Dəri hiperpiqmentasiyaları və depiqmentasiyaedici vasitələrə müasir baxışlar

eDəri piqmentasiyalarının yaranması melanogenez prosesinin lokal sürətlənməsi ilə bağlıdır. Melanogenez prosesi isə özlüyündə bir sıra amillərdən, o cümlədən, irsi meyillikdən, hormonal sferadakı dəyişikliklərdən, ultrabənövşəyi şüalardan, iltibahi proseslərdən asılı olur. Bəzi tədqiqatçıların fikrincə, hətta psixoloji faktorlar da piqment ləkələrinin yaranmasında etioloji rol oynayır. Ümumiyyətlə, əhəmiyyətinə görə bu amilləri aşağıdakı ardıcıllıqla təsnif etmək olar:

 

53-63% hallarda piqment ləkələrinin yaranma səbəbi ifrat ultrabənövşəyi şüalanma (UB) ilə əlaqədardır;

25-32% hallarda hamiləliklə bağlı olmayan hormonal  pozulmalar yaxud iltihabi proseslərlə əlaqədardır;

18-24% hallarda isə hamiləliklə bağlıdır.

Melanin dərini UB-şüalardan qorumaqla həm də günəş filtri rolunu oynayır. Melanin sintezi çoxmərhələli proses olub, epidermisin bazal qatındakı melanosit hüceyrələr tərəfindən yaranır. Piqment saxlayan orqanellərdə ― melanoslarda toplanır. Sonradan melanositlərin xüsusi çıxıntıları vasitəsilə tədricən qonşu keratinositlərə miqrasiya edərək epidermis boyunca paylanır. Təbii eksfoliasiya gedişində buynuz qatının piqment saxlayan hüceyrələri də tədricən soyulurlar. Piqment saxlayan bir keratinositin tam həyat sikli təxminən 28 gündür.

Melanin bioloji polimer olub, tirozinaza fermentinin iştirakı ilə zəncirvari oksidləşmə reaksiyaları nəticəsində tirozin aminturşularından sintez olunur.  Bu prosesin başlanğıcında əvvəlcə rəngsiz melanin əmələ gəlir. Bu cür melanin yüksək antioksidant  xüsusiyyətə malik olur. İlk mərhələdə yaranmış rəngsiz melanin sonradan rəngli melaninə yaxud eumelaninə çevrilir. Açıq dərisi olan insanlarda isə eumelanin əvəzinə sarı rəngli feomelanin əmələ gəlir. Günəş insolyasiyası - dərinin vaxtından qabaq qocalmasının yaxud fotoyaşlanmasının ən sıx səbəbidir. Günəş şüaları sərbəst radikalların yaranması prosesini sürətləndirərək dərinin keratinosit, fibroblast, melanosit kimi hüceyrələrinin daha artıq zədələnməsinə gətirib çıxarır. Dəridə struktur və funksional dəyişikliklərlə yanaşı piqmentasiya pozulmalarına da rast gəlinir. Bu əlamətlər 30 yaşdan yuxarı insanlar üçün xarakterikdir. Dəri daha çox üz və digər açıq sahələrdə zədələnməyə məruz qalır. Zədələnmə dərəcəsi dərinin tipindən və summar günəş insolyasiyasından asılıdır. UB-şüalanma bəzi melanositlərin aktivliyini artırmaqla hiperpiqmentasiyaların yaranmasına səbəb olur. Bu proses kliniki olaraq solyar lentiqo melanodermiya adlanan patoloji vəziyyətlə özünü büruzə verir. Dərinin bioloji qocalması ilə bağlı əsas piqmentasiya pozulması isə senil lentiqodur. Xəstəliyin ilk əlamətləri 50 yaşdan sonra dərinin açıq sahələrində, böyük əksəriyyətlə əllərin arxa səthində, az hallarda isə üzdə əmələ gəlməyə başlayır. Diametri bir neçə mm-dən bir neçə sm-ə qədər olan üzəri hamar, qəhvəyi rəngli ləkələr epidermisin yaşla əlaqədar proliferasiya və keratinizasiyasının pozulması əlamətidir. Xəstəliyin sonrakı proqnozu həmişə qənaətbəxşdir. Solyar lentiqo senil lentiqodan onun hətta cavan yaşlarda günəş şüalarının birbaşa təsirindən yaranması ilə fərqlənir.

Hamiləlik zamanı rast gəlinən hiperpiqmentasiyaların ən çox rast gəlinən forması ― xloazmadır. Bu proses hamiləliklə əlaqədar hormonal dəyişiklərlə bağlı olub əsasən, hamiləliyin 2-ci yarısında təsadüf olunur. Piqment ləkələri qeyri-düzgün konturlara malik olmaqla, simmetrik şəkildə alın, yanaq, gicgah, üst dodaq, buxaq nahiyələrində yerləşir. Ləkələrin rəngi günəş şüalarının təsirindən daha da intensivləşir. Hamiləlik xloazması zamanı əlavə olaraq qarının orta xətti, xarici cinsiyyət orqanları və aerola ətrafı dərinin də tündləşməsi müşahidə olunur. Bu tip hiperpiqmentasiyalar doğuşdan sonrakı periodda tam yaxud hissəvi olaraq itmiş olur.

Hamiləliklə bağlı olmayan hormonal mənşəli hiperpiqmentsiyaların ən çox rast gəlinən növü ― melanodermiyalardır. Əsasən üz dərisini əhatə edən bu xəstəlik xoşxassəli gedişi ilə səciyyələnir. Melanodermiyalar zamanı orqanizmdə progesteron və estrogen hormonlarının dəyişməsi aşkar olunur. Hamiləlik xloazmasında olduğu kimi burada da ləkələr simmetrik yerləşir və qeyri-düzgün konturlara malik olurlar. Bildiyimiz kimi, kişilərdən fərqli olaraq qadın orqanizmi hormonal cəhətdən qeyri-sabitdir. Daha doğrusu, qadınlarda cinsi hormonların səviyyəsi ovulyasiya dövrü, hamiləlik zamanı, kontraseptivlərin qəbulu vaxtı və menopauza dövründə dəyişir. Belə ki, kombinəolunmuş oral kontraseptivlər qəbul edən qadınların 30%-i melanodermiyalardan əziyyət çəkir. Hətta bu dərmanların qəbulunun dayandırılması, belə bəzən melanodermiyaların aradan qalxmasına səbəb olmur. Qeyd etmək lazımdır ki, AKTH (adrenokortikotrop hormon), somatotrop hormon, TTH (tireotrop hormon) da melanogenez prosesinə təsir edir. Ona görə də hiperpiqmentasiyalı xəstələrin hormonal müayinəsi mütləq nəzərdə olmalıdır. Hormonal mənşəli hiperpiqmentasiyalar digər etiologiyalı hiperpiqmentasiyalara nisbətən müalicəyə çətin tabe olur.

Hiperpiqmentasiyaların bir qupunu isə iltihab mənşəli ləkələr  təşkil edir. Dərinin mexaniki, kimyəvi və digər səbəblərdən zəhərlənməsi zamanı iltihab mediatorları xaric olur. Bu mediatorlar sərbəst radikalların yaranmasına da zəmin yaradır. Yaranan sərbəst radikallar melanositlərin aktivliyini artırmış olur. Ona görə də dərinin müxtəlif travmalardan, o cümlədən invaziv kosmetoloji prosedurlardan sonra lokal hiperpiqmentasiyalar qeydə alınır.

Hiperpiqmentasiyalarda müalicə metodlarını 3 qrupa ayırmaq olar:

– Melanin sintezini azaldan üsullar (depiqmentasiyaedici preparatlar, mezoterapiya)

– Eksfoliativ prosedurlar (pilinqlər, mikrodermabraziya, krioterapiya və s. )

– Selektiv fototermoliz (lazer terapiyası)

Depiqmentasiyaedici preparatlar təsir mexanizminə görə 2 qrupa bölünürlər:

1. Tirozinaza fermentinin blokatorları–koy turşusu, askorbin turşusu, arbutin

2. Melanin sintezini ləngidən preparatlar–hidroxinon, azelain turşusu

Koy turşusu – 20 il əvvəl yapon alimləri tərəfindən aşkar olunmuş və bu gün depiqmentasiyaedici effektinə görə ön yerdə durur. Koy turşusu kif göbələklərinin metabolizmi nəticəsində yaranan məhsuldur. Tirozinaza fermentini blokada etməklə yanaşı eksfoliativ təsiri vardır. 2 valentli dəmiri özünə birləşdirməklə sərbəst radikalları neytrallaşdırır. 1%-4% konsentrasiyalarda işlədilir. Koy turşusu günəş şüalarının təsirindən parçalanır. Ona görə də tərkibində bu maddə olan preparatlar ancaq axşamlar istifadə olunmalıdır.

Askorbin turşusu – tirozinaza fermentinin inhibitorudur. O qədər güclü ağardıcı xüsusiyyəti olmasa da, geniş təsirli antioksidantdır və kollagen sintezini stimulyasiya edir.

Arbutin – hidroxinonun qlikozilləşmiş formasıdır. Ayıqulağı yarpaqları, moruq və qarağatın bu maddə ilə zəngin olması bildirilir. Tirozinaza fermentini blokada edərək melanin sintezini tormozlayır. Antioksidant təsiri vardır. Dəridə xüsusi fermentlər tərəfindən hidrolizə uğradığından toksiki təsiri yoxdur. Hamiləlik və laktasiya dövründə əks göstərişdir. Depiqmentasiyaedici konsentrasiyası 3%-dir.

Qlabridin – Şirin biyan kökü bu maddə ilə çox zəngindir. Qlabridin tirozinaza fermentini blokada etməklə depiqmentasiyaedici, sərbəst radikalların yaranmasını və siklooksigenazanın aktivliyini azaltmaqla həm də iltihab əleyhinə təsir göstərir. Depiqmentasiyaedici konsentrasiyası 1%-dir. Nisbtən yeni maddə olduğu üçün digər preparatlardan fərqi və əlavə təsirləri barədə kifayət qədər məlumat yoxdur.

Hidroxinon – ən effektli maddələrdən olsa da çox toksikidir. Melanositlərin DNT və RNT sintezini pozur. Yanaşı olaraq digər dəri hüceyrələrinə toksiki təsir edir. Bu maddə çox asanlıqla dərinin dərin qatlarına keçərək ümumi qan dövranına düşür, beləliklə də allergik və kontakt dermatitlərin yaranmasına səbəb olur. Depiqmentasiyaedici konsentrasiyası 4%-dən artıq olmamalıdır. Hidroxinon tərkibli ağardıcı vasitələri 4 aydan artıq işlətmək məsləhət görülmür. Çünki uzun müdətli müalicə kursu zamanı, xüsusilə də, aktiv günəşli periodda, oxronoz adlanan dəri atrofiyası törədir.

Azelain turşusu – buğdanın tərkibində kifayət qədərdir. Tirozinazanı inhibə edir, təsir gücünə görə hidroxinonun 2% konsentrasiyasına ekvivalentdir. Dermatologiyada ən çox yuvenil sızanaqların müalicəsində istifadə olunan bu maddə həm də melanositlərin DNT və RNT sintezini pozaraq depiqmentasiyaedici təsir göstərir. Kosmetik məqsədlərlə 20%-li konsentrasiyadan istifadə edilir. Hiperpiqmentasiyalarda müalicə kursu tam olaraq 3 aydır. Uzun müddət istifadə etdikdə kontakt dermatiti əmələ gətirir. Hamiləlik və laktasiya dövründə ehtiyatla işlədilməlidir. Sonda bir daha qeyd etmək lazımdır ki, hiperpiqmentasiyaların müalicəsi müayinələrin nəticələrinə əsasən kompleks və fərdi qaydada aparılmalıdır.

İbrahim Rzayev,

Bakı Dəmiryol Xəstəxanasının həkim-dermatoloqu