HERBA FLORA







 

Dəri örtüyü müdafiə funksiyasıyla yanaşı orqanizmdə baş verən fasiləsiz mübadilə proseslərində də iştirak edir. Ona görə də dərinin rəngi və elastikliyi sağlamlığın ən əsas göstəricisi sayılır. Əbəs yerə dərini “orqanizmin aynası” hesab etmirlər. Daxildə baş verən proseslər dəridə müəyyən xüsusiyyətlərlə özünü büruzə verir: səpkilər, ləkələr, saralma, göyərmə, qızartı və s. Dərinin incə, nazik olan bölgələrində onlar özünü daha çox göstərir. Xüsusilə qadınlarda daha çox gözaltı nahiyədə əmələ gələn kölgə və ləkələr kosmetik cəhətdən narahatlığa səbəb olur.

Gözaltı kölgələrin, xloazma, yəni piqment ləkələrinin əmələgəlmə səbəbləri hansılardır?

Gözün alt nahiyəsinin dərisi olduqca nazik və həssasdır, orada demək olar ki, piy toxuması yoxdur, daxili və xarici faktorların təsirinə tez məruz qalır. Gözaltı nahiyənin dəri rənginin patoloji dəyişməsi sağlamığın indiqatoru olan venoz qan və limfa dövranının pozulması və piqmentasiya nəticəsində baş verir.

  • Genetik meyillik

Gözaltı kölgələrin səbəbi bəzən irsi olaraq dərinin quruluşu və müdafiə qabiliyyətinin zəifliyidir. Dəri tez qocalmağa və piqmentasiyaya meyilli olur, təbii qocalma zamanı nazikləşir, dərialtı qan damarları, xüsusən də venoz damarlar daha aydın görünür. Günəşin ultrabənövşəyi şüalarına qarşı həssas olur, onların təsiri davamlı olaraq dərini qurudur, nazikləşdirir və zəiflədir.

  • Maye balansının pozulması

Orqanizmdə baş verən susuzlama və ya artıq maye toplanması göz ətrafında tünd göy rəngə çalan kölgələrin əmələ gəlməsinə səbəb olur. Xörək duzunun həddən artıq istifadəsi, dəmir çatışmazlığı - anemiya, ürək-damar və ifrazat sistemlərinin xəstəlikləri orqanizmdə maye balansının pozulması ilə nəticələnir, qan damarları genişlənir və  göz ətrafının nazik dərisindən daha aydın nəzərə çarpır, ödemlər əmələ gəlir.

  • Daxili xəstəliklər

Maddələr mübadiləsinin pozulması, mədə-bağırsaq, qaraciyər, öd kisəsi və böyrək  xəstəliklərində də göz altında tünd qəhvəyi rəngli piqmentasiya əmələ gəlir.

  • Allergik reaksiyalar və mövsümi allergiyalar

Hava və ya qida vasitəsiylə orqanizmə daxil olan allergenlər digər əlamətlərlə yanaşı göz ətrafının dəri rənginin tündləşməsinə və şişkinliyə səbəb olur. Mövsümi allergiyalardan əziyyət çəkənlərdə gözaltında kölgəliklər müşahidə olunur və xəstəliyin kəskinləşdiyi dövrlərdə daha aydın nəzərə çarpır.

  • Düzgün olmayan həyat tərzi

Yuxusuzluq, yorğunluq, daimi stress, qeyri-düzgün qidalanma, vaxtlı-vaxtsız tutulan pəhrizlər, zərərli vərdişlər (siqaret, alkoqol, narkotik maddələr) kimi faktorların təsirindən ilk növbədə gözaltı  nahiyənin  dərisi solğunlaşır, sallanır, daha sonra rəngi tündləşir, “torbalar” meydana çıxır.

 

 

       MƏSLƏHƏTLƏR

  • Yuxu rejimini qaydaya salmaq;
  • Balanslaşdırılmış və düzgün qidalanma rejimi seçmək;
  • Günəşdən qorunmaq məqsədilə havaya çıxarkən yüksək UB-faktorlu üz kremləri və günəş gözlüklərindən istifadə etmək;
  • Hər gün göz ətrafına dairəvi masaj etmək;
  • Soyuq islatmalar qoymaq;
  • Hündür yastıqdan istifadə etmək;
  • Televizor və kompüter qarşısında uzun müddət oturmamaq, gözlərə istirahət vermək;
  • Tərkibində K, C vitamini, antioksidant, peptidlər, böyümə faktoru və rəng açıcı maddələr olan gözaltı kremlərdən istifadə etmək.

 

       RESEPTLƏR

  • Gözdə olan yorğunluğu, şişkinliyi və ləkələri aradan qaldırmaq üçün aptek çobanyastığı, cökə çiçəyi və lavanda bitkilərindən hər hansı biri 1 stəkan qaynar suda 10 dəqiqə dəmlənir, süzülür, soyudulur. Pambıq dəmləmədə isladılır, gözlərin üzərinə qoyulur, 10 dəqiqə sonra götürülür.
  • Çiy kartof və təzə xiyar dilimlərini göz qapaqlarının üzərinə və gözaltına qoymaq yorğunluğu, şişkinliyi və piqmentasiyanı aradan qaldırır.
  • Gözaltındakı ləkəni aradan qaldırmaq üçün bir qədər təzə əməköməci həvəngdəstə ilə əzilir, üzərinə 1 ədəd yaşıl almanın şirəsi əlavə olunaraq qarışdırılır. Alınan qarışıq tənzifin arasına qoyularaq göz ətrafında 20 dəqiqə saxlanılır.
  • 100 qram cəfəri toxumu 0,5 litr 40 faizli spirtdə 2 həftə saxlanır, alınan cövhərlə gözətrafı nahiyələr vaxtaşırı silinir.
  • Piqment ləkələrini aradan qaldırmaq üçün yarım stəkan badam ləpəsinin üzərinə 1 stəkan qaynar su tökülür, 5 dəqiqə saxlanaraq süzülür və bir qaba tökülüb saxlanılır. Badam ləpələri ətçəkən maşından keçirilir və üzərinə yarım limonun suyu əlavə olunur, qarışdırılır, alınmış kütlə ilə göz qapaqlarına maska qoyulur. Yarım saat saxladıqdan sonra gözlər həmin suyla yuyulur.
  • Soya unundan hazırlanmış sıyıq piqment ləkələrində yaxşı nəticə verir.
  • Göz çevrəsində qan dövranı və qidalanmanı yaxşılaşdıramaq üçün Fitooil badam yağı və avokado yağı qarışdırılaraq göz ətrafı masaj edilir.
  • Yarım dəstə cəfəri ətçəkən maşından keçirilir və ya xırda doğranır, üzərinə 1 xörək qaşığı qatıq əlavə edilib qarışdırılır. Alınan qarışıqla 15 dəqiqə göz qapaqlarına maska qoyulur, ilıq suyla yuyulur.

 

 

 

Aygün HÜSEYNOVA,

həkim-pediatr

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem