HERBA FLORA







Üzdə olan civzə və aknelərin əmələ gəlməsi requlyar, periodik xarakter daşısa da, xırda səpgilər çox vaxt gözlənilmədən öz-özünə, spontan olaraq əmələ gəlir. Axşam təmiz və hamar olan dəri səhər xırda səpgilərlə dolu olur. Üzdə olan xırda səpgilərin əmələ gəlmə səbəblərini aydınlaşdırmaq üçün səpgi əmələ gələn günə qədərki həftə ərzində həyat tərzinizi gözdən keçirin. Onların yaranması aşağıdakı faktorlardan asılı ola bilər.

Mədə bağırsaq sisteminin pozulması: keyfiyyətsiz, həddən artıq şirin və yağlı qida qəbulu;

 

Allergiya: mövsümlə əlaqədar olaraq çiçək tozuna, günəş şüalarına, toza və digər yaz-payız faktorlarına qarşı həssaslığın artması;

Dəriyə qeyri-düzgün qulluq: kosmetik vasitələrin uzun müddət dəridə qalması, dərinin təmiz yuyulmaması, yeni istifadə olunan hər hansı vasitəyə qarşı reaksiya;

Dəri parazitləri: demodeksin-dəri məsamələrində yaşayan gənənin aktivləşməsi;

Orqanizmdə baş verən hormonal dəyişikliklər: yeniyetməlik, hamiləlik, klimaks, cinsi həyatda uzunmüddətli fasilə;

Bəzi dərman preparatlarının qəbulu;

Bəzi qida növləri-ekzotik, sitrus meyvələr, moruq, yerkökü;

Dərinin infeksion xəstəlikləri;

Güclü stress.

 

Səpgilərin üzün hansı hissəsində yayılmasından asılı olaraq səbəb haqqında mülahizə yürütmək olar.

 

Alında, saç xəttinə yaxın yerləşən səpgilər - öd kisəsi və öd yollarının disfunksiyası;

Gözətrafında, almacıq sümüyü üzərində yerləşən səpgilər - böyrək və böyrəküstü vəzin xəstəlikləri;

Burunüstü nahiyədə olan səpgilər - qaraciyərin disfunksiyası;

Yanaq, sinə, kürək nahiyəsində olan səpgilər - ağciyər xəstəlikləri;

Burnun ucunda və qanadlarında olan səpgilər - ürək-damar sisteminin xəstəlikləri;

Dodaqətrafı və çiyin nahiyəsində olan səpgilər - həzm sisteminin və yoğun bağırsağın funksiyası;

Çənə və çənəaltı nahiyədə olan səpgilər - hormonal sistemin, əsasən də cinsi hormonların disbalansı zamanı əmələ gəlir.


Məsləhətlər:

- Üzünüzü isti suyla yuyun, çünki isti su ilk növbədə iltihabi proseslərin sorulmasını sürətləndirir, həmçinin demodeks kimi parazitlər isti mühitə dözümsüzdür.

- Gündə bir dəfə axşamlar üzünüzü yuduqdan sonra tərkibində spirt saxlayan losyon, salisil spirti və ya 40 faizli spirtlə silin.

- Üzünüzə gülümbahar, aptek çobanyastığı çiçəyi, dazıotu kimi bitki dəmləmələri ilə islatma və buxar vannası edin.

- Müalicə zamanı qida rasionunuzdan şirin, duzlu, yağlı qidaları tamamilə çıxarın, meyvə-tərəvəz, göyərti kimi təbii məhsulları artırın.

- Mütəmadi olaraq təmiz havada gəzin.

- Müalicə müddətində dekorativ kosmetikadan istifadə etməyin.

- Bitkilərdən hazırlanmış təbii maskalardan istifadə edin.

- Müalicə müddətində skrab kimi dərini zədələyə biləcək vasitələrdən uzaq durun.

- Başqasına aid heç bir vasitədən istifadə etməyin.

 

Ev şəraitində səpgilərdən xilas olmağın yolları

Tozağacı bişirməsi

Bir çay qaşığı tozağacı tumurcuğu bir stəkan qaynar suda 10 dəqiqə qaynadılır, 20 dəqiqə ocaqdan kənarda dəmlənir, süzülür. Bir neçə qat tənzif isti dəmləmədə isladılır və üzə qoyulur. 10 dəqiqə saxlanır. Soyuduqda tənzif dəyişdirilir.

 

Bağayarpağı maskası

Bağayarpağının bir neçə təzə yarpağı xırdalanıb əzilir, alınan kütlə təmiz yuyulmuş üzə çəkilir. 20 dəqiqə saxlanıb yuyulur.

 

Dəvədabanı dəmləməsi

Bir xörək qaşığı quru dəvədabanı otunun üzərinə bir stəkan qaynar su əlavə edilir, 30 dəqiqə dəmlənir. Alınmış dəmləməylə üz gündə 1-2 dəfə yuyulur.

 

Gəndalaş dəmləməsi

Bir xörək qaşığı quru gəndalaş çiçəyinin üzərinə 2 stəkan qaynar su əlavə olunur, 20 dəqiqə dəmlənir, süzülür və üzə islatma qoyulur.

 

Gülümbahar dəmləməsi və cövhəri

Bir xörək qaşığı xırdalanmış gülümbahar çiçəyi bir stəkan qaynar suda bir saat dəmlənir, süzülür. Azacıq isidilərək üzə 20 dəqiqə ərzində islatma qoyulur və ya isti buxarı ilə üzə vanna edilir.

 

İki xörək qaşığı gülümbahar çiçəyi üzərinə 1/4 stəkan 40 faizli spirt və 1/5 stəkan isti su əlavə olunur tünd qabda qaranlıq yerdə bir sutka dəmlənir. Daha sonra süzülür, üzərinə 3-4 ml qliserin, 5 qram bor turşusunun spirtdə 5 faizli məhlulu əlavə olunur, qarışdırılır. Alınmış cövhərlə üz gün ərzində 2-3 dəfə silinir.

 

Gənəgərçək yağı

Dərini daha yaxşı təmizləmək üçün iki xörək qaşığı gənəgərçək yağı bir çay qaşığı zeytun yağı ilə qarışdırılır üzə çəkilir. 10 dəqiqə sonra üzə isti suda isladılmış dəsmal qoyulur, soyuyana qədər saxlanır. Bu prosedur üç dəfə təkrar olur. Bu üsulla dəridəki məsamələr açılır və təmizlənir. Daha sonra heç bir vasitə istifadə etmədən üz isti suyla yuyulur.

 

Ballı darçın maskası

İki çay qaşığı bal yarım çay qaşığı toz halına salınmış darçınla qarışdırılır. İsti su hamamında yumşaldılır. Üzə çəkilir 10 dəqiqə saxlanır, ilıq suyla yuyulur.

 

Yumurta ağı, nişasta, çayağacı yağı maskası

Bir ədəd yumurta ağı köpük alınana qədər yaxşı çalınır, bir çay qaşığı nişasta və 4 damcı çay ağacı yağı əlavə edilir. Yaxşı qarışdırılır, üzə çəkilir, 10 dəqiqə saxlanır, yuyulur. Daha sonra qidalandırıcı krem çəkilir.

 

Üz səpgiləri əleyhinə Fitolosyon

Üz dərisi gündə iki dəfə tampona hopdurulmuş losyonla silinir. Fərdi həssaslıq zamanı və gözətrafı nahiyəyə istifadəsi məsləhət görülmür.

 

 

Aloe losyonu

Aloe yarpağı kəsilir soyuq suyla yuyulur sərin və qaranlıq yerdə 10 sutka saxlanır. Yarpağı yığmamışdan 1-2 həftə əvvəl bitki sulanmamalıdır. Sonra yarpaqlar xırdalanır, əzilir, üzərinə 1:5 nisbətində qaynadılmış soyuq su əlavə olunur. Qaynayan su hamamında bir saat dəmlənir, ocaqdan götürülür, soyudulub süzülür. Tünd şüşə qabda saxlanır. Üz dərisi gün ərzində 2 dəfə silinir.

 

 

Aygün HÜSEYNOVA

 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem