da aradan qalxması ilə nəticələnir. Uşaqlıq və ya yeniyetməlik illərində başlayan panik qorxular müalicə olunmadıqda 45-50 yaşlarına qədər sürür, qadınlarda hormonal fonun dəyişkənliyi onları fobiyalara meyilli edir.

Fobiyaların əsas əlaməti xəstənin qorxu törədən və panik hücuma səbəb olan situasiyadan sayrışma dərəcəsində qaçmasıdır. Panik tutmanın bir sıra əlamətləri ayırd edilir:

 

  • Xəstə boğazda spazm hiss edir və boğulur;
  • Ürək döyüntülərinin sayı artır;
  • Bədəndə zəiflik, beyində tormozlanma hiss edir və stupor halına düşür;
  • Az qala bayılacaq dərəcəyə gəlir;
  • Soyuq tər basır, bədəni titrəyir;
  • Dəhşət hissi bürüyür;
  • Ürəyi bulanır, bəzən hətta qusur;
  • Bədəninə nəzarət edə bilmir;
  • Xəstəyə elə gəlir ki, dəli olacaq.

 

Əlamətlərdən  dördünün aşkar olunması fobiya diaqnozunu qoymağa kifayət edir.

Fobik vəziyyətdə xəstənin təxəyyülündə canlanan təhlükə nə qədər çox artırsa, yaranan qorxu hissi də bir o qədər nəzarətdən çıxır. Xoşagəlməz hisslərə çox konsentrasiya olunması onu sakitləşdirə biləcək şeylərə qarşı reaksiyasının itməsinə səbəb olur. Panik vəziyyət xəstəni qorxunu xatırlada bilən bütün stimullardan – söz, xatirə və obrazlardan qaçmağa çalışmaq dərəcəsinə çatdırır. Bəzən güvəndiyi yaxın adamın yanında olması xəstəliyin əlamətlərinin zəifləməsinə və ya tamam itməsinə səbəb olur.

Fobiyaların müalicəsinin əsas prinsipi psixoterapiyadır. Bir neçə psixoterapevtik üsul daha səmərəli hesab olunur: koqnitiv-bixevioral terapiya, davranış terapiyası, hipnoz, sistematik desensibilizasiya, geştaltpsixologiya, relaksasiya və autotrening üsulları. Müalicə üsulunun seçilməsi xəstə ilə söhbət əsnasında fərdi olaraq həyata keçirilir. Fobiyanın səbəbinin müəyyən edilməsi müalicənin uğurlu nəticələnməsinə yarıbayarı zəmanət verir. Müalicəsinin əsas məqsədi xəstəni fobiyası ilə üz-üzə gətirmək, həmin qorxunu yaşadığı an özünüidarəetmə xüsusiyyətini itirməməyi öyrətmək və təcrübədə situasiyanın onun üçün heç bir təhlükə törətmədiyini göstərməkdir.

Ən əsas cəhət odur ki, xəstə özünü vəziyyətdən çıxarmağa çalışsın. Bunun üçün iradə və cəsarət göstərib qorxunun üstünə getmək, hətta həmin halda qorxunun üstələməsinə imkan verməmək lazımdır. Nəticədə beyin qorxu mexanizmlərinin işə düşməsinə heç bir ehtiyac olmadığını anlayacaq və situasiyanın real olaraq heç bir təhlükə daşımadığını təhlil edə biləcəkdir.

 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem