HERBA FLORA







 

Diatez və ya konstitusiyanın anomaliyası – orqanizmin genetik determinə olunmuş xüsusiyyətidir və uyğunlaşma reaksiyalarının keyfiyyətini müəyyən edir. Diatez xəstəlik deyil, meyillik kimi dəyərləndirilsə də, ətraf mühitin təsirindən xəstəliyə transformasiya ola bilər. Diatez zamanı uşaq orqanizmi və ətraf mühit arasında tarazlıq pozulur. Ətraf mühitin müxtəlif adi təsirlərinə qarşı qeyri-adekvat cavab reaksiyaları və müxtəlif patoloji proseslərin inkişafı xəstəliklərin gedişini ağırlaşdırır.

 

Hazırda 17 formada diatez müəyyən olunur: hemorragik (trombositopatiyalar), immunopatoloji (atopik, autoallergik, immunokompleks), psixonevrastenik, orqanotopik (nefropatik, kardiopatik) və s.

 

"Eksudativ diatez" anlayışını ilk dəfə 1905-ci ildə alman pediatrı A.Çerni işlətmişdir və onu dəri və selikli qişaların infiltrativ-deskvamatik zədələnməsi, psevdoallergik reaksiyaların inkşafı, iltihabi proseslərin uzun müddətli gedişi, limfoid hiperplaziya və su-duz mübadiləsinin labilliyi əlamətləri ilə xarakterizə etmişdir.

 

Xəstəliyin yaranmasında irsiyyətin rolu böyükdür. Hamiləliyin düzgün getməməsi, infeksiyalaşma və massiv dərman müalicəsi, hamilə və südverən anada disbakteriozun olması, qeyri-rasional qidalanma (sitrus meyvələri, şokolad və toyuq ətinin həddən artıq qəbulu) və yenidoğulmuşun süni qidalanması risk faktorları hesab olunur.

 

Çiyələk, limon, banan, şokolad və balığın tərkibində çoxlu miqdarda endogen histaminin liberatorları var. Hamilənin qidası birbaşa dölün və rüşeymin gen ekspresiyasına təsir edir. Südəmər və erkən yaş dövrundə iltihabi reaksiyada eksudativ faza üstünlük təşkil edir.

Südəmər körpələrdə həzm fermentlərinin çatışmazlığı səbəbindən zülallar və digər qida maddələrinin tam parçalanmaması bağırsaqda müdafiə funksiyasının zəifləməsinə, bağırsaq divarının keçiriciliyinin artmasına, sekretor immunoqlobulin A-nın sintezinin azalmasına aparıb çıxarır. Tam parçalanmayan qidalar, xüsusən də zülallar asanlıqla qan dövranına daxıl olur və iri molekullar antigen xüsusiyyəti daşıyır. Antitellərin, xüsusəndə İgE qrupuna aid olan immunoqlobulinlərin sintez olunması nəticəsində əmələ gələn immunokomplekslər tosqun hüceyrələrə çökərək histaminin azad olmasına səbəb olur. Histaminin təsirindən ödem, qaşınma və qan damarlarında genişlənmə olur.

 

İki yaşa qədər uşaqların az qala yarasında eksudativ-kataral diatez əlamətlərinə rast gəlmək olur. Eksudativ-kataral diatez zamanı həzm, tənəffüs və sidik-cinsiyyət sistemlərinin selikli qişalarının zədələnməsi, orqanizmin infeksiyaya qarşı müqavimətinin azalması, tez-tez allergik reaksiyalar, sinir sisteminin oyanıqlığının artması, su-elektrolit mübadiləsinin pozulması və s. baş verir. Müxtəlif faktorların – irsi meyillilik, qida allergiyası, soyuqlama, süni qidalanma, kimyəvi maddələr və vaksinasiya təsirindən İgE-nin miqdarı artır, eyni zamanda mikrosirkulyasiya, hüceyrənin proliferasiyası, neyro-endokrin mübadilə, böyrəküstü vəzin qabıq maddəsi tərəfindən idarə olunan zülal, su-duz və vitamin mübadiləsi pozulur. Eyni zamanda uşaqlarda anadangəlmə anomaliyalar, ferment sisteminin çatışmazlığı, mübadilə proseslərinin zəifliyi mərkəzi sinir sisteminin perinatal patologiyası, qeyri-kafi həyat şəraiti və qeyri-rasional qidalanma diatezlərin əmələ gəlməsinə səbəb olur.

 

Klinika

Körpə həyatının ilk aylarında qoltuqaltı, qasıq və boynun təbii büküşlərində davamlı bişməcələr, dəridə quruluq və solğunluq, baş dərisində yağlı qartmaq - qneys, qaşlarda və yanaqlarda isə dərinin qabıqlanması, qalınlaşması, qaşınma və səpgilər müşahidə olunur, yuxu pozulması və narahatlıq əmələ gəlir, limfatik düyünlər böyüyür. Bununla yanaşı bədən çəkisinin qeyri-düzgün artımı, çəkinin həddən artıq çoxalması və ya geri qalması müşahidə olunur. Həmin uşaqlarda “coğrafi dil” – yəni dil üzərində xəritəyə bənzər yarıqlar görmək mümkündür. Konyuktivit, blefarit, rinit, faringit kimi xəstəliklərin gedişi uzun müddətli olur. Tənəffüs yollarının katarı çox zaman obstruktiv sindromla ağırlaşır, anemiya, sidikdə epitel hüceyrələrin yüksəlməsi, ferment çatışmazlığı ilə əlaqədar qeyri-stabil stul müşahidə olunur. Xəstə uşaqların habitusu pastoz və şişkin olur. Burun-udlağın residivləşən katarı adenoid və badamcıqların hipertrofiyasına aparıb çıxarır. Bədənin müxtəlif nahiyələrində yuxarı, aşağı ətrafların, gövdənin dərisində eritematoz-papulyoz səpgilər olur.

 

Müalicə

İlk növbədə uşaqlar rasional qidalandırılmalıdır. Bu mənada ana südü ən optimal qida hesab olunur. Çəkisi çox olan körpələrin menyusunda karbohidratlar, xörək duzunun miqdarı azaldılmalı, qələvi qidaların və kalium duzlarının miqdarı artırılmalıdır. Süd verən ana menyusundan sitrus meyvələri, şokolad, kakao, kolbasa və yumurtanı çıxarmalıdır. Süni qidalanan körpəyə verilən inək südünün miqdarı maksimal dərəcədə azaldılmalı, sıyıqlar və tərəvəz püresi süddə deyil, tərəvəz suyunda bişirilməli, süd əvəzinə kefirdən istifadə edilməlidir. İnək südünə dözümsüzlüyü olan uşaqlara soya zülalı, aminturşu yığımı, süd zülalının hissəvi və ya tam hidroliz olunmuş qarışığından və ya keçi südündən hazırlanan yeməklər verilir. Süni qidalanan körpələrə əlavə qida kimi 4.5-5 ayından qələvi tərəvəz püresindən başlamaq lazımdır. Şəkərin miqdarı azaldılmalı və fruktoza şəkərindən istifadə olunmalıdır. Manna və yulaf istisna olmaqla sıyıqlar körpənin 6-6.5 aylığından menyuya daxil edilir. Yanaşı gedən disbakterioz, hipovitaminoz, qəbizlik və digər xəstəliklər mütləq müalicə olunmalıdır. Müxtəlif antihistamin preparatlarının 5-7 günlük kursları növbələşdirilir.

Eksudativ-kataral diatezin müalicəsində fitoterapiyadan – dazıotu, gicitikən, ağcaqayın yarpaqları, boymadərən və yatıqqanqal bitkilərinin qarışığından geniş istifadə olunur.

 

 

       RESEPTLƏR

  • Eyni miqdarda andız kökü, yatıqqanqal otu, ağcaqayın yarpaqları və şirpəncəsi bitkiləri qarışdırılır və qarışıqdan 1 xörək qaşığı 1 stəkan suda dəmlənir, 1 ay gündə 3-4 dəfə 1-2 xörək qaşığı qəbul edilir.

 

  • Müalicə zamanı vannalardan geniş istifadə olunur. Hərəsindən 2 xörək qaşığı aptek çobanyastığı və palıd qabığı üzərinə 0,5 litr qaynar su əlavə edilir, 15 dəqiqə dəmlənir və vannaya əlavə edilir.

 

  • Teader çayı 2 filtr-bağlama 1 stəkan qaynar suda dəmlənir, gündə 3-4 dəfə 1-2 xörək qaşığından uşağa içizdirilir. Dəmləmə ilə dərinin səpgili nahiyələrini silmək və ya uşağı çimdirmək daha sonra Fitooil Uşaq kremini çəkmək olar.

 

  • Vanna edilən su açıq-çəhrayı rəng alana qədər kalium permanqanat əlavə edilməklə və ya su vannasına 10 qram tanin qatılmaqla müalicəvi vannalar hazırlamaq olar. 60 qram nişasta və ya buğda unu soyuq su ilə qarışdırılıb vanna edilən suya əlavə olunur, yaxud da 350 qram buğda kəpəyi 1 litr suda qaynadılmaqla vanna edilir.

 

  • Baş dərisində olan qartmaqları təmizləmək üçün dəriyə vazelin və ya qaynadılmış bitki yağı çəkilir və 30 dəqiqə sonra uşaq sabunu ilə yuyulur. Fitooil Küncüt yağından və ya onun əsasında hazırlanmış Fitooil Masaj yağından da istifadə etmək olar.

 

Diatezli uşaqlara profilaktik peyvəndlər cədvələ uyğun və əvvəlcədən hazırlıq aparılmaqla vurulur. Peyvənddən 5 gün əvvəl və 5 gün sonra antihistamin preparatlar, peyvənddən 1-2 həftə əvvəl, 3-4 həftə sonra B qrupu vitaminləri təyin etməklə ağırlaşmaların qarşısını almaq mümkündür.

 

Nuranə DADAŞOVA,

həkim-pediatr

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem