HERBA FLORA








Hiss və duyğular öz yerində, sevgi ilk növbədə orqanizmdə gedən hormonal prosesdir. Həmin hormonlardan 6-sı əsasdır: dofamin, serotonin, adrenalin, endorfin, oksitosin və vazopressin.

 

Sevginin biokimyəvi simfoniyası adlanan həmin hormonların iş tərtibatı belədir: testosteron, azot-2 oksid (NO) və feromonlar “cəlb etmə”, adrenalin, noradrenalin, dofamin, serotonin və feniletilamin “dəli kimi sevmək”, oksitosin və vazopressin “bağlılıq”, azalan serotonin və endorfin isə “ayrılıq” zamanı öz funksiyalarını yerinə yetirir. Kişi və qadının romantik düşüncəsi fərqlidir. Romantik düşüncənin əsasını səs, zəka, davranış və maraq təşkil etdiyinə görə hormonlar sinir sistemi vasitəsilə periferik hissəni mütəmadi qıcıqlandırır. Sevgi stresi azaldır və sağlam həyat üçün gərəkli stimul rolu oynayır.

 

Dofamin – məqsədə çatma və konsentrasiya hormonudur, ilk dəfə sevməyə başlayanların orqanizmində xüsusilə çox yaranır və onları öz istəklərinə çatmağa həvəsləndirir. Kimyəvi quruluşuna görə dofamin biogen aminlərə, daha dəqiq desək, katexolaminlərə aid olub noradrenalin və adrenalinin sələfidir. Sintez olunan dofaminin miqdarı davranışdan asılıdır. Əgər aşiq gördüyü işdən həzz ala bilirsə, aldığı nəticədən razı qalırsa, bu onun beynində gələcəkdə ifraz olunacaq dofaminin miqdarına da təsir göstərir. Dofamin orqanizmdə dərketmə proseslərinin asanlaşmasına da səbəb olur. Bir sözlə, dofamin həyatdan razı qalmaq, həzz almaq hissləri bəxş edir.

 

Serotonin – həzz və zövq hormonudur. Qəribədir ki, “sevmək mövsümü” gələndə onun miqdarı azalır, iztirab və kədər hissləri yaranır. Serotonin orqanizmdə bir çox funksiyalara təsir göstərir. Onun iştirakı ilə beynin ön payının və onurğa beyninin işi aktivləşir, nəticədə idraki proseslər, hərəki funksiya aktivləşir və əzələ tonusu artır, güc-qüdrət, hökmranlıq hissləri meydana çıxır, əhval-ruhiyyəyə təsir göstərir. Serotoninin azalması depressiv proseslərə gətirib çıxarır. Son vaxtlar aparılan tədqiqatlar müəyyən etmişdir ki, serotoninin miqdarının çoxluğu orqanizmdə mövcud olan şiş hüceyrələrini özlərini məhv etməyə məcbur edir. Orqanizmdə serotonin sintezinin çoxluğu əhval-ruhiyyəni artırır.

 

Adrenalin – böyrəküstü vəzin beyin maddəsində sintez olunan stress hormonudur, xüsusilə qaçış, döyüş, qorxu və həyəcan zamanı sintezi çoxalır. Adrenalin hormonunun təsiri ilə ürək əzələlərinin yığılma gücü və tezliyi, tənəffüsün dərinliyi və maddələr mübadiləsinin sürəti artır.

 

Endorfin və enkefalin – rahatlıq, istirahət, xoşbəxtlik, məmnunluq və razılıq hissləri yaradır, kimyəvi quruluşuna görə narkotik analgetik olan morfinə bənzəyir. Endorfinlər “sevgi” ilə fiziki təmas nəticəsində baş beyində yaranaraq qana keçir. Hormonun sintezinin çoxluğu xoşbəxtlik hissini artırır. Endorfinlər insanı daha güclü və enerjili görünməyə vadar edir. İdman, cinsi əlaqə və hamiləlik zamanı onun sintezi artır. Doğuş qabağı hamilə qadınlarda endorfinlərin miqdarı yüksəlir. Bəzi qidalar endorfin sintezinin artmasına təsir göstərir: məsələn, kartof, banan, bolqar bibəri, düyü, dondurma, balıq, badam, şokolad və dəniz yosunları.

 

Oksitosin və vazopressin – şəfqət, mehribanlıq və bağlılıq hormonudur. Yeni sevməyə başlayan və qarşılıqlı inam qazanmış gənclərdə daha çox yaranır. Maraqlıdır ki, bir müddət sonra hormonların sintezi azalır və sevənlərdəki dəliqanlı hisslər yoxa çıxır. Oksitosin neyropeptidi sayəsində sosial davranış formalaşır, xeyirxahlıq, etibarlılıq və diqqətcillik keyfiyyətləri yüksəlir. Psixoloqların qənaətincə, belə davranış qohumlar və yaxın adamlar üçün daha əhəmiyyətlidir. Vazopressin (antidiuretik hormon) hipotalamusda sintez edilərək hipofizə təsir göstərir, daha sonra isə qana keçir. Hormon böyrək kanalcıqlarında suyun geriyə sorulmasını stimulyasiya edərək ifraz edilən sidiyin miqdarını azaldır, damarları büzərək təzyiqi artırır.

 

Britaniyalı bioloqlar Andreas Bartels və Semir Zekinin fikrincə, sevgi insan beyninin spesifik fəaliyyətidir. Bəzi alimlər isə sevgini daxili narkomaniya hesab edirlər, onların qənaətinə əsasən bu zaman beyin öz hormonal fonunu dəyişir. Gənclərin sevib-sevildiyi dövrdə feniletilamin və amfetamin kimi maddələr də sintez edilir və həmin maddələr metabolizm proseslərini sürətləndirərək iştahanı azaldır. Ona görə də sevməyə başlayan gənclərdə narahatlıq, oyanıqlıq, həyəcan, yuxusuzluq, iştahanın itməsi, diqqətin yayğın olması və əhvalın tez-tez dəyişməsi hallarının olması təbiidir. Kortizol sintezinin artması isə sevənlərin arıqlamasına səbəb olur.

 

Hər iki cinsin nümayəndəsində feniletilamin, dofamin və oksitosin hormonlarının artması nəticəsində tanışlığın 12-18-ci ayında cütlüklər öz sevgilərini rəsmiləşdirmək qərarına gəlir. 30-cu aydan etibarən həmin hormonların miqdarı azalmağa başlayır.

 

ABŞ-ın Nyu-York şəhərində psixoloq Artur Aron sevənlərin beyin tomoqrafiyası nəticəsində qərara gəlmişdir ki, sevgi zamanı beyində bəzi zonalarda fəallıq yaranır. Lakin uzun müddət bir-birini sevən və bir yerdə evlilik həyatı yaşayan bəzi cütlüklərin beynində baş verən dəyişikliklər alimlərin təəccübünə səbəb olub: həmin dəyişikliklər yenicə sevməyə başlayan gənclərin baş beynində gedən dəyişikliklərlə eynilik təşkil edir.

 

Maraqlı araşdırma. Sevgi başladığı ilk vaxtlarda beyinə təsir edərək narkotik analgetiklər (heroin, morfin) kimi effekt yarada bilsə də, həmin təsir yalnız 6-8 ay davam edir. 10 ildən artıq 5 min evli cütlüklər üzərində aparılan bir araşdırmaya görə, evlilik zamanı romantikanın 7 ildən daha az davam etdiyi müəyyən olunub. Təzə evlənənlər arasında romantika 2 il 6 ay 25 gündən sonra qurtarır. Həmin vaxtdan sonra kişilər səliqəli, qadınlar isə füsunkar görünməyi unudur. Evliliyin üçüncü ilində ailə cütlüklərin 80 faizindən çoxu evliliklərinin ilk aylarında əl-ələ tutsalar da, 937,5 gündən sonra həmin göstərici 40 faizdən də aşağı olub. İlk illərdə gündə 8 dəfə bir-birini qucaqlayan cütlər ilk ildən sonra tədricən bundan uzaqlaşmağa başlayırlar. Tədqiqatın nəticələrinə görə həmin faiz göstəriciləri bir yerdə şam etməyə və hansısa televiziya verilişini birlikdə izləməyə də təsir göstərir.

 

Sevgi qızılca kimi hər kəsin keçirməli olduğu bir xəstəlikdir. (Tolstoy)

Evlənmək qəfəsə bənzər; içində olanlar çıxmaq üçün, bayırda olanlar ora girmək üçün çalışır. (M. Montaqu)

Evlənməkdən çəkinməyin. Yaxşı arvada rast gəlsəniz, xoşbəxtliyə çatarsız, pis arvada rast gəlsəniz filosof olarsınız. (Sokrat)

Əsl sevgi xəyala bənzəyir, onun haqqında çox adam danışır, görənlər isə az olur. (Fransua de Laroşfuko)

Bütün qadınlar füsunkardır, lakin onlara gözəlliyi kişilərin sevgisi bəxş edir. (A. S. Puşkin)

Elnur RƏHİMOV

 

 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem