Gözəl qamətin sirləri

кDüzgün qamət gözəllik və yaraşıq mənbəyidir. Şax duruş, geniş açılmış çiyinlər hər bir qadına məftunedici görünüş bəxş edir. Düzgün qədd-qamət olmadıqda heç bir dikdaban ayaqqabı və dəbli geyim qadına cazibədarlıq gətirmir. Bəzən belə bir təəssürat formalaşır ki, gözəl qamətlə ancaq balerina, rəqqas, aktrisa və top-modellər öyünə bilərlər. Əslində heç də belə deyil, gözəl və düzgün qamətə sahib olmaq hər kəsin öz əlindədir.

Gözəl qədd-qamət üçün ilk növbədə sağlam və düzgün onurğaya sahib olmaq əsas məsələdir. Onurğa normal deyilsə, qarın və döş qəfəsi orqanları da normal vəziyyətdə olmur. Buna görə də həmin orqanların funksiyaları pozulur və müxtəlif xəstəliklər meydana çıxır.

Düzgün qaməti təkcə kürək deyil, həm də qarının aşağı hissələrinin əzələləri formalaşdırır və onurğanı düz saxlamağa imkan verir. Gözəl qamətə sahib olmaq üçün ilk növbədə qarın əzələlərindəki piy qatının əridilməsi üzərində işləmək lazımdır. Ən sadə üsul daim qarını içəri yığıb saxlamaqdan ibarətdir. Qarın əzələlərinin yüngül gərginlikdə saxlanılması öz bəhrəsini tezliklə verir: gərilmiş qarın əzələləri onurğanın aşağı hissələrini düzgün vəziyyətə salır.

Düzgün qamət üçün düzgün oturmaq lazımdır. Çox vaxt oturanda bel əyilir, baş və boyun çiyinlərə doğru qısılır. Belə oturuş onurğanın boyun nahiyəsində əlavə yük yaradır və onun deformasiyasına gətirib çıxarır. Oturarkən çənəni sinəyə doğru aşağı salmaq və kürək sümüklərini bir-birinə doğru mümkün qədər yaxınlaşdırımaq lazımdır. Həmin hərəkət zamanı onurğa dartılır və gərginlik götürülür.

Qamət üçün məşqlər

Divara söykənərək kürək, çiyin, çanaq, qollar, ovuc və daban divara doğru möhkəm sıxılır. Belə vəziyyətdə bir dəqiqə dayanıb 7 dəfə dərindən nəfəs alıb-vermək lazımdır. Sonra vəziyyəti dəyişmədən otağın içərisində müxtəlif istiqamətlərə addımlar atılır. Elə təsəvvür etmək lazımdır ki, divar kürəyə yapışıb və onu özünlə daşıyırsan.  Beli donqar olanlar üçün həmin məşq əvvəllər bir qədər ağrılı ola bilər.

Yenə divara söykənilir, bu dəfə əvvəlki kimi möhkəm yox. Dizi bükərək hər ayaq 7 dəfə açılıb-yığılır. Həmin hərəkəti yerinə yetirmək istənilən ayaqqabıda, hətta dikdabanda da rahatdır.

Divara söykənərək qollar dirsəkdə qatlanılır. Hər qol 7 dəfə açıb-bükülür. İstənilən geyimdə onu yerinə yetirmək çətinlik törətmir.

Eyni vəziyyətdə sağ əl və sol ayaqla 7 dəfə həmin hərəkətlər edilir, sonra digər əl və ayaqla təkrarlanır.

İrəliyə doğru əyilməklə əlləri aşağı sallayıb yellədərək 7 dəfə dərindən nəfəs alıb-vermək lazımdır.

Kürək düz vəziyyətdə saxlanılır və sanki suda üzürmüş kimi qollarla dairəvi hərəkətlər edilir. Çiyin əzələləri üzərindəki məşq boyunu düz tutmağı asanlaşdırır. Onurğanı düz tutmağı vərdiş edincəyə qədər kətillərdə əyləşməmək məsləhətdir, çünki söykənəcəyin olmaması beli bükməyə sövq edir.

Düz dayanaraq əllər bədəndən bir qədər aralı vəziyyətdə aşağı salınır. Bədəni yerdən qopararaq yuxarıya doğru dartılır. Hərəkəti yerinə yetirərkən çənə nisbətən aşağı əyilmiş vəziyyətdə olmalıdır.

Səhər və axşam qabağa doğru əyilərək əllərlə topuğu tutmağa cəhd edilməsi məşqləri də qaməti gözəlləşdirir. Onurğa dartılır və onun “əyriliyi” aradan qaldırılır.

Dizləri qatlayıb dabanların üstünə oturmaq, ovuclarla dizləri tutub onurğanı düzləşdirmək və 3-4 dəqiqə həmin vəziyyətdə qalmaq çox faydalıdır. Kürəyin vəziyyətini idarə etmək üçün həmin məşqi güzgünün qarşısında yanakı oturaraq yerinə yetirmək lazımdır. Əgər məşq gündə iki dəfə edilsə, onda əzələlər tədricən düzgün vəziyyət alacaq.

Düzgün qamət üçün ən səmərəli məşqlərdən biri də üzməkdir. Bədəni suyun içərisində idarə etmək asandır. Məşq üçün ən yaxşısı kürək üzərində üzməkdir, həmin vaxt boyun sərbəst buraxılır, üfüqi vəziyyət alınır və bütün kürək əzələləri işləyir. Belə formada üzərkən əsas məsələ rahatlıqdır, sürət o qədər də önəmli deyil. Darıxdırıcı olmamaq üçün kürək üzərində üzməyi sərbəst üzməklə növbələşdirmək olar. Bununla çiyin və qarın əzələləri möhkəmlənmiş olur.

Qamətin düzəlməsinə əmin olmaq üçün test

Əvvəlcə güzgü qarşısında bədən ideal vəziyyətə gətirilir. Sonra güzgüyə baxmadan müxtəlif hərəkətlər etmək, əyilib-qalxmaq və yenidən əvvəlki vəziyyətə qayıtmaq lazımdır. Əvvəlki vəziyyətə qayıtdıqdan sonra qamətin güzgünün köməyi olmadan düzgün vəziyyət alması məşqlərin uğurlu nəticə verdiyini sübut edir.

İdeal qamət üçün yoqa məşqləri

Sadə və effektiv yoqa məşqləri gözəl qamət arzusunda olanların onurğasındakı ağrıları aradan götürür və kürək əzələlərini möhkəmləndirir.

I məşq: körpə vəziyyəti

Xalçanın üzərində dizlərin üstünə durub ovucları bir-birinə doğru istiqamətləndirərək əllər

yuxarı uzadılır. Çanaq tədricən dabana doğru aşağı salınır, irəliyə əyilərək əllər yerə sıxılır. Boyun əzələləri zəifləyəndə əvvəlki vəziyyətə qayıdılır.

Məşqi gündə 6 dəfə etmək məsləhətdir.

II məşq: əsgər vəziyyəti

Bir ayaq digərindən 3-4 addım qabaqda, əllər yanda, onurğa düz vəziyyətdə saxlanılır. Qabaqda olan ayaq qatlanaraq irəliyə doğru dartınır və barmaqlar başın üzərində kilitlənir.

Məşqi hər ayaq üzərində 6 dəfə etmək məsləhətdir.

III məşq: kərtənkələ vəziyyəti

Bir ayaq qatlanır, o biri ayaq arxaya doğru uzadılır. Əlləri yerə dayayaraq bədən perpendikulyar vəziyyətdə dartınır. Sonra bədən dizə doğru əyilir.

Məşq hər ayaq üzərində 6 dəfə təkrarlanır.

IV məşq: körpü vəziyyəti

Kürəyi üstə uzanaraq əllər yerə perpendikulyar vəziyyətdə bir-birinə kilitlənir və tavana doğru dartılır. Çanaq sümüyü yerdən qaldırılır və tavana doğru dartınır, sonra yenidən ilkin vəziyyətə qayıdılır.

Məşq 6 dəfə yerinə yetirilir.