HERBA FLORA







 

Özünəməxsus turş dada malik olan turşəng el arasında “quzuqulağı” kimi də tanınır. Əsasən çiy şəkildə yeyilsə də, ondan bir sıra xörək və salatların hazırlanmasında istifadə edilir.

Turşəng vitaminlər, azotlu maddələr, kalium, kalsium, molibden, maqnezium, natrium, kükürd, dəmir, yod, sink, fosfor, xlor, mis kimi mikro və makro elementlərlə də zəngindir.

Bitkinin yarpaqlarında olduğu qədər kök, meyvə və çiçəklərində də bir sıra faydalı maddələr var. Onun bütün hissələri yüksək miqdarda turşəng turşusu və kalsium oksalatla zəngindir.

 

Tibdə tətbiqi

Köklərinin tərkibində olan antraqlikozidlər yoğun bağırsağın selikli qişasını qıcıqlandıraraq peristaltikanı artırır, qəbizlik zamanı faydalı təsir göstərir. Tərkibindəki maddələrin hesabına bitki güclü antibakterial xüsusiyyətə malikdir. Turşəngin cavan yarpaqları böyüdükcə tərkibində turşəng turşusunun və kalsium oksalatın miqdarı yüksəlir.

 

C vitamini çatışmazlığı nəticəsində ağızda və diş ətində yaranan yaralar zamanı turşəng olduqca faydalıdır. Xüsusilə yaşıl yarpaqların tərkibində olan yüksək miqdarda C vitamini həmin problemləri aradan qaldırır.

Turşəng yarpaqları qaraciyərdə öd əmələgəlməni stimulyasiya edir, ödü durulaşdırır və xaric olmasını asanlaşdırır, həmçinin həzm vəzlərinin işini yaxşılaşdıraraq həzmi, xüsusilə də yağların parçalanmasını asanlaşdırır. Mədə-bağırsaq sisteminin xəstəliklərində dəmləmə və bişirmə şəklində istifadə edilir. Bundan başqa ağrıkəsici, yarasağaldıcı, antitoksik, antiallergik, iltihabəleyhinə təsir göstərir, dəridə olan qaşınma və səpgiləri aradan qaldırır.

 

Tərkibində olan K vitamini sayəsində qanaxmaya meyillik olan bəzi xəstəliklərdə, klimakterik, düz bağırsaq və ağciyər qanaxmalarında yaxşı nəticə verir.

100 qram çiy turşəng yarpaqlarının enerji dəyəri 22 kkal, bişmiş halda isə 20 kkal-dir. Həmin xüsusiyyətinə görə turşəng pəhriz menyularına əlavə edilə bilər.

 

Məsləhətlər

Tərkibində yüksək miqdarda turşəng turşusu olduğundan həddən artıq istifadə ediləndə orqanizmdə mineral mübadiləsini, xüsusilə kalsiumun mənimsənilməsini çətinləşdirir, böyrəklərin funksiyasını pozur, osteoporoz, böyrək daşı və podaqra xəstəliklərinin ağırlaşmasına səbəb olur. Mədənin selikli qişasını qıcıqlandırmaq və xlorid turşusunun ifrazını artırmaq kimi xüsusiyyətləri olduğuna görə hiperasid qastrit, mədə, onikibarmaq bağırsağın xora xəstəliyindən əziyyət çəkənlər və hamilələrin rasionundan turşəngi və tərkibində turşəng turşusu olan digər qidaları çıxarmaq məsləhətdir.

 

Həddən artıq turşəng qəbul edilməsi böyrəklərdə oksalat daşlarının yaranmasına səbəb olur. Onun qarşısını almaq üçün həmin göyərtini tərkibində kalsium olan qatıq, süd və kefir kimi qidalarla birgə qəbul etmək lazımdır, çünki turşəng turşusu bağırsaqlarda kalsiumla birləşərək çətin həll olan və çətin sorulan birləşmələr yaradır, zərər vermədən orqanizmdən xaric olur. 

 

Reseptlər

*1 xörək qaşığı quru turşəng yarpaqları üzərinə 1 stəkan qaynar su əlavə edilir, 1 saat dəmlənir. Klimaks, qanaxmalar və sonsuzluq zamanı gündə 3 dəfə yeməkdən yarım saat əvvəl 1/3 stəkan qəbul edilir.

* 1 dəstə təzə turşəng yarpaqları həvəngdəstədə əzilir, tənzifdən süzülür, alınan şirə günəş yanıqları və ekzema zamanı yerli olaraq dəriyə sürtülür.

 

Esmira ZEYNALOVA,

həkim-terapevt 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem