HERBA FLORA







 

Adi zirinc qədim zamanlardan bəri tanınan və istifadə olunan bitkidir. Hələ qədim Babilistanda və Hindistanda yerli sakinlər zirinc meyvələrini qanı təmizləyən, Tibet monastırlarını idarə edən kahinlər isə ömrü uzadan vasitə hesab edirdilər. Qədim slavyan təbiblərinin zirinc kökləri və qabığından hazırladığı cövhər isə soyuqdəymə və qanaxmalarda tətbiq olunurdu. Onun meyvə, kök və gövdəsi vasitəsi ilə yun və dəri məmulatlar sarı rəngə boyanırdı.

 

Adi zirinc tikanlı və yarpağını tökən kol bitkisidir, adətən hündürlüyü 3 metrdən yüksək olmur. Avropa, Asiya, Afrika və Amerikanın mülayim və subtropik iqlim qurşaqları boyu yayılan, meşə talalarında və dağ yamaclarında daha sıx bitən 500 zirinc növü ayırd edilir. Turş dadına və faydalı xüsusiyyətlərinə görə onu bəzən “şimal limonu” da adlandırırlar.

 

Zirinc meyvələrinin tərkibində C vitamini, üzvi turşular, alkaloidlərdən berberin, qlükoza, fruktoza, aşı maddələri və efir yağı var.

 

Xalq təbabətində bitkinin meyvə, yarpaq, qabıq və köklərindən də müalicəvi vasitəsi kimi istifadə olunur. Zirinc meyvələrinin şirəsi qızdırmasalıcı, mikrob əleyhinə, qankəsici təsir göstərir, həmçinin toksinlərin xaric edilməsi, orqanizin təmizlənməsi və yaşlanma prosesini ləngitmək üçün tətbiq edilir. Həzm vəzlərinin sekresiyasını artırır, iştahanı və həzmi yaxşılaşdırır, hipoasid qastrit zamanı müşahidə olunan həzmsizlik və köp əlamətlərini aradan qaldırır.

 

Meyvələrin tərkibində olan berberin maddəsi əzələ sisteminə tonuslandırıcı təsir göstərdiyinə görə ürək və uşaqlıq əzələlərinin yığılma qabiliyyətini artırır, öd yollarının tonusunu tənzimləyərək öd axınını yaxşılaşdırır. Ona görə də zirincin təzə meyvələrinin yeyilməsi və ya şirəsinin içilməsi qaraciyər xəstəliklərin, revmatizm, bəzən də sidik kisəsi və böyrəklərin iltihabında yaxşı nəticə verir. Berberin alkalodi sayəsində zirinc alkoqol və nikotin asılılığının öhdəsindən gəlməyə kömək edir. Ürək vurğularının sayını azaltdığı və arterial təzyiqi aşağı saldığı üçün hipertoniya və taxiaritmiya zamanı da tatbiq olunur.

 

Ofisinal tibdə zirincin spirtli çıxarışı hepatitlərin, öd daşı xəstəliyinin müalicəsində və uşaqlıq qanaxmasının qarşısını almaq məqsədi ilə tətbiq olunur. Həmin cövhəri ev şəraitində hazırlamaq çox asandır. 20 qram zirinc yarpağı 15 gün 100 qram 70 faizli spirtdə isti və quru yerdə dəmlənir, alınan tünd-sarı rəngli cövhərin turşməzə dadı olur. Daha çox uşaqlıq əzələsinin tonusunu və yığılma qüvvəsini artırdığı üçün fibromioma zamanı və abortdan sonra baş verən qanaxmalarda səmərəli vasitə sayılır.

 

SOS! Zirincin yetişməmiş meyvələri zəhərli olduğundan onların yeyilməsi yolverilməzdir.

Uşaqlıq əzələsinin yığılama aktivliyini artırması və düşük təhlükəsi yaratması hamiləlik zamanı zirincin istifadəsini mümkünsüz edir. Həmçinin südvermə müddətində də zirinc yeyilməsi məsləhət görülmür.

Zirinc meyvələrinin artıq miqdarda yeyilməsi və ya onun qabığı əsasında hazırlanan preparatların doza həddinin aşılması başgicəllənmə, ürəkbulanma, iflic, burun qanaxması, dəridə ödem kimi zəhərlənmə əlamətlərinin yaranmasına səbəb olur.

Qaraciyər sirrozu, klimakterik qanaxma və ağır kəskin hepatitlərdə zirincin istifadəsi əks-göstərişdir.

 

  • Reseptlər

Zirinc yarpaqlarının bişirməsi

20 qram xırdalanmış quru zirinc yarpaqları üzərinə 1 stəkan su əlavə olunur, vam ocaqda 15 dəqiqə qaynadılır. Ocaqdan götürəndən sonra 40 dəqiqə dəmlənir, süzülür və qaynadılmış su əlavə edilərək əvvəlki həcmə çatdırılır. Həmin bişirmə ürəkbulanma və mədə-bağırsaq sisteminin xoralı xəstəliklərində gündə 3 dəfə 1 xörək qaşığı qəbul olunur.

 

Zirinc meyvələrinin bişirməsi

40 qram xırdalanmış meyvə 2 stəkan suda yarım saat vam ocaqda qaynadılır, süzüləndən sonra gündə 3 dəfə 1/4-1/3 stəkan qəbul edilir. Bişirmə ödqovucu və qızdırmasalıcı vasitə kimi tətbiq olunur.

 

Zirinc köklərinin bişirməsi

1 çay qaşığı qurudulmuş və xırdalanmış zirinc kökləri üzərinə 1 stəkan qaynar su əlavə olunur, vam ocaqda yarım saat qaynayandan sonra soyudulur və süzülür. Qaynar su əlavə olunaraq həcmi 1 stəkana çatdırılır və gündə 3 dəfə 1-2 çay qaşığı qəbul olunur. Daha çox hepatitlərin müalicəsində istifadə olunan bişirmə plevrit və bronxitlər zamanı da faydalıdır.

 

Saç tökülməsi və kəpək

Kosmetologiyada zirincdən dəmləmə və bişirmə formasında istifadə olunur. Üz dərisinin zirinc dəmləməsi ilə silinməsi regenerasiyanı sürətləndirdiyinə görə xırda çatışmazlıqların itməsi, dəri elastikliyinin artması və qırışların hamarlaşmasına səbəb olur. Həmçinin saç köklərini möhkəmləndirmək və tökülmənin qarşısını almaq, baş dərisinin kəpəklənməsini azaltmaq üçün zirinc dəmləməsi ilə durulamadan istifadə edilməsi yaxşı nəticə verir. 1 ovuc zirinc meyvəsi 1 litr qaynar suda dəmlənir və hər yumadan sonra saçlar süzülmüş məhlulla yaxalanır. Müalicə 2 ay aparılır.

 

Cavanlaşdırıcı maska

Orta ölçülü yaşıl alma və 4 xörək qaşığı zirinc meyvəsi ətçəkən maşından keçirilir, üzərinə 1 xörək qaşığı un və o qədər də xama əlavə edilir. Üzə çəkilərək 15 dəqiqə saxlanır və yaşıl çay dəmləməsi ilə yuyulur.

 

  • Kulinariya reseptləri

Zirincli alma marmeladı

500 qram zirinc az miqdarda suya tökülür, 5 dəqiqə qaynayandan sonra üzərinə dilimlənmiş alma əlavə edilir, yumşalana qədər bişirilir. İlıq şəkildə ələkdən keçirilərək tum və qabıqlardan təmizlənir. 300-400 qram şəkər əlavə olunaraq hazır olana qədər bişirilir.

 

 

   Nərgiz ƏLİYEVA     

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem