HERBA FLORA







 

Son illər uşaqlarda diqqət yayınıqlığı və hiperaktivlik sindromu neyropediatriyanın ən aktual problemlərindən birinə çevrilib. Problemin aktuallığı rastgəlmə tezliyinin çoxalması və onun sosial problemə çevrilməsi ilə əlaqədardır.

Diqqət yayınıqlığı sindromu olan uşaqlar normal və ya normadan yüksək intellektə sahib olsalar da, bir qayda olaraq məktəbdə o qədər də yaxşı oxumurlar. Öyrənmədə olan çətinliklərlə yanaşı həmin uşaqlarda hərəki hiperaktivlik, fikrin cəmləmədə qüsur, diqqətin yayınması, hərəkətlərin impulsivliyi, ətrafdakılarla qarşılıqlı münasibətlərdə çətinliklər müşahidə olunur. Diqqət çatışmazlığı sindromuna təkcə uşaqlarda deyil, yaşlılarda da rast gəlinir.

 

Diqqətin yayğınlığı və ya hiperaktivlik sindromu mərkəzi sinir sisteminin, xüsusən də retikulyar formasiyanın disfunksiyası və bunun nəticəsində də diqqətin cəmlənməsinin, öyrənmənin, xarici və daxili informasiyanın təhlilinin çətinləşməsi ilə xarakterizə olunan haldır.

 

Bəzi tədqiqatçılar sindromun rastgəlmə tezliyinin şagirdlər arasında 5-18 faizə qədər olduğunu göstərir. Hər sinifdə ən azı bir hiperaktiv uşaq olur. Rastgəlmə tezliyi oğlanlarda qızlara nisbətən iki dəfə çoxdur.

 

Amerika psixoloqlar assosiasiyasının təsnifatına görə sindrom üç formada müşahidə olunur: diqqət çatışmazlığı və hiperaktivlik sindromu; hiperaktivlik olmadan diqqət yayınıqlığı sindromu və diqqət yayınıqlığı olmadan hiperaktivlik sindromu. Hiperaktivlik olmadan diqqət yayınıqlığı adətən qızlarda rast gəlinir.

Patologiyanın səbəbi tam araşdırılmasa da, tədqiqatçıların böyük əksəriyyəti sindromun genetik etiologiyasını təsdiqləyir. Həmin uşaqların nəsil ağacında sayrışan hallar, sinir tikləri Jil de la Turetta sindromundan əziyyət çəkən yaxın qohumlara təsadüf edilməsi neyromediator pozulmaların genetik meyilliklə əlaqədar olduğunu göstərir.

 

Diqqət yayınıqlığı və hiperaktivlik sindromu dofamin mübadiləsi və daşınmasını təmin edən genlərin mutasiyası ilə determinə olunur. İrsiyyətlə yanaşı sindromun ailə, pre- və perinatal risk faktorları da müəyyən edilib.

 

Ailə faktorlarına ailənin aztəminatlılığı, ətrafdakı kriminal durum və valideynlər arasında kəskin anlaşılmazlıq aiddir. Psixoloqlar anada olan neyropsixi pozulmaların, onun alkoqol asılılığının və ya seksual davranışında pozulmaların olmasını xüsusi qeyd edirlər. Pre- perinatal risk faktorları arasında yenidoğulmuşların asfiksiyası, ananın hamiləlik dövründə alkoqol və ya dərman preparatları qəbul etməsi və siqaret çəkməsi əsas yer tutur.

 

Sindromun patogenezində retikulyar formasıyada noradrenalinin miqdarının azlığı və buna görə də onun aktivləşmə mexanizmlərinin pozulması əsas rol oynayır. Retikulyar formasiya öyrənmə və yaddaşın koordinasiyası, daxil olan informasiyanın təhlil olunması və diqqətin spontan saxlanılmasına cavabdehdir. Retikulyar formasiyada baş verən pozulma informasiya selinin adekvat təhlilinə mane olur, nəticədə uşaq görmə, səs və emosional qıcıqlarların öhdəsindən gələ bilmir, daha narahat, həyəcanlı və aqressiv olur.

Retikulyar formasiyadan başqa sindromun inkişafında alın paylarının qabığı ilə qabıqaltı nüvələri birləşdirən aparıcı yollarda baş verən disfunksiya da rol oynayır.

 

Uşaqlarda diqqət yayınıqlığı və hiperaktivlik diaqnozu bir sıra əlamətlərin aşkar olunması nəticəsində qoyulur:

- əlamətlərin erkən, yəni 7 yaşdan əvvəl yaranması və 6 aydan çox davam etməsi;

- əlamətlərdən bəzilərinin həm evdə, həm də məktəbdə müşahidə olunması;

- əlamətlərin başqa xəstəliklərlə əlaqədar olmaması;

- öyrənmənin və müəyyən sosial funksiyaların pozulması.

 

Diqqət yayınıqlığının aşkar etmək üçün olan əlamətlər:

- detallara fikir vermir və səhvlərə yol verir;

- oyun və ya iş üzərində diqqətini çətinliklə toplayır;

- ona deyilənə qulaq asmır;

- təlimatlara uyğunlaşa bilmir;

- tez-tez əşyalarını itirir;

- unutqan olur.

Diaqnoz qoymaq üçün əlamətlərdən ən azı 5-i olmalıdır.

 

Uşağın hiperaktivliyini göstərən əlamətlər:

- əlləri və ayaqları ilə həyəcanlı hərəkətlər edir;

- tez-tez yerindən sıçrayır;

- hərəkətsiz qalmaq lazım olanda hədsiz çox hərəkətlər edir;

- hər zaman hərəkət edir;

- "sakit" oyunlar oynaya bilmir;

- hədsiz çox danışır.

 

Uşağın impulsivliyini, yəni danışmazdan və ya hər hansı hərəkəti etməzdən əvvəl dayanıb düşünə bilmədiyini göstərən əlamətlər:

- sualı sona qədər dinləməmiş cavab verir;

- öz növbəsini gözləyə bilmir;

- başqalarının söhbət və oyunlarına qarışır.

 

Sindromun təzahürləri adətən 5-6 yaşa qədər üzə çıxır, bəzən də artıq 1 yaşından özünü göstərir. Onlar həddən artıq oyanıq və yuxusu pozulmuş olur. Sonralar daha çox hallarda sözə baxmır, valideynlər onların öhdəsindən çətinliklə gəlir.

 

Məktəbyaşlı uşaqlar yüksək intellekt göstəricilərinə malik olsalar da, hərəkətliliyi və impulsivliyi nəticəsində oxu və yazı vərdişlərini gec qavrayır, ev tapşırıqlarının öhdəsindən çətinliklə gəlir, çoxlu səhvlərə yol verir, böyüklərin məsləhətlərinə qulaq asmağa meyilli olmur, ətrafdakılar – valideyn, müəllim və yaşıdları üçün daim narahatlıq mənbəyi olur. Belə uşaqlar kollektivə çətin uyğunlaşır lider olmağa can atsa da impulsivliyi ucbatından yaşıdları, müəllimləri ilə tez-tez münaqişəyə girir, ağır hallarda ictimai normalara zidd hərəkətlər edirlər. Asosial davranış daha çox yeniyetməlik dövründə baş veirir və onlar siqaret və narkotik maddələrin qəbuluna meyilli olurlar.

 

Müalicə sistemi kifayət qədər təkmilləşdirilməsə də, mütəxəssislər qeyri-dərman müalicəsi ilə başlamağa üstünlük verir. Belə korreksiya davranışın qaydaya salınması, psixoterapiya və pedaqoji tədbirləri özündə birləşdirir.

Diqqət yayınıqlığı və hiperaktivlik sindromu olan uşaqlar kiçik qruplarda, uşaq sayı az olan siniflərdə dərs keçməli, dərs müddəti 30 dəqiqəyə qədər azaldılmalı, müəllimlə daha yaxşı əlaqə və ünsiyyət üçün birinci partada oturmalıdırlar. Valideynlərlə psixoterapiya seansları keçilməlidir ki, onlar uşağının hərəkətini "xuliqanlıq" kimi qiymətləndirməsin, daha çox anlayış və səbr göstərsinlər. Uşağın gündəlik rejimi gözlənilməlidir, yemək həmişə eyni vaxtda yeyilməli, ev tapşırıqlarının yerinə yetirmək və yatmaq üçün ayrılmış saatlar dəyişdirilməməlidir. Uşağa artıq enerjisini xərcləmək üçün qaçmaq, oynamaq və fiziki hərəkətlər etmək imkanı yaradılmalıdır, bununla yanaşı uşağın həddən artıq yorulmasına yol verilməməlidir. Diqqətini cəmləməkdə çətinlik çəkdiyinə görə müəyyən zaman ərzində ona yalnız bir tapşırıq verilməlidir. Oyun dostları sakit və stabil psixikalı uşaqlar olmalıdır.

 

Dərmansız müalicə səmərə vermədikdə medikamentoz üsullara üstünlük verilir. Daha çox psixostimulyator, antidepressant, trankvilizator və nootrop preparatlardan istifadə olunur.

 

Mütəxəssislər hesab edir ki, tərbiyənin "pozitiv modeli" tətbiq olunmalıdır. Lazım olanda və bunu qazananda uşağın təriflənməsi, uğurlarının xüsusi qeyd olunması onda özünə inamı artıracaq. Açıq havada fiziki hərəkətlər, bir-iki yoldaşla sakit oyunlar oynamaq faydalı olacaq. Uşaqla yumşaq, sakit və xoş danışılmalı, "yox" və "olmaz" sözlərindən mümkün qədər az istifadə olunmalı, boş yerə cəzalandırılmamalıdır. Diqqətini toplayaraq uşağın gördüyü hər işə görə ona həvəsləndirici hədiyyə verilməlidir.

Hiperaktivlik sindromunun əlamətləri adətən yeniyetməlik çağına qədər bir az səngiyir, gənclik dövründə isə keçir. Uşaqların təxminən yarısında, xüsusən də ailə anamnezində psixi pozuntu, alkoqolizm, narkomaniya olanlarda diqqət yayınması və impulsivlik əlamətləri yetkin yaşlara qədər qalır.

 

       RESEPTLƏR 

 

  • 1 çay qaşığı pişikotu kökü və bədrənc yarpağı (melissa) eyni stəkanda dəmlənir, 1 xörək qaşığından gündə 3-4 dəfə içilir.
  • Yaşa uyğun olaraq 1 çay, desert və ya xörək qaşığından gündə 2-3 dəfə Nevronat şərbəti daxilə qəbul olunur.
  • 2 filtr-bağlama Sedativ çayın dəmləməsi 1 xörək qaşığından gündə 3 dəfə içilir.

 

Esmira ZEYNALOVA,    

həkim-terapevt    

 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem