HERBA FLORA







Təmiz və sağlam dil ilk növbədə həzm sisteminin yaxşı işləməsinə dəlalət edir. Uşaqların çəhrayı, nazik ağımtıl ərp təbəqəsi ilə örtülü, ləkəsiz və şırımsız dili bunun ən bariz nümunəsidir. Təəssüf ki, həzm sisteminin normal  işləməməsindən soraq verən əlamətlərlə həmişə rastlaşırıq. Çox vaxt dilin üzərində qalın, müxtəlif rəng çalarlarında olan və bir çox xəstəliklərin göstəricisi sayılan ərp görünür.

Yemək yeyərkən qida hissəcikləri dilin səthini örtən külli miqdarda müxtəlif forma və ölçülü məməciklər arasında ilişib qalır. Qidanın həmin hissələri ağızda yaşayan bakteriyalar üçün həyat mənbəyidir. Dil üzərində ərpi də həmin bakteriyalar yaradır. Orqanizmin daxili sistemləri düzgün işlədikdə və ağız boşluğuna düzgün qulluq edildikdə ağızdakı mikrob balansı normal, dilin üstündəki ərp isə nazik olur. Orqanizmdə baş verən nasazlıq ərpin xarakterini dəyişir. Sağlam ərp ilin fəslindən asılı olaraq dəyişə bilər: yayda sərtləşir, payızda quruyur, nazilir, qışda isə sarımtıl rəng alır.

Qədim Tibet təbibləri ərpin dilin hansı hissəsində yerləşməsindən xəstə orqanı müəyyən edirdilər. Dilin ucu ürəyə, yan kənarları qaraciyər və öd kisəsinə, mərkəzi dalağa, kökü isə bağırsaqlara uyğun gəlir, mərkəzin uca yaxın hissəsindəki ərp ağciyər, kökə yaxın hissəsindəki isə böyrək xəstəliyindən xəbər verir.

 

Dilin üzərində olan:

  • Qalın ağ ərp bağırsaqların kəskin xəstəliklərinə və qəbizliyə dəlalət edir.
  • Qızdırma ilə müşayiət olunan sərt ağ ərp infeksion xəstəliyin göstəricisidir.
  • Sürüşkən, kövşək ağ ərp bədəndə seliyin artıqlığı mədə-bağırsaq sistemi və qaraciyərin zəifliyi əlamətidir.
  • Ağ ərp dilin ucunda və kənarlarında toplandıqda ağciyərlərin funksiyası yoxlanılmalıdır.
  • Ərpin dilin arxa üçdə birinin kənarlarında olması böyrəklərin nasazlığından xəbər verir.
  • Dilin səthi boyunca yayılan və ya ayrı-ayrı adacıqlar şəklində görünən ərp göbələk xəstəliyi, yəni kandidozun əlamətidir.
  • Qızarmış dil fonunda ləkə şəklində ağ ərp skarlatina zamanı müşahidə olunur.
  • Ağ ərpin dilin kökünə doğru iri ləkə kimi görünməsi, yoğun bağırsaq funksiyasının pozulmasının, qəbizliyin və bağırsaqlarda toksinlərin toplanmasının əlamətidir.
  • Solğunlaşmış dilin üzərində əmələ gələn quru ağ ərp dalaq və ya mədədə olan infeksiya ocağı və orqanizmin susuzlaşmasından xəbər verir.
  • Dilin sol tərəfinə doğru yayılan sürüşkən ağ ərp qaraciyər və öd kisəsində olan infeksiya, dilin üzərində olan sarı ərp mədə-bağırsaq və qaraciyər xəstəlikləri üçün xarakterikdir və ərpin rənginin tünd olması xəstəliyin ağırlığını göstərir.
  • Uzun müddət çəkilməyən sarı ərp qaraciyər və ya öd kisəsinin iltihabı və öd durğunluğundan xəbər verir. Hepatit zamanı ərp dilin ön hissəsində lokallaşır.
  • Yağlı sarı ərp isə qida qalıqlarının orqanizmdə ləngiməsi və həzm pozğunluğunun nişanəsidir.
  • Boz ərp mədə və ya bağırsaq xəstəliyinin daha ağır mərhələsinin göstəricisidir.
  • Boz ərp qızdırma nəticəsində orqanizmin susuzlaşması nəticəsində də yaranır.
  • Qəhvəyi ərp xroniki qastroenteritə dəlalət edir.
  • Epidemik qızdırmaların ağır gedişi zamanı dil üzərində qara ərp əmələ gəlir.
  • Qara ərp Kron xəstəliyi və vəbanın nəticəsi də ola bilər.

 

 

 

Bəzən dilin üzərindəki ərp qeyri-adi rəngdə olur.

  • Mavi ərp dizenteriya və ya qarın yatalağı kimi infeksiyalar zamanı əmələ gəlir.
  • Göbələk infeksiyası zamanı dil yaşımtıl kifəbənzər ərplə örtülə bilər.
  • Qaraciyər və öd kisəsi xəstəliklərində ərpin rəngi yaşımtıl-qəhvəyiyə doğru dəyişir.
  • Dilin üzərində ləkə kimi yayılan bənövşəyi ərp qan durğunluğunun göstəricisidir.
  • Dilin kökünə doğru uzanan və keçməyən qəhvəyi ərp alkoqolizmdən əziyyət çəkənlərdə müşahidə olunur.

 

 

 

Dil üzərində olan ərpdən qurtulmaq üsulları

Ərpin yığılmasına səbəb olan xəstəliyi müalicə etməklə yanaşı bəzi xalq təbabəti üsullarından da istifadə etmək olar.

  • Ağıza bir çay qaşığı bitki yağı alınır, 10 dəqiqə ağız yaxalanır və yağ tüpürülür. Nəticədə ərp demək olar ki, yoxa çıxır. Yağı udmaq məsləhət görülmür. Qədim hind təbabətində bu üsuldan istifadə edilirdi.
  • Yaxşı vasitələrdən biri də palıd qabığının dəmləməsidir. Onu hazırlamaq üçün 1 xörək qaşığı qabığın üstünə 1 stəkan qaynar su əlavə edilir, dəmləndikdən sonra gün ərzində 3-4 dəfə ağız boşluğu qarqara edilir.
  • Teasept çayı 2 filtr-bağlama 1 stəkan suda dəmlənir və gün ərzində qarqara edilir.
  • Qalın ərpi yumşaltmaq üçün 2 çay qaşığı çay sodası 1 stəkan ilıq suda həll edilir və ağız boşluğu alınan məhlulla yaxalanır. Ərp yumşaldıqdan sonra diş fırçası ilə təmizlənir.
  • Təbii vasitələrdən biri də Stomanginol məhluludur. Həm ağız boşluğunu dezinfeksiya edir, həm də dilin üzərindəki ərpi təmizləyir.
  • Ağ ərpdən xilas olmaq üçün propolisin spirtli məhlulundan iki-üç damcı 1 stəkan ilıq suda həll edilir və hər dəfə yeməkdən sonra ağız yaxalanır.

 

 

Esmira ZEYNALOVA,

həkim-terapevt

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem