HERBA FLORA







 

Daban çatları çox geniş yayılmış olduqca xoşagəlməz problemdir. Xüsusən qadınları narahat edən çatlar həm estetik, həm də sağlamlıq cəhətdən narahatlıq yaradır. Daban çatı o qədər güclü ağrıya səbəb olur ki xəstənin yeriməsində çətinlik yaranır. Üstəlik yayda açıq ayaqqabı geyinə bilmir.

Dabanların sağlam dərisi yumşaq və elastik, eyni zamanda da qalın olmalıdır. Çünki yerimə zamanı bədənin bütün ağırlığı məhz bu nahiyənin üzərinə düşür. Yaranma səbəbləri müxtəlifdir.

 

Daban dərisinə lazımi qulluğun edilməməsi, dar və narahat ayaqqabıların geyilməsi çatlara səbəb olur. Lakin dabanların tez-tez daban daşı ilə sürtülməsi və pilinqi də dərinin nazilməsinə və çatlamasına gətirib çıxarır. Bunlardan başqa maddələr mübadiləsinin pozulması ilə gedən xəstəliklər, şəkərli diabet, qalxanabənzər vəz xəstəlikləri və qastrit zamanı da daban dərisi çatlaya bilər. Əsas səbəblər arasında vitamin və mineralların çatışmazlığı da var. Karotin, retinol kimi vitaminlər, natrium, kalsium, flüor, selen kimi mikro və makroelementlərin kafi miqdarı dəri üçün vacibdir.

 

Səbəbin vaxtında aşkar olunması qabaqlayıcı tədbirlərin görülməsinə şərait yaradır. Əgər səbəb dar ayaqqabıdırsa, onu daha rahatıyla əvəz etmək və bir müddət ayaqlara qulluq etmək lazımdır. Vitamin və mineral çatışmazlığını bərpa etmək üçün qida rasionuna bol göyərti, yumurta sarısı, kərə yağı, təzə kök, balıq kürüsü, mal qaraciyəri əlavə etmək olar. Diabetdən əziyyət çəkən xəstələrin qanda şəkərin səviyyəsini normada saxlaması, pəhriz qaydalarına əməl etməsi və mütəmadi olaraq Mirfazin çayını qəbul etməsi dəri çatlarının qarşısını alır.

 

Xalq təbabətində daban çatlarının vannalar, kompreslər və müalicəvi bitki dəmləmələri ilə müalicəsi məsləhət görülür. Reseptlərin bir neçəsini nəzərinizə çatdıraq.

 

 

Baş soğan kompresi

Axşam yatmazdan qabaq ayaqlara 20 dəqiqə ərzində isti vanna edilir. Suya bir çay qaşığı çay sodası əlavə olunur. Ayaqlar yaxşı qurulandıqdan sonra dabanın çatlayan nahiyəsinə əzilmiş soğan qoyulur və streç sellofanla sarınır. Gecə sellofan sürüşməsin deyə ayağa corab geyilir. Səhər açılır, yuyulur, daban daşı ilə ehtiyatla sürtülür və kremlənir. Prosedurdan sonra dabana yağlı krem çəkilir. 3-5 dəfə təkrar edilməsi məsləhətdir.

 

Ballı kələm kompresi

Kələm yarpağı suda 5-6 dəqiqə pörtlədilir, üzərinə yarım çay qaşığı bal çəkilir və dabana bağlanır. Üstünü tənziflə bağlamaq və ya pambıq corab geyinmək olar. Kompres ayaqda bir gecə saxlanılır. Səhər ayaq yuyulur və yağlı kremlə kremlənir. Bir həftə ərzində təkrar edilir.

 

Bor turşusu vannası

Yatmazdan qabaq 4 çay qaşığı bor turşusu bir litr isti suda həll edilir və məhlulla ayaqlara vanna edilir. Ayaqları quruladıqdan sonra dabandakı çatlar vazelinlə doldurulur, üzərinə plastır yapışdırılır. 24 saat saxladıqdan sonra açılır və prosedur yenidən təkrar olunur. Dabandakı çatlar bir həftəyə sağalır.

 

Kartofla müalicə

5-6 ədəd kartofun qabığı qalın soyulur, qabıqlar iki litr suda qaynadılır. Alınan həlimlə ayaqlara vanna edilir. Dabanın yumşalmış dərisi daban daşı ilə sürtülür. Ayqlar ilıq su ilə yaxalanıb qurulandıqdan sonra yağlı krem çəkilir və pambır corab geyilir.

 

Bitki dəmləmələri ilə vannalar

3 litr suya 3 damcı naşatır spirti, 1 çay qaşığı çay sodası və 1 litr bitki dəmləməsi əlavə olunur. Dəmləmə üçün bir çox bitkilərdən istifadə etmək olar:

Aptek çobanyastığı çiçəklərindən 2 xörək qaşığı 1 litr suda vam odda 3 dəqiqə qaynadılır.

Andız köklərindən 2 xörək qaşığı bir litr qaynar suda termosda 1 saat dəmlənir.

Gülümbahar çiçəklərindən 1 xörək qaşığı 1 litr suda dəmlənir.

Gicitkən yarpaqlarından 2 xörək qaşığı 1 litr suda dəmlənir.

Vannadan sonra çatlara 2 faizli salisil spirti çəkilir, 2 dəqiqədən sonra isə Fitooil küncüt yağı və ya Fitooil badam yağı ilə masaj edilir. Bir həftə ərzində aparılan müalicə nəticəsində çatlar tamamilə sağalır.

 

Dazıotu ilə müalicə

2 xörək qaşığı dazıotunun otu 2 stəkan suda 2-3 dəqiqə qaynadılır, bir qədər soyuduqdan sonra içinə 2 xörək qaşığı alma sirkəsi tökülür. Alınan dəmləmə ilə hər axşam 20 dəqiqə ərzində ayaqlara vanna edilir. Daban daşı ilə sürtülür, qurulanır. Dabanları yumşaltmaq üçün Fitooil zəyərək yağı çəkilir və pambıq corab geyilir.

 

Müalicəvi kündə

Bərabər miqdarda un, soğan suyu, balıq yağı, əzvay (aloe) şirəsi qarışdırılır. Alınan kütlə iki yerə ayrılır, hər kündə bir dabanın dərisinə qoyulur, üzəri streç sellofanla bağlanır. Bir gecə saxladıqdan sonra dabanlar gülümbahar çiçəklərinin dəmləməsi və ya palıd qabığının bişirməsi ilə yuyulur. Silmədən ayaqlar qurudulur və dabanlara vazelin çəkilir.

 

Yulaf sıyığı ilə müalicə

Suda yulaf sıyığı bişirilir, içinə 4-5 xörək qaşığı zəyərək (kətan) yağı əlavə olunur. Sıyıq polietilen torbaya boşaldılır və torba ayağa geyilir. İsti şala bükülərək 2 saat saxlanır. Daha sonra ayaqlar ilıq suyla yuyulur və kremlənir. Bu müalicəni 3-5 dəfə təkrar etmək olar.

 

Efir məlhəmi

1 xörək qaşığı vazelin və ya uşaq kreminə çobanyastığı və lavandanın efir yağlarının hərəsindən 2 damcı əlavə olunur. Dabanlar alınan məlhəmlə gübdə 3 dəfə masaj edilir.

 

 

Esmira ZEYNALOVA,  

həkim-terapevt   

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem