HERBA FLORA







 

“Sağlamlıqdan böyük nemət yoxdur” deyənlər nə qədər də haqlıdırlar. Dünyada ağrısız-acısız, sağlam və gümrah yaşamaqdan gözəl nə ola bilər? Təəssüf ki, necə deyərlər, ayaq üstə olanda onun xoşbəxtlik və gözəlliyini çox vaxt duya bilmir, yalnız xəstələnəndən, yorğan-döşəyə düşəndən sonra onu qiymətləndiririk.

Əfsus ki, xəstəliyin yorğan-döşəyə saldığı vaxtlar da olur. Min-min təəssüflər ki, bəzən bu, bir neçə gün, bir həftə, on gün yox, daha uzun müddət davam edir. Yataq xəstəsi olmaq həm xəstənin özü, həm də onun doğmaları, yaxınları üçün çox ağrılı və arzuolunmazdır. Həmin xəstələrə qulluq göstərməyin isə müəyyən  qaydaları  var...

 

Yataq xəstəsinə qulluq çox çətin və zəhmət tələb edən işdir. Yatağa məhkum olan bir xəstə əl-üzünü yumaq  və dişlərini fırçalamaq kimi sadə gigiyenik prosedurları həyata keçirə bilmir. Hətta bəzən qida qəbulu və başını yumaq üçün dirsəklənib otura da bilmir. Əzələ sistemi tamamilə tonusdan düşdüyü üçün xəstə uzanılı vəziyyətdə olur və onun bütün qayğıları qulluq edənlərin üzərinə düşür. Xəstənin çəkisi 60-70 kiloqram olduqda onu bir nəfər qaldlrlb-oturda  bilir, çəkisi ağır olduqda bunu etmək xeyli çətin olur. Həmin vəziyyət üçün tibbi-funksional çarpayılar məsləhət görülür. Çarpayının baş və ya ayaq hissəsini qaldırıb-endirməklə xəstəni istədiyi vəziyyətdə saxlamaq olar. Funksional yataqlar bahalı olsa da, xəstəyə qulluğu xeyli asanlaşdırır.

 

Yataq yaraları

Yataq yaraları xəstələrinin əziyyət çəkdiyi ən xoşagəlməz ağırlaşmadır. Xəstənin yaşı  çox olduqda  həmin yaralar daha   erkən yaranır. Qulluğun əsas mahiyyəti yataq yaralarının profilaktikasıdır. Hər 2-3 saatdan bir xəstənin yataqdakı vəziyyəti dəyişdirilməli, digər yanı üstə uzadılmalı, gündə ən azı bir dəfə bütün bədəni masaj edilməlidir. Masaj ya əllə, ya da elektrik masaj aləti ilə aparıla bilər. Yaxşı olar ki, prosedur səhərlər həyata keçirilsin. Yataq yaraları əleyhinə xüsusi döşəklər  xəstəyə kömək edir. Ölçüsünə və funksiyasına görə fərqlənən həmin döşəklər davamlı  olaraq hava ilə dolub-boşalan kiçik hissələrdən ibarətdir və onun köməyi ilə xəstənin bədəninin heç bir hissəsi uzun müddət yatağa sıxılmış vəziyyətdə qalmır. Lakin xüsusi döşək daxili orqanları normal çalışan xəstələrə kömək edir. Yaşlı xəstənin ayrı-ayrı orqanlarında çatışmazlıq baş verdukdə və qan dövranı pozulduqda  funksional döşəklər  fayda vermir. Dizini divara söykəyib yatan xəstənin diz dərisində 2 saat ərzində  yara əmələ gəlməsi mümkündür.  Xəstə arıq olduqda onun sümükləri ətraf toxumaları sıxıb nekroza uğrada bilər. Ona görə də gündə iki dəfə xəstənin bədəninə diqqət yetirilməli, yara əlamətləri vaxtında aşkar edilməlidir.

 

Yataq yarasının ilk əlaməti dəridə qırmızı ləkənin yaranmasıdır. Qısa zamanda ləkənin mərkəzində suluq əmələ gəlir. Həmin ocaqları dezinfeksiya etmək üçün etil spirtinin 40 faizli məhlulu ilə paltar sabununun yarıbayarı qarışığından istifadə olunur. Bundan başqa yaralar 1:1 nisbətində aptek çobanyastığı və gülümbahar çiçəklərinin dəmləməsi ilə silinə bilər. Teader bitki çayı dəmləməsi də yaraya antiseptik təsir göstərir və sağalmanı sürətləndirir. Yara açıldıqda və irinlədikdə  1 stəkan qaynar suya 1 çay qaşığı çay sodası tökülüb həll edilir və onun içərisinə pambıq dəsmal salınır. Bir qədər soyuduqdan sonra dəsmal islatma şəklində yara nahiyəsinə qoyulur. Hər dəfə təmiz dəsmal götürmək şərti ilə prosedur dalbadal 3 dəfə təkrar edilir. Çay sodası yaranı təmizləyir və sağalmanı sürətləndirir.

 

Yara təmizləndikdən sonra sağaldıcı məlhəmlərin istifadəsi məsləhət görülür. Dezinfeksiyaedici məlhəmi hazırlamaq üçün 2 böyük baş soğan xırda-xırda doğranır, emallı qabın içində 3 xörək qaşığı bitki yağı ilə qızardılır. Qaynar halda süzülür, içərisinə bir parça sadə rəngsiz şam əlavə olunur. Şam əridikcə məlhəm alınır. Şüşə qaba boşaldılaraq soyuducuda saxlanır. Məlhəmi gündə iki dəfə yara nahiyəsinə sürtmək sağalmanı sürətləndirir.

 

 

Başqa bir reseptdən də istifadə etmək olar. 1 stəkan günəbaxan yağı qaynadılır, bir qədər soyuduqdan sonra içinə 1 ədəd yumurtanın ağı çırpılaraq əlavə olunur. Alınan qarışıq yara nahiyələrinə çəkilir.

Bir qədər suyun içərisində bir ovuc buğda qaynadılır və pambıq parçadan olan torbaya tökülür. Süzülüb soyuduqdan sonra torba yataq yarasının üzərinə qoyulur və 3-4 saat saxlanır. 1 həftə hər gün yeni islatma hazırlayıb qoymaqla yaranı sağaltmaq mümkündür.

 

 

Yataq xəstəsinin gigiyenası

Hər gün yataq xəstəsinin əl-üzü yuyulmalı, dişləri fırçalanmalı, ən azı ayda 1-2 dəfə çimizdirilməlidir. Xəstə otura bilmədikdə diş məcunu ilə dişlərini fırçalamaq çətinlik törədir. Həmin xəstələr təmizləyici saqqızlar və uşaqlar üçün nəzərdə tutulmuş barmağa taxılan silikon fırçalardan istifadə edə bilərlər. Yataq xəstəsinin üzünü isti suda isladılmış pambıq və ya yumşaq dəsmalla yumaq, gözlərə, qulaq seyvanına və buruna xüsusi fikir vermək lazımdır. Saçları qısa kəsmək və yumaq üçün su tələb etməyən aerozol-şampunlardan istifadə etmək olar.

 

Yataq xəstəsinin bədəninın hər gün isti suda isladılmış sərt dəsmalla silinməsi həm gigiyenik, həm də masaj proseduru sayılır. Büküş nahiyələrinə xüsusilə diqqət ayrılmalıdır. Nəm salfetlərdən də istifadə etmək olar. Həmin tədbirlər gündəlik aparılsa da, xəstə ayda 1 dəfə isti su və sabunla çimizdirilməlidir. Yaşlı xəstələrdə dərinin çox qurumaması üçün küncüt yağından istifadə etmək olar.

 

Yataq xəstələrinin ən böyük problemlərindən biri də təbii ehtiyacların ödənilməsidir. Xəstə 5-10 dəqiqə oturaq vəziyyətdə qala bilirsə və çağırışları hiss edirsə yatağın yanına biotualet qoymaq lazımdır. Xəstə gün ərzində ona qulluq edənin köməyi ilə biotualetdən, gecələr isə bezdən istifadə edir. Lakin çağırışları hiss etmədikdə – belə hal əksərən insultdan sonra yaşlılarda  müşahidə olunur – xəstə bezindən istifadə olunmalıdır. Təcrübə göstərir ki, cədvəldə göstəriləndən bir ölçü vahidi böyük bez alınmalıdır. Bəzi hallarda bez kifayət etmir və xəstənin altına iri ölçülü hopdurucu salfet döşəmək lazım gəlir. Gündə bir dəfə xəstənin bağırsağı boşalandan sonra onu 1-2 saat bezsiz saxlamaq lazımdır. Məqsəd sağrı və qasıq nahiyələrinin havalanması və yataq yaralarının profilaktikasıdır. Yataq xəstəsinin döşək ağı hər gün dəyişdirilməlidir, xəstəni bir yanından digərinə keçirməklə bunu etmək olar.

 

Xəstələrə dəm çaynikinin lüləyindən və ya kokteyl çöpündən istifadə etməklə su içirtmək olar. Xörək yedirtmək üçün xəstənin baş nahiyəsini bir qədər qaldırmaq, yana çevirmək və həmin tərəfə dəsmal salmaq lazımdır ki, çörək qırıntıları yatağa düşüb dərini qıcıqlandırmasın.

Digər bir vacib şərt də yataq xəstəsinin mütəmadi həkim nəzarətində olması və tez-tez terapevt tərəfindən müayinə edilməsidir.

 

Xəstəyə qulluq həm fiziki, həm də mənəvi cəhətdən çətin işdir. Ona görə də yataq xəstəsinə və ona qulluq edənə diqqət və mərhəmət göstərmək vacib və savabdır. Hərdən onlara baş çəkmək və yardıma ehtiyacı olanda yanında olmaq lazımdır. Bəzən sadəcə xəstənin halını soruşmaq, onun vəziyyəti ilə maraqlanmaq da yüngüllük gətirir.

 

Esmira ZEYNALOVA,   

həkim-terapevt    

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem