HERBA FLORA







 B9 vitamini və ya fol turşusu əslində vitamin olmasa da orqanizmdə parçalanıb folin turşusuna çevriləndə vitamin xüsusiyyəti əldə edir. Onun adı latınca “folium” – yarpaq sözündən götürülüb ki, bu da vitaminin təzə yaşıl yarpaqlarda daha çox miqdarda olmasını göstərir. Suda həll olan və qələvi mühitdə sorulması sürətlənən fol turşusu işıqda və termiki emal zamanı asanlıqla parçalanır.

 

Mənbəyi

Fol turşusu təbiətdə həm bitki həm də heyvani mənşəli qida məhsullarında rastlansa da orqanizmdə bağırsaq mikroflorası tərəfindən də sintez olunur. Bitkilərdən  paxlalılarda, göyərtilərdə, xüsusən ispanaq və soğanda, yerkökündə, dənli bitkilərdə, xüsusən də arpada, qarabaşaq (qreçka) və yulaf yarmasında, qoz və fındıqda, bananda, portağalda, qarpızda, yemişdə, ərikdə, xurmada, göbələkdə və kökmeyvələrdə miqdarı daha çoxdur. Heyvani məhsullardan isə qaraciyər, mal əti, qoyun əti, toyuq, yumurta sarısı, süd, pendir, maya və balıqlar fol turşusu ilə zəngindir.

 

Suda bişirilmə zamanı çiy məhsullarda olan fol turşusunun 90 faizə qədəri, qızardılma prosesində isə 95 faizi parçalanır. Mütəmadi alkoqol qəbulu da orqanizmin fol turşusu ehtiyatının tükənməsinə səbəb olur. Bağırsaq mikroflorasının tənzimlənməsi və ya bifidobakteriya qəbulu isə vitaminin yoğun bağırsaqda sintezini artırır.

 

Funksiyaları

Fol turşusu hidrogen atomunu özünə birləşdirmək xüsusiyyəti daşıdığına görə oksidləşmə-reduksiya proseslərində iştirak edir. Koferment olaraq purin və pirimidin əsaslarının, nuklein turşularının, amin turşuların sintezində iştirak edir. Xüsusən də metionun amin turşusunun metabolizmini sürətləndirir, serotonin və noradrenalinin miqdarını artırır. Bununla da əhvalımız yaxşılaşır, depressiv vəziyyətdən çıxırıq.

Qanyaranma prosesinin tənzimlənməsində aktiv rol oynayır və makrositar anemiyada antianemik təsir göstərir. Bağırsaqların peristaltikasını, qaraciyərdə fermentativ prosesləri sürətləndirir, hepatositlərdə xolinin miqdarını artıraraq piy distrofiyasının qarşısını alır. Fol turşusu leykositlərin yaranma və fəaliyyətini tənzimlədiyi üçün immun sistemi möhkəmləndirir.

 

Hamiləliyin inkişafında mühüm rol oynayır. Belə ki, embrionun sinir hüceyrələrinin formalaşması və normal inkişafı üçün bu vitamin əvəzsiz rol oynayır. Hamiləliyin erkən dönəmində gündəlik B9 vitamininin qəbulu anensefaliya və spina bifida kimi anadangəlmə inkişaf qüsurlarının qarşısını alır. Bundan əlavə fol turşusu vaxtından əvvəl doğuşun baş verməsini önləyir. Doğuşdan sonrakı depressiyaların aradan qalxmasında da əvəzsiz vitamindir. Elə bu səbəbdən də onu qadınların “əsas” vitamini adlanırmaq olar.

Böyük dozalarda estrogenəbənzər təsir göstərdiyindən menopauzanı gecikdirmək və simptomlarını zəiflətmək üçün tətbiq olunur. Yeniyetmə qızlarda isə cinsi inkişafdan geriqalmanın korreksiyasında istifadə olunur.

 

Fol turşusunun çatışmazlığı psoriazdan əziyyət çəkənlərdə daha çox müşahidə olunur. B12 vitamini ilə birlikdə dəridə piqment itkisinin və vitiliqonun, həmçinin sızanaqların müalicəsində yaxşı effekt verir.

Yetkin insanın fol turşusuna olan gündəlik tələbatı 0,2 milliqramdır. Hamiləlik və südvermə dönəmində isə tələbat 0,6 milliqrama qədər artır.

 

Hipovitaminoz əlamətləri

Fol turşusunun defisiti zamanı “qırmızı dil”, anemiya, apatiya, yorğunluq, əsəbilik, həzmin pozulması, stomatit, qlossit, saçların ağarması, yeniyetmələrdə boyatmanın ləngiməsi, yaddaş pozulması kimi əlamətlər müşahidə oluna bilir.

Fol turşusu enterit, disbakterioz, anemiya və qanyaranmanın pozulması ilə əlaqədar digər xəstəliklər, intoksikasiyalar, şüa xəstəliyi, xroniki hepatit və sirroz kimi qaraciyər xəstəlikləri, ateroskleroz və psoriazın müalicəsində göstərişdir.

 

Diqqət! Fol turşusunun uzun müddət böyük dozalarda tətbiqi B12 vitamininin defisitinə gətirib çıxara bilər.

 

Vitaminli reseptlər

Yaz aylarında orqanizmin fol turşusuna olan tələbatını ödəmək üçün qida rasionunda çiyələk, albalı, ərik kimi meyvələrin miqdarını artırmaq lazımdır. Bu müyvələr ard-arda yetişdiyi üçün bütün yaz boyunca vitamin depolarını doldurmaq olur. Yayda isə qarpız mövsümü başlayır. Qarpız yeməklə həm böyrəklərin fəaliyyətini yaxşılaşdırmaq, həm də bol-bol fol turşusu qəbul etmək olar.

 

Qışa hazırlaşmaq üçün belə bir bioloji aktiv qarışıq hazırlamaq olar: hərəsindən 500 qram çaytikanı meyvəsi və quşüzümü ətçəkən maşından keçirilir, üzərinə 300 qram təbii bal əlavə olunur. Bütün qış boyu və yazın əvvəllərində gündə 1-2 xörək qaşığı 1/3 stəkan ilıq su ilə birlikdə qəbul olunur.

Təzə dərilmiş və xırdalanmış moruq, qarağat və itburnu yarpaqlarının hərəsindən 1 çay qaşığı götürülür, 2 stəkan suda dəmlənir (qaynatmaq olmaz!). Süzülən dəmləmə gün ərzində içilir. Bu müalicəni yazın əvvəlində aparmaq faydalıdır.

 

Esmira ZEYNALOVA,   

həkim-terapevt    

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem