HERBA FLORA







Defisit anemiyalar – hemoqlobinin sintezi üçün vacib olan maddələrin orqanizmə kifayət gədər daxil olmaması, yaxud sorulmasının pozulması nəticəsində inkişaf edir, meqaloblast anemiyalar və mikrositar anemiyalar olmaqla iki qrupa bölünür. B12 defisitli anemiya meqaloblast qrupundan olan anemiyalara aiddir.


Epidemiologiya: Dünya əhalisinin 0,1 faizində, yaşlı insanların isə 1 faizində rast gəlinir.
30-40 yaş arasında 5000 nəfərdən, 60-70 yaş arasında isə hər 200 nəfərdən birində aşkarlanır.


Etiologiya:
I. Alimentar - B12 vitamini kifayət qədər orqanizmə daxil olmur, ət və süd məhsullarından istifadə olunmadıqda yaranır.


II. Daxili Castle faktorun olmaması nəticəsində B12 vitaminin sorulması pozulur. Castle faktorunun çatışmazlığının səbəbləri:
• Vit B12 daşınmasının irsi fermentopatiyası. Mədənin parietal hüceyrələrinə və qastromukoproteinə qarşı autoimmun antitellərin təsiri
• Mədə rezeksiyası - qastromukoprotein sintez olunmur.
• Mədənin selikli qişasına toksiki təsir olduqda - alkoqol. 
• Mədənin selikli qişasının atrofiyası zamanı.
• Mədənin fundal hissəsinin xərçəngində.


III. Bağırsaq divarlarında B12 vitaminin sorulması pozulur: 
• B12 defisitli anemiyanın irsi variantında (İmerslund – Qresbek sindromu)
• Tropik spru, seliakiya, disbakterioz 
• Reqionar ileit
• Pankreatit
• Nazik bağırsağın rezeksiyasında.


IV. B12 vitaminin bağırsaqlarda digər mikroorqanizmlər tərəfindən mənimsənilməsi
• Nazik bağırsağın çoxsaylı divertikullarında.
• Lentşəkilli qurd xəstəliyində, difillobatrioz.
• Kor ilgək sindromu.


V. Qara ciyərin və böyrəklərin xroniki xəstəlikləri


VI. B12 – yə təlabatın artması (hipertireoz, yenidoğulmuş dövrdə, α-talassemiya)
B12 vitaminin (kobalamin) kofermentləri metilkobalamin və adenozilkobalamindir. Plazmada üstünlük təşkil edən metilkobalamini orqanizm qaraciyər, ət, yumurta, süd, süd məhsulları kimi heyvani mənşəli qidalardan alır. Orqanizmdə 2-5 mq miqdarında olan kobalaminə sutkalıq təlabat 3-7 mkq-dır. Onun 2-5 mkq qədəri hər gün sidik və nəcislə itirilir. B12 vitaminin tərkibində həm sian qrupu, həm də kobalt atomu olduğu üçün ona siankobalamin deyilir.
B12 vitaminin sorulma mexanizmi:
B12 vitamininin daxili faktorla birləşməsi üçün qələvi mühit olmalıdır. Mədədə isə mühit turş olduğu üçün bilmir bu birləşmə baş vermir, əvəzində siankobalamin R proteinlə birləşir. Vitamin B12 və R-protein birləşməsi 12 barmaq bağırsağa keçdikdən sonra tripsin fermentinin təsirindən R protein parçalanır. Mədədən bağırsağa kecən daxili faktor qələvi mühitdə R proteindən ayrılmış B12 vitamini ilə birləşir, kobalamin–daxili faktor kompleksi əmələ gətirir. Kobalamin-daxili faktor kompleksi davamlıdır, bağırsaq fermentləri tərəfindən parçalanmır. Bu birləşmə nazik bağırsaq boyunca hərəkət edir və daxili faktor reseptorlar vasitəsi ilə nazik bağırsaqda kubulinlə birləşir. Kubulin zülaldır, bütün nazik bağırsağın selikli qişalarında aşkar olunur. Kobalamin-daxili faktor kompleksinin kubulinlə birləşməsi kalsium ionlarının iştirakı ilə pH 5,4 mühitdə baş verir. Kobalamin-daxili faktor kompleksi kubulinlə birləşdikdən sonra B12 vitamini nazik bağırsağın selikli qişasından qana sorulmağa başlayır. Qaraciyərdə bu birləşmə fol turşusunu aktivləşdirib folin turşusuna çevrilir. Bu da sümük iliyində qanyaranma prosesinə təsir göstərir. 


Klinika:
Xəstəlik adətən 40 yaşından yuxarı şəxslərdə müşahidə olunur. Bundan başqa alkoqol istifadəçilərində, mədə və bağırsağında problemi olan xəstələrdə, pəhriz saxlayanlarda, vegeterianlarda rast gəlinir. B12 defisiti zamanı orqanizmin üç orqan sistemində zədələnmə baş verir – həzm, sinir və qanyaranma sistemlərində.


Həzm sistemi: 
Xəstələrin bir qismi dildə olan ağrılardan (xüsusən də turş qidalar yedikdə), yanma hissindən şikayət edirlər, dil üzərində iltihabi ocaqlar, çatlar, səpgilər əmələ gəlir, iltihabi proses inkişaf edir. Proses yumşaq damağa, udlağa, yemək borusuna qədər yayıla bilir. Dil üzərində olan məməciklər atrofiyaya uğradığı üçün onun səthi hamar və parıltılı olur. Tibbdə bu simptom laklanmış dil adlandırılır. İştah pozğunluğu, ət qidalarına qarşı ikrah hissi bu xəstəlik üçün xarakterikdir.
R-müayinədə mədənin selikli qişasının qalınlaşması, qatların hamarlanması və evakuasiyanın sürətlənməsi aşkar olunur. Qastroskopiyada mədənin selikli qişasında ocaqşəkilli və ya total atrofiya, axiliya əlamətləri görünür. Qara ciyərin böyüyür, yumşaq konsistensiyalı olur, dalaq isə bir qədər bərk olur, çətin palpasiya edilir. 


Sinir sistemi:
B12 defisiti zamanı onurğa beyninin yan və arxa sütunlarının degenerasiya və sklerozu inkişaf edir ki, bu proses funikulyar mieloz adlanır. Bu zaman ətraflarda keyimə, iynə batması, qarışqa gəzintisi hissiyyatı əmələ gəlir və xəstələr yeriməyin çətin olmasından şikayət edir. B12 vitamini neyronlar üçün mielin qatıdır. Defisit əmələ gəldiyi zaman tamlıq pozulur və sinir hüceyrələrinin geri dönməyən məhvi nəticəsində sinir uclarına impulsun ötürülməsi pozulur. Nəticədə hissiyyat itir. 
Boy artımı ləngiyir, hərəkət koordinasiyası və nəsiltörətmə qabiliyyəti pozulur. Bəzi hallarda psixikanın pozulması, hallüsinasiyalar, maniakal-depressiv hallar, yaşlı insanlarda yaddaşın itməsi baş verir. Ağır gedişatlı B12 defisiti zamanı kaxeksiya, arefleksiya, aşağı ətrafların iflici, hissiyatın tam itməsi, trofik pozuntular, spastik parez, çanaq orqanlarının funksiyasının pozulması, komatoz vəziyyət inkişaf edə bilir. Bəzən baş beyin sinirlərinin də funksiyası pozulur, iybilmə, eşitmə, görmə zəifləyir.
Qanın göstəriciləri:
Qanın ümumi müayinəsində hiperxrom, bəzən də normoxrom makrositar anemiya aşkrlanır. Bu zaman eritropoez zəifləyir və qanda eritrositlərin sayı azalır ölçüləri normadan böyük olur, eritrositlərdə degenerativ dəyişikliklər olur. Anizositoz və poykilositoz, yəni eritrositlərin həm ölçülərinə, həm də formalarına görə bir-birindən fərqlənməsi müəyyən olunur. Periferik qanda retikulositlərin sayı azalır. Rəng göstəricisi 1,4-1,8 arasında, MCV 100-150 fl (norma 88-100 fl), MCH 40-50 pq (norma 26-34 pq), MCHC normal göstəricisi təyin edilir. Oval formalı makrositlər - Jolly cisimcikləri, Kebot həlqələri diaqnostokada önəm kəsb edir.
Leykositlərin miqdarı azalır. Xüsusilə neytrofillərdə hiperseqmentasiya qeyd olunur, eozinofillər, bazofillərin sayı azalır və ya tam yox olur. 
Trombositopeniya qan cisimciklərinin ölçülərinin böyüməsi ilə müşayiət olunur, lakin funksiyası pozulmur.


Müalicə
B12 vitamini bitki mənşəli məhsullarda olmadığı üçün onun defisitinin qarşısını yalnızca heyvani məhsullardan istifadə etməklə almaq olar. Xüsusən də yağsız mal əti, qaraciyəri, süd, yumurta B12 ilə zəngindir, bitkilərdən isə təkcə dəniz kələminin tərkibində az miqdarda olur.

 

Sevinc ƏLİFƏTTAHZADƏ
 həkim-hematoloq

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem