Meşə nanəsi qaraqınıq

iBu bitkinin adına Dioskorid və Hippokratın əsərlərində rast gəlmək olar. Bitkinin adı yunan dilindən tərcümədə oros-təpə və ganos-parıltı, gözəllik, naxış sözlərindən götürülüb mənası gözəl, parlaq bitki, daşların üzərində bitən bitki və ya dağların yaraşığı, bəzəyi deməkdir.

Yayılması. Bitkinin vətəni Cənub-qərbi Asiya və Şimali Afrikadır. Rusiyanın bütün Avropa hissəsində, Qafqazda, Sibirin cənub rayonlarında, bir sözlə Aralıq dənizi sahillərindən Orta Asiyaya qədər geniş yayılma arealına malikdir. Avropa və Şimali Amerikada yetişdirilir.

Botaniki təsviri. Adi qaraqınıq (Origanum vulgare L.) bitkisi dodaqçiçəyikimilər (Lamiaceae) fəsiləsinə daxil olub özündə 45-50 növü birləşdirir. 30-75 sm hündürlükdə olan çoxillik ot və ya yarımkol bitkidir. Əsasən meşə kənarında bitir. Kökümsovu çılpaq olub adətən sürünəndir. Yarpaqları supprotiv olub forması uzunsov-yumurtaşəkillidir. Xırda çiçəkləri borulu olub bənövşəyi-çəhrayı və ya çəhrayı-purpur rənglidir və süpürgə çiçək qrupunda toplanmışdır. Bitki iyul və avqust aylarında çiçəkləyir. Qaraqınıq torpağa qarşı tələbkar deyil, lakin hədsiz gilli və turş torpaqlarda isə pis bitir. Daha çox açıq sahələrdə bitməyə üstünlük verir. Yaxşı qışladıqdan sonra fevralın axırından martın əvvəlinə qədər vegetasiya dövrü keçirir. Qaraqınıq toxumla və ya bölünmə yolu ilə çoxalır. Toxumlar torpağa payızda səpilir. Qaraqınıq kütləvi çiçəklənmə dövründə, yəni ikinci vegetasiya dövründə toplanır. Dərman xammalı kimi bitkinin yerüstü hissəsindən istifadə edilir. Bitki torpaqdan 15-20 sm hündürlükdə kəsilir. Qaraqınıq əsasən temperaturu 30-40°C-dən yuxarı olmayan altıaçıqlarda, çardaqlarda və ya xüsusi quruducu şkaflarda qurudulur. Qaraqınıq çox yaxşı şirə verən bitki olduğuna görə arıçılıqda istifadə edilir. Bundan əlavə həm də dekorativ bitkidir.

Kimyəvi tərkibi. Tərkibində 0,3-1% efir yağları (timol və onun izomeri karvakrol), bisiklik və trisiklik seskviterpenlər, aşı maddələri, flavonoidlər və vitamin C vardır. Tərkibində üstünlük təşkil edən efir yağı karvakrolun təsir xüsusiyyətlərinə görə hətta bir çox antibiotik və antihistamin preparatlarından da üstündür.

Tətbiqi. Bu bitkidən çox vaxt çayların dəmlənməsində istifadə edirlər, bu zaman alınmış çay gözəl və xoş ətirli olur. Yarpaqlarından həm də ətli yeməklərin, marinadların, kompot və kvasların hazırlanmasında istifadə edilir.Parfümeriya-kosmetik sənayedə qaraqınığın efir yağlarından sabunların, diş pastalarının və dodaq boyalarının ətirləndirilməsində istifadə edirlər.

Tibdə tətbiqi. Qaraqınıq tibdə geniş tətbiq sahəsinə malikdir. Belə ki, ondan sinir oyanıqlığı, yuxusuzluq zamanı sakitləşdirici, yuxugətirici təsirinə görə istifadə edilir. Bundan əlavə qaraqınıq bu təsirlərə də malikdir: bəlğəmgətirici, tərlədici, sidikqovucu, ödqovucu, antibakterial, antiseptik, qıcolma əleyhinə və regenerasiyaedici. Çexoslovakiya, Danimarka, Fransa, Norveç, Polşa və Avstriyada bu bitki rəsmi olaraq dərman bitkisi kimi qeydiyyatdan keçmişdir. Qaraqınıq iştahanı yaxşılaşdırır, bağırsaq fəaliyyətini stimullaşdırır, mədə-bağırsaq sistemindəki spazmları aradan qaldırır, ürəkbulanma, qusma və başağrılarının qarşısını alır. Menstrual qanaxmaları gücləndirir. Soyuqdəymə, ağciyər vərəmi, xroniki bronxit, xolesistit, öd yollarının diskineziyası, angina, tonzillit, gingivit, diatez, ateroskleroz, böyrək xəstəlikləri zamanı geniş istifadə edilir. Qaraqınıq vanna, ikompres və yerli islatma şəklində raxit, skrofulyoz, furunkul, qaşınma ilə müşayiət olunan müxtəlif mənşəli səpgilərdə tətbiq edilir. Qaraqınıqdan sakitləşdirici ətirli vannaların hazırlanmasında da istifadə edilir. Qaraqınığın tozundan zökəm və başağrılarında buruna çəkmə şəklində istifadə edilir. Baş ağrıları, baş dərisində qabıqlanma və saç tökülməsi zamanı başı, saçları hətta bitkidən hazırlanmış dəmləmə ilə də yuyurlar. Bütün bunlarla yanaşı qaraqınığın tozunu paltar və müxtəlif parçaların arasına səpərək onları güvədən qorumaq üçün də istifadə edirlər. Qaraqınığın efir yağını isə diş ağrılarında ağrıkəsici vasitə kimi tətbiq edirlər. Xroniki kolpit, leykoreya və cinsiyyət üzvlərində qaşınma zamanı bitkinin dəmləməsindən şırınqa şəklində istifadə edilir.

Bolqarıstan xalq təbabətində qaraqınıqdan mədə spazmları, sinir oyanıqlığı, ağrılı menstruasiya, sarılıq, qaraciyər xəstəlikləri, xolesistit zamanı, Almaniyada sırf sakitləşdirici, bəlğəmgətirici vasitə kimi, Avstriya və Fransada iştahaartırıcı vasitə kimi həzm sistemi xəstəliklərində, Polşa təbabətində nevroz, yuxusuzluq, həzm pozğunluqları zamanı, Hindistanda isə qaraqınığın efir yağından aromatik, antibakterial, stimullaşdırıcı və möhkəmləndirici vasitə kimi istifadə edilir. İspaniya, İtaliya, Fransa və bir çox qərb ölkələrinin mətbəxində yeməklərin hazırlanmasında qaraqınıqdan geniş istifadə edilir.

Əks göstəriş. Qaraqınıq bitkisi uşaqlıq əzələsinin yığılma gücünü və tonusunu artırdığına görə ondan hamilə qadınların istifadəsi qəti qadağandır. Eyni zamanda ağır ürək-damar sistemi və həzm sisteminin xora xəstəliklərində də istifadəsi yolverilməzdir. Bunlardan əlavə kişilər və uşaqlar tərəfindən uzun müddət istifadəsinin qarşısı alınmalıdır.

Reseptlər.

  • 2 xörək qaşığı xırdalanmış qaraqınıq otunun üzərinə 2 stəkan qaynar su əlavə edilib 1-2 saat müddətinə dəmlənilir və süzüldükdən sonra alınmış dəmləmə 3 yerə bölünərək gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul edilir.
  • 15 qr qaraqınığın üzərinə 1 stəkan qaynar su əlavə edilib 2 saat müddətinə dəmə qoyulur. Süzüldükdən sonra gündə 3-4 dəfə 1 xörək qaşığı daxilə qəbul edilir.
  • 50 qr quru xammalın üzərinə 10 litr qaynar maye əlavə edilib 1-2 saat müddətinə dəmlənilir və vanna, yuyunma şəklində istifadə edilir.
  • Ev şəraitində qaraqınığın yağının hazırlanması: xırdalanmış qaraqınığın üzərinə 0,5 litr zeytun və ya günəbaxan yağı əlavə edilib 8-10 saat müddətinə saxlanılır. Süzüldükdən sonra təmiz bir qaba yığılıb ağzı bağlı şəkildə quru və qaranlıq yerdə saxlanılır.
  • Qaraqınığı dərman bitkilərindən aptek çobanyastığı, dəvədabanı, kəcəvər və tozağacı tumurcuğu ilə birgə qəbul etmək olar.