HERBA FLORA







 

Qırtıckimilər və ya taxıllar fəsiləsinə aid, boyu 50-170 sm-ə çatan, birillik ot bitkisidir. Geniş şaxələnən lifli kök sisteminə malikdir. Zoğları 3-6 mm diametrində samanvari quruluşdadır. Tünd yaşıl rəngdə olan yarpaqları növbəli düzülüşlüdür. Bu bitki buğda və arpa ilə müqayisədə daha gəncdir. Onu bizim eradan əvvəl II minillikdə becərməyə başlamışlar.


Müalicəvi xüsusiyyətlərinə görə toxum və samanı xalq təbabətində geniş istrifadə edilir.

Yulaf həmçinin kalorisi yüksək olan taxıl növüdür - 100 qramında 390 kilokalori var. Yulaf mineral baxımından da çox zəngindir - 100 qramında 53 mq kalsium, 405 mq fosfor, 4,5 mq dəmir və 268 mq kalium var. Eyni zamanda maqnezium, zülali maddələr, B1, B2, PP, E vitaminləri mövcuddur. Yulaf zəngin tərkibinə görə dəyərli ərzaq və yem bitkisidir.


Vələmir toxumları orqanizmin zərərli amillərə qarşı dayanıqlığını artıran təbii antiokidant maddələrlə olduqca zəngindir. Yulaf yarmasının tərkibində olan yüksək miqdarda fosfor və kalsium normal sümük inkişafı, dəmir isə qanyaranma sistemi üçün vacib olan elementlərdəndir. Yulaf yarması həmçinin mədə-bağırsaq sisteminin selikli qişasına bürüyücü, iltihab əleyhinə, regenerasiyaedici təsir göstərir. Bu xüsusiyyətlərinə görə həzm traktının xəstəliklərində geniş istifadə olunur. Yarma dəri xəstəliklərinin müalicə və profilaktikasında geniş istifadə olunan B qrupu vitaminlərlə də zəngindir. Yulaf dəninin tərkibində əvəzolunmayan aminturşuları, xüsusilə lizin olduqca çoxdur. Dənin 100 qramında 384 mq lizin aminturşusu mövcuddur. Lizin piylərin parçalanmasını sürətləndirərək orqanizmin enerjiyə olan tələbatını təmin edir, həmçinin qanda herpes virusunun inkişafının qarşısını alır.

 

Vələmir digər yarmalardan tərkibindəki 6,2 faiz (çovdarda 2,2, buğdada 2,5 faiz) bitki yağı və minerallar sayəsində orqanizmə daha asan sorulur. Son zamanlarda aparılan tədqiqat nəticəsində yulaf yarmasının liflərində orqanizm üçün olduqca vacib olan beta-qlükan maddəsi aşkarlanmışdır. Beta-qlükan qanda zərərli xolesterinin səviyyəsini azaltmaq xüsusiyyətinə malikdir. 3 qram yulaf yarmasının həll olan liflərinin istifadəsi nəticəsində qanda xolesterin səviyyəsi 8-23 faiz azaldığı müşahidə olunmuşdur. Bu qədər lif bir boşqab yulaf yarmasından hazırlanmış sıyıqda mövcuddur. Həmin liflər mədə-bağırsaq fəaliyyətini yaxşılaşdırmaq və qan şəkərini tənzimləmək kimi mühüm xüsusiyyətlərə də malikdir.

 

Yulaf dənindən hazırlanmış yarmadan körpə uşaqların qidalanmasında, bir çox xəstəliklər zamanı pəhrizlərdə geniş istifadə olunur.

 

Vələmirin dəni qədər küləşinin də tərkibi zəngindir. Samanın tərkibində 6,9 faiz zülali maddə, 40,7 faiz azotsuz maddələr, 1,8 faiz yağ, 27,8 faiz sellüloza, 6,8 faiz minerallar, 16 faiz su var. Bu xüsusiyyətlərinə görə yulaf samanı da bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Ancaq müalicə üçün istifadə olunan yulaf samanı yaşıl olaraq yığılıb qurudulmalıdır. Günəş şüalarının təsirindən sahədə quruyan samanın tərkibində faydalı maddələrin miqdarı oldauqca azalmış olur.

 

 

Yulaf bişirməsi №1 (mədə-bağırsaq və böyrək xəstəlklərində, yuxusuzluqda)

2 stəkan təmizlənib yuyulmuş yulaf yarmasının üzərinə 5-6 stəkan qaynar su və ya süd əlavə edilir, zəif odda 2 dəqiqə bişirilir, ocaqdan götürərək 30 dəqiqə ərzində saxlanılır. Daha sonra sıxılaraq, süzülür. Bişirmənin suyu bir stəkandan gündə 3 dəfə, yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul edilir. Prosedur 2 ay ərzində aprılır. Bir aylıq fasilədən sonra kurs təkrarlanır.

 

 

Yulaf bişirməsi №2 (şəkərli diabet və siqareti tərgitmək istəyənlərdə)

100 qram yulaf toxumları çay sodası əlavə edilmiş suda 4 saat islağa qoyulur. Daha sonra zəif odda bir saat bişirilir. Gündə 3 dəfə yeməkdən yarım saat əvvəl yeyilir.

 

 

Qan təzyiqini azaltmaq üçün

100 qram təmizlənməmiş yulaf dəni üyüdülür, 2 stəkan qaynar suda dəmlənir. Yeməkdən 2-3 saat sonra daxilə qəbul edilir. Dəmləmə saat 21:00-a qədər istifadə olunmalıdır.



Quru öskürəkdə

1 100 qram yulaf yarması və 1 ədəd orta ölçülü soğan götürülür, üzərinə 1 litr su əlavə edilir, mayenin yarısı qalana qədər zəif ocaqda bişirilir, soyudulur, süzülür. Üzərinə 2 xörək qaşığı bal əlavə edilir. 1 xörək qaşığı gündə 4-5 dəfə qəbul edilir.

 

2 İki litr inək südünün üzərinə yarım kiloqram yulaf yarması əlavə edilir. Qaynar su hamamında 3 saat qaynadılır. Soyudulur, 2 qat tənzifdən süzülür. Gündə 5-6 dəfə, yeməkdən yarım saat əvvəl 1/2 stəkan daxilə qəbul edilir.



Yulafın spirtli ekstraktı (sakitləşdirici)

Yulaf yarması 40 faizli spirtlə 1:10 nisbətində qarışdırılır. Ağzı bağlı şüşə qabda 1 həftə saxlanır, süzülür. 25-30 damcıdan gündə 3 dəfə qəbul edilir.

 

 

Vitiliqo zamanı yulaf samanı dəmləməsi

15 qram yulaf samanı 1 litr qaynayan suya əlavə edilir. Ağzı bağlanaraq 3 dəqiqə zəif odda qaynadılır, soyudulur, süzülür. Alınan dəmləmə ləkə olan nahiyələrə barmaq uclarıyla 5 dəqiqə masaj edilir. Prosedurdan ən az 2 saat sonra həmin nahiyəni yumaq məsləhət deyil. Həftədə 3 dəfə istifadə etmək olar. Prosedur üçün hər dəfə yeni dəmləmə hazırlanmalıdır.

 

Aygün HÜSEYNOVA

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem