HERBA FLORA







  

 

Çoxillik ot bitkisi olan yerarmudunu topinambur, Qüds ənginarı, bulba və barabolya adı ilə də tanıyırlar. Onun adı Braziliyada hindu qəbiləsi tupinambusun şərəfinə verilib və XVII əsrdə Fransaya gətirilib. Yabanı halda, əsasən Şimali Amerikada rast gəlinir. Çox güclü kök sistemi torpağın dərin qatlarında yerləşir. Yeraltı zoğlarında ağ, sarı, bənövşəyi və qırmızı rəngli yeməli kökyumruları əmələ gəlir və torpağın altında qışlayır.

 

Yerarmudunun vətəni Şimali Amerika hesab edilir və həmin ərazilərdə yabanı halda yetişir. Avropalıların topinamburu kəşf etməsindən əvvəl hindular onu mədəni formada yetişdirirdi. Avropaya gələndən 20 il sonra onu İngiltərə bazarlarında satışa çıxardılar. Hollandiyada onu yer ənginarı da adlandırır, hətta XVIII əsrdə kartofla səhv salırdılar.

 

Yerarmudu XIX əsrin ikinci yarısından etibarən bütün Avropada o qədər geniş yayıldı ki, bir çox ölkələr onu nəzarət siyahısına, məsələn, İsveçrədə "watch-liste"ə daxil edildi. Topinambur, əsasən münbit və günəş işığı bol olan torpaqlarda bitir, lakin şoran və zəif gün işığı düşən ərazilərdə də asanlıqla yetişir.

 

Heyvanlar, o cümlədən dovşan, maral, qaban və sığın üçün qiymətli yem hesab edilir. İnəklərdə süd ifrazını çoxaldır, südün yağlılığı artır, toyuqlara verildikdə isə yumurtaqoyma tezləşir və çoxalır.

 

Sentyabrın axırlarında bitkinin yaşıl hissəsi kombaynla toplanır, gövdə və yarpaqlarından heyvanlara vermək üçün silos hazırlanır.

 

 

  Kimyəvi tərkibi 

 

Yerarmudu kimyəvi tərkibinə görə kartofa bənzəyir. Qidalılıq dəyəri isə bir çox tərəvəzləri ötür, hətta yem çuğundurundan iki dəfə artıqdır. Onun tərkibinə 3 faiz zülal, mineral duzlar, 16-18 faiz həll olan polisaxarid inulin, fruktoza, mikroelementlər, B1 vitamini, C vitamini və karotin daxildir. Tərkibindəki şəkərin miqdarı yığılma vaxtından asılı olaraq dəyişir.

 

ABŞ-da yerarmudundan kasnıya analoq olaraq diyetik qəhvə surroqatı hazırlanır, zoğlarından isə sıxılma nəticəsində şirin şirə alınır.

 

 

  Faydalı xüsusiyyətləri 

 

Yerarmudu tərkibindəki inulinin sayəsində bir çox toksiki maddələri orqanizmdən xaric edir. İnulin, həmçinin həzm prosesini aktivləşdirir, ödün qovulmasını stimullaşdırır. Uzun müddət yerarmudundan istifadə edəndə orqanizmin immun müqaviməti artır, həzm sisteminə zədələyici təsir göstərən müxtəlif patogen agentlərə qarşı davamlılıq yaranır, bağırsaq mikroflorasına müsbət təsir göstərir. Yerarmudu ürəkbulanmanı azaldır, qusmanı dayandırır, mədədə qıcqırmanın qarşısını alır, ağızda acılığı götürür. Tərkibinə daxil olmasa da, selenin mənimsənilməsini sürətləndirir. Əlverişsiz ekoloji şəraitdə yaşayanlara ondan mütəmadi istifadə etmək məsləhət görülür. Yerarmudu ağır metal duzlarını orqanizmdən xaric edir.

 

 

  RESEPTLƏR   

 

 Şəkər əleyhinə dəmləmə

Topinamburun yumrusu və ya 3 xörək qaşığı qurusu 1-2 litr suda dəmlənir, alınan dəmləmə gün ərzində içilir. Dəmləmə mədəaltı vəzin fəaliyyətinə müsbət təsir edərək qanda şəkərin miqdarını azaldır, arterial təzyiqi aşağı salır, qanda hemoqlobini artırır.

 

 Topinambur şirəsi

Hər gün səhər 2 xörək qaşığı topinambur şirəsi 2 xörək qaşığı su ilə qarışıdırılaraq acqarına qəbul ediləndə baş ağrılarına, yüksək arterial təzyiqə və mədə qıcqırmasına müsbət təsir göstərir. Artıq qalan şirə soyuducuda saxlanmalıdır.

 

  SOS: Yerarmudunu çiy halda istifadə edəndə meteorizm (köp) əmələ gətirir.

 

 

 

  Kulinariyada tətbiqi 

 

Yerarmudunun kök yumruları çiy şəkildə, qaynadılmış və ya qızardılmış halda yeyilir. Ondan kompot, çay, salat və çipslər hazırlanır. Kartofdan fərqli olaraq torpaqdan çıxarılmış kök yumrularını uzun müddət saxlamaq olmur və onu soyuducuya qoyanda saf qalma müddəti 1 aya qədər uzanır. Yerarmudu öz dadını payızın axırlarından yazın əvvəllərinə qədər saxlayır. Bitkinin yumruları dondurulanda tərkibində olan inulin fruktozaya parçalanır və dadı şirinləşir.

 

İspaniya mətbəxində yerarmudundan hazırlanan Pata Neqra adlı yemək var, onu yerarmudu, ənginar, trufel göbələyi və zeytun yağından bişirirlər. Rusiyada isə yerarmudu şorbası yeyilir.

 

 

 

 KULİNARİYA RESEPTLƏRİ 

 

 Topinambur salatı

4 ədəd orta ölçülü yerarmudu kiçik kublar şəklində doğranır, üzərinə 2 ədəd qaynadılıb doğranmış yumurta və

1 ədəd qarğıdalı konservi əlavə edilir. Qarışdırılaraq zövqə görə üzərinə bitki yağı, ədviyyat və göyərti səpilir.

 

 Vitaminli dadlı içki

Yerarmudunun cavan zoğları çiçəkləməyə qədər və ya elə həmin dövrdə yarpaqları ilə birlikdə toplanılıb qurudulur. Alınan quru xammaldan 15-20 qram götürülərək üzərinə 1 litr qaynar su əlavə edilir. Dəmləmə gün ərzində içilir, ona mürəbbə və ya bal da əlavə etmək olar.

 

 

Zümrüd RƏHİMOVA     

həkim-terapevt     

 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem