HERBA FLORA







 

Günəşin üzünü daha gec göstərdiyi qış günlərində menyuda sitrus meyvələrinin özünəməxsus yeri var. Bu onların həm tərkibinin zənginliyi, həm narıncı rəngin verdiyi xoş əhvali-ruhiyyədən, həm də uzun müddət tərkibini dəyişmədən saxlanıla bilməsindən irəli gəlir. Orqanizmin qışda mineral və vitaminlərə olan tələbatını qarşılayan sitrus meyvələrinin içərisində naringinin xüsusi yeri var. Əsasən uşaqların sevimlisi olan naringi faydalı mineral və vitamin baxımından olduqca zəngindir.

 

Naringi meyvəsinin lətli hissəsinin tərkibində limon və bir sıra üzvi turşular, şəkərli birləşmələr, A, D, K, B4, C, tiamin, riboflavin, rutin kimi vitaminlər və fitonsidlər mövcuddur. Naringinin qabığına xüsusi rərg verən sarı və narıncı rəng piqmentlərinin içərisində A vitamininin provitamini olan karotin və naringi efir yağı mövcuddur. Efir yağının tərkibi isə bitkinin meyvələrinə, yarpaq və çiçəklərinə özünəməxsus ətir və dad verən alfa-linolen, antranil turşusunun metil efiri kimi maddələrlə zəngindir.

 

Bunlardan başqa naringi meyvələri kalium, maqnezium, natrium, kalsium, fosfor, dəmir kimi bir sıra faydalı mineral və elementlərlə də zəngindir. Naringi meyvəsi və şirəsi xüsusilə qış aylarında orqanizmi möhkəmləndirir, həzmi yaxşılaşdırır, bir sıra xəstəliklər zamanı orqanizmə mikrob və viruslarla mübarizə aparmaqda yardımçı olur. Fitonsidlərlə zəngin  olduğundan qripkəskin tənəffüs infeksiyaları zamanı güclü antiseptik, antivirus təsir göstərir, xəstəlik nəticəsində yüksəlmiş bədən hərarətini tənzimləyir. Həmçinin sineferin maddəsi sayəsində tənəffüs yollarında olan ödemispazmı aradan qaldırır, quru ayrıntını yumşaldaraq bəlğəmin xaric olmasını asanlaşdırır. Bundan başqa fitonsidlər həm də güclü antifunqal təsir göstərir.

 

Tərkibindəki yüksək miqdarda molibden ehtiyatına və C vitamininə əsasən naringi meyvələri sərbəst radikalların neytrallaşaraq orqanizmdən xaric olmasını asanlaşdırır, antioksidant təsir göstərir, flüor itkisinin qarşısını alaraq diş emalını möhkəmləndirir. Həmçinin sidik turşusunun orqanizmdən xaric olmasını asanlaşdırır. Təbii C vitamininin immunmodulyator təsiri sayəsində yad amillərə qarşı orqanizmin özünümüdafiə qabiliyyətini artırır.

 

Naringi meyvələri həm də yaxşı qankəsici damarmöhkəmləndirici təsir göstərir. Bu onun tərkibində olan K vitamini ilə əlaqədardır. Bu xüsusiyyətinə əsasən naringi şirəsi və meyvəsi qanaxmaya meyilli, damar keçiriciliyinin artdığı bəzi xəstəliklərdə geniş istifadə edilir.

 

Xalq təbabətində naringinin meyvələri ilə yanaşı onun qabıqları da istifadə edilir. Yuxarı tənəffüs yollarının xəstəlikləri zamanı bəlğəmi yumşaldaraq xaric olunmasını yaxşılaşdırır. Həmçinin ishal zamanı naringi qabıqları büzücü təsir göstərərək ishalın qarşısını alır. Bundan başqa qızdırmasalıcı, qusma əleyhinə, sakitləşdirici təsirləri də mövcuddur.

 

Meyvəsinin və qabıqlarının tərkibində olan provitamin A sayəsində gözün görmə qabiliyyətini, dəri və selikli qişaların vəziyyətini yaxşılaşdırır. Naringi meyvələri rəngi, ətri və tərkibindəki B qrupu vitaminləri sinir sistemini möhkəmləndirir, əhvali-ruhiyyəni yaxşılaşdırır.

 

 Maraqlıdır 

Alimlər naringinin tərkibində nitratlar toplanmadığını aşkarlamış və bunu naringinin tərkibindəki limon turşusunun varlığıyla əsaslandırmışlar.

Dietologiyada da naringi çox istifadə edilən meyvələrdən biridir. Bu onun tərkibində şəkərin olmasına baxmayaraq az kalorili olması, bitki liflərinin həzmi və bağırsaqların fəaliyyətini yaxşılaşdırması, mürəkkəb karbohidratlardan xüsusilə pektin sayəsində orqanizmi gündəlik enerji ilə təmin  etməsi ilə əlaqədardır.

 

 Naringi istifadəsinə əks göstəriş olan hallar 

Mədə və 12 barmaq bağırsaq xorası, hiperasid qastrit, enterit, kolit kimi bağırsaq xəstəliklərinin kəskinləşməsi, kəskin xolesistit, nefrit və kəskin hepatit kimi bir sıra xəstəkilər, həmçinin sitrus meyvələrə qarşı güclü allergik reaksiyası olanların da naringidən istifadəsi məsləhət deyil.

 

 Naringi qabıqlarının dəmləməsi 

100 qram qurudulmuş naringi qabıqlarının üzərinə 200 ml qaynar su əlavə edilir, zəif ocaqda 2-3 dəq qaynadılır. Ocaqdan götürülərək 15-20 dəq dəmlənir, süzülür. 1 çay qaşığı bal əlavə etməklə ilıq halda qəbul edilir. Belə dəmləmə əsəbləri sakitləşdirir və yuxunu yaxşılaşdırır.

 

 Kulinariya reseptləri 

Naringili marinad

500 qram üzüm giləsi, 3 ədəd iri armud, 6 ədəd nazik qabıq naringi götürülür. Armud və naringi qabıqlı şəkildə iri-iri doğranır, üzümlə birlikdə şüşə qaba yığılır. Marinadı hazırlamaq üçün qazana 100 ml alma sirkəsi, 100 qram şəkər tozu, 1 çay qaşığı iri duz, 2 ədəd darçın çubuğu, 4-5 ədəd hil, 1 çay qaşığı dənəli qara istiot, 1 ədəd dəfnə yarpağı əlavə edilir. Şəkərlə duz əriyənə qədər zəif ocaqda qaynadılır. Hazır olan marinad meyvələrin üzərinə əlavə edilir, qabın ağzı kip şəkildə bağlanır. Marinadı başqa meyvə qarışıqları ilə də hazırlamaq olar.

 

Naringi kokteyli

1 ədəd banan, 1 ədəd armud, 5 ədəd naringi iri şəkildə doğranır, blenderdən keçirilir. Üzərinə bir çimdik darçın əlavə edib şüşə qədəhdə süfrəyə verilir.

 

Aygün Hüseynova    

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem