Exinaseya
Bitkinin müxtəlif adları mövcuddur: preriyanın möcüzəli gülü, amerika qızıl çiçəyi, gecə günəşi və s. Exinaseya bitkisi (latınca Echinacea purpurea) mürəkkəbçiçəklilər (Asteraceae) fəsiləsinə aiddir. Bitkinin adı yunan dilində “echinos” sözündən götürülüb tərcüməsi kirpi deməkdir.
Bu ad bitkiyə iynəşəkilli yarpaqlarına görə verilib. Bu bitkini ilk dəfə 1753-cü ildə isveç alimi Karl Linney öz müəllimi botanik Olaf Rudbekin şərəfinə purpur rudbekiya adı altında təsvir etmişdir. Lakin 40 ildən sonra digər bir botanik bitkini müəyyən fərqli əlamətlərinə görə exinaseya cinsinə daxil etmişdir. Exinaseya 240-dan çox preparatın, o cümlədən QİÇS əleyhinə olan preparatların tərkibinə daxildir.
Botaniki təsviri. Exinaseya bitkisi çoxillik ot bitkisi olub hündürlüyü 0,6-1,2 metrdir. Düzqalxan gövdəsi uc hissəsində üzərində xırda çiçək səbətləri saxlayan qalxanvari çiçək qrupu ilə tamamlanır. Bir neçə silindrik gövdəsi var. İqlimdən asılı olaraq mayın axırlarından iyulun əvvəllərinə qədər exinaseya çiçəkləyir. Çiçək səbətləri 10 sm uzunluğunda çiçəkləri xatırladır, qabarıq, konusşəkilli çiçək yatağına malikdir, 5 ağ və ya çəhrayı rəngli dilcik və 14-20 ədəd sarımtıl-ağ rəngli borucuq çiçəklərdən təşkil olunmuşdur. Çiçəkləri kəpənək və arılar vasitəsilə tozlanır. Bitki sürünən və möhkəm kökümsova malikdir. Kökümsov güclü budaqlanmış və açıq-qəhvəyi rəngli kökə çevrilir. Kökləri torpağın dərinliyinə qədər gedir. Kökyanı yarpaqlar rozet şəklindədir, gövdə yarpaqları isə növbəli yerləşir, sıx lansetşəkillidir, ikiqat- və üçqat lələkvari, çox kiçik hissələrə qədər bölümlüdür. Yarpaq ayasının kənarları dişlidir. Meyvəsi toxumcadır. Exinaseya toxumları vasitəsilə, həmçinin vegetativ yolla da çoxalır. 1 hektar exinaseya sahəsindən 600 kq-a yaxın müalicəvi bal götürülür.
Xammal kimi çiçək səbətləri, otu və kökümsovu ilə kökü istifadə edilir. Çiçək səbətləri iyul-avqust aylarında, kökümsovu ilə kökləri isə payızın son aylarında tədarük olunur. Exinaseya quru açıq meşələrdə, əsasən gilli, qumlu və yaxşı drenajlanmış torpaqlarda bitir. Kölgəyə davamlıdır. Torpağın turşuluğu bitkinin inkişafına o qədər də mane olmur. Bitkinin vətəni şimali Amerika və ABŞ-ın şərq hissəsi hesab edilir. Şimali Amerika əhalisi bu bitkini yüksək qiymətləndirirlər. Exinaseya Avropaya IX əsrdə gətirilib. Həm dekorativ, həm də dərman bitkisi kimi yetişdirilir. Bitkinin 9 botaniki növü var. Ən geniş öyrəniləni isə purpur exinaseyadır. Bitkinin dekorativ növlərini sizə təqdim edirik: Green, Green Jewel, Virgin, Sundown, Pink Shuttles, Mars, Green Envy, Coconut Lime, Fatal Attraction, Doppeldecker, Twilight, Sunset.
Herba Flora şirkətində istehsalda exinaseya bitkisi mövcuddur.
Bitkinin kimyəvi tərkibi. Bitkinin ot hissəsinin tərkibində polisaxaridlər (heteroksilanlar, arabinoramnoqalaktanlar), 0,15-0,5% efir yağları, flavonoidlər, aşı maddələri, saponinlər, poliaminlər, exinasin (polidoymamış yağ turşusunun amidi), exinolon (doymamış ketospirt), exinakozid (tərkibində kofe turşusu və pirokatexin olan qlikozid), üzvi turşular, qətran, fitosterinlər. Bitkinin kökü və kökümsovunun tərkibində inulin (6%-ə qədər), qlükoza (7%), efir və piyli yağlar, fenolkarbon turşusu, betain, qətranlar var. Bunlardan əlavə bitkinin tərkibində müxtəlif fermentlər, makro- (K, Ca) və mikroelementlər (Se, Co, Ag, Mo, Zn, Mn) də mövcuddur.
Nişasta, sellüloza, hemisellüloza, pektin və inulin exinaseyanın tərkibində olan polisaxaridlərdir. Polisaxaridlər leykositlərin aktivliyini artırır, T-limfositlərin istehsalını stimullaşdırır. Polisaxaridlər toxumaların hüceyrələrini əhatə edərək onları patogen bakteriyaların təsirindən qoruyur. Bitkinin tərkibindəki exinazid maddəsinin 6 milliqramı 1 modul penisillinə ekvivalentdir. Kofein turşusu orqanizmin virus və və bakterial infeksiyalara qarşı müqavimətini artırır. Exinasin yaraların sağalmasını sürətləndirir. Oksidarçın turşusu iltihab əleyhinə və antimikrob təsiri gücləndirir. Exinaseya hialuronidaza fermentinin aktivliyini azaldaraq hüceyrəarası mühiti dolduran hialuron turşusunun dağılmasının qarşısını alır, bakteriya və virusların orqanizmdə bir hüceyrədən digərinə yayılmasına imkan vermir. İnulin isə immun sistemi aktivləşdirir. Exinaseyanın təzə şirəsinin 4 ml-i 1 mq kortizonun təsirinə ekvivalentdir. Exinaseyanın köklərinin tərkibində yüksək konsentrasiyada alkilamidər mövcuddur ki, bunlar da mülayim anesteziyaedici təsir göstərir. Exinaseya köklərinin tərkibində bilavasitə xərçəng əleyhinə təsir göstərən (Z)-18-nenmadeKcidun maddəsi aşkar edilmişdir.
Tarix. Exinaseya bitkisini daha ətraflı ukraynalı professor S. A. Tomilin öyrənmişdir. Professor bu bitkini jenşenə bənzədir. O bildirir ki, exinaseya mərkəzi sinir sisteminə güclü stimullaşdırıcı təsir göstərir. Buna görə də exinaseya bitkisini psixi depressiya, fiziki və psixi yorğunluq və infeksion xəstəliklər (qarın yatalağı, skarlatina, qonoreya, osteomielit, serebrospinal meningit, qırmızı qurdeşənəyi) zamanı qəbul etməyi məsləhət görür.
Alman həkimi Madaus (1938) exinaseyanı tonzillit, parametrit və bir çox iltihabi xəstəliklər zamanı istifadə etməyi məsləhət görür.
Exinaseya bitkisi böyrəküstü vəzin fəaliyyətini artıraraq allergiya və revmatizm əleyhinə təsir edir, eyni zamanda respirator və virus xəstəlikləri zamanı effektivdir. (L. V. Seleznyonka, V. D. Osetrov)
Exinaseyanın təzə dərilmiş hamaşçiçəklərindən alınmış şirə qanın laxtalanmasını artırır, yerli istifadə zamanı isə güclü regenerator təsir edir. (F. L. Burmistrov)
İki dəfə Nobel mükafatı laureatı amerikalı alim Laynus Polinq sübut etmişdir ki, exinaseya bütün məşhur nutrisevtiklər arasında immuniteti ən effektiv stimulyasiya edən vasitədir.
Ukrayna Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Genetika institutunun apardığı tədqiqatlara görə exinaseya bitkisi immuntənzimləyici, şüalanma əleyhinə, virus əleyhinə və antimikrob farmakoloji xüsusiyyətlərinə görə tonuslandırıcı vasitələrə aid edilir və 70 xəstəliyin müalicəsində sınaqdan keçirilmişdir.
Tətbiqi. Almaniyada 200-dən çox preparat exinaseya əsasında hazırlanır. Exinaseya immun sistemə ümumi stimullaşdırıcı təsir göstərir. Bütövlükdə bitki yara, dişləmə yeri və yanıqların müalicəsində istifadə edilir. Amerikalı hindu tayfaları exinaseyanı ilan, hörümçək, müxtəlif heyvan və həşərat dişləmələrinin müalicəsində ən universal vasitə hesab edirdilər. Bitkinin kökü adaptogen təsirə malikdir, maddələr mübadiləsini sürətləndirir, antiseptik, mikrob, virus, göbələk əleyhinə, afrodiziak, tərlədici, həzmi yaxşılaşdırıcı, tüpürcək ifrazını artırıcı xüsusiyyətlərə malikdir. Exinaseya görmə qabiliyyətini də yaxşılaşdırır. İmmun sistemin zəifləməsinə səbəb olan bir çox hallarda – xroniki iltihabi xəstəliklər, uzun müddət şüalanma, dərman preparatları ilə uzun müddət davamlı müalicə zamanı exinaseya bitkisindən və bu tərkibdə olan preparatlardan istifadə edilir. Exinaseya boymadərən və ayıqulağı ilə birlikdə sidik-ifrağat sistemi üzvlərinin xəstəliklərində də effektiv təsirə malikdir.
Exinaseya çayının hazırlanması. 3 ədəd təzə dərilmiş exinaseya çiçəyi və ya 2 çay qaşığı xırdalanmış köklərinin, ya da yarpaqlarının üzərinə 500 ml qaynar su əlavə edilib 40 dəqiqə müddətinə dəmə qoyulur. Gündə 1 dəfə profilaktika məqsədilə yeməkdən əvvəl 1 fincan alınmış dəmləmədən daxilə qəbul edilir. Xəstəliyin başlanğıc mərhələsində isə gündə 3 stəkan içilir. Artıq qalmış dəmləmə soyuducuda saxlanılır. Müalicə 10 gün davam edir, 5 gün fasilə verdikdən sonra daha 10 gün dəmləmə içilir. Bu bir kurs müalicə hesab edilir.
Exinaseyanın spirtli çıxarışının hazırlanması. Exinaseya və spirt (araq da olar)1:10 nisbətində qarışdırılır. 10 gün müddətinə saxlanılır. Gündə 3 dəfə 25-30 damcı yeməkdən əvvəl daxilə qəbul edilir.
Exinaseyanın əks göstərişləri.
* Exinaseyanın fasilə etmədən 10-14 gündən artıq qəbulu yol verilməzdir.
* 12 yaşına qədər uşaqlara verilməsi düzgün deyil. Bu yaşdan böyüklərə exinaseya ilkin başladıqda kiçik dozada verilməlidir.
* Hamiləlik və laktasiya zamanı qəbulu məsləhətli deyil.
* Vərəm, leykoz, dağınıq skleroz, revmatizm, revmatoid artrit, qırmızı qurd eşənəyi, sistem sklerodermiya, düyünlü periartrit zamanı exinaseyanın istifadəsi əks göstərişdir.
* Autoimmun xəstəlikləri, həmçinin immunitetlə bağlı istənilən pozğunluqları olanlara və mürəkkəbçiçəklilər fəsiləsinin nümayəndələrinə qarşı allergiyası olanlara istifadəsi məsləhətli deyil.
* Tərkibində arabinoqalaktan olduğuna görə QİÇS-li xəstələrə qəbulu qadağandır. QİÇS-li xəstələrə yalnız exinaseyanın profiltrasiya edilmiş hidroetanol ekstraktı verilə bilər.
* İmmunomodulyatorlarla qəbulu qadağandır.
* Exinaseyanın qandakı yüksək konsentrasiyasının hüceyrə immunitetini azaltdığı və cinsi hüceyrələri zədələdiyi də məlumdur. Yüksək dozada exinaseya qaraciyəri də zədələyə bilər.
* Kəskin angina zamanı konsentrasiya olunmuş exinaseyanın cövhərindən ehtiyatla istifadə etmək lazımdır.
* Arabinoqalaktan makrofaqlar tərəfindən şiş hüceyrələrinin alfa-nekroz faktorunun sintezini artırır.
* Arabinoqalaktan maddəsi vərəm zamanı hüceyrə səviyyəsində orqanizmin limfositləri ilə mübarizə aparmağa kömək edir. Belə ki, arabinoqalaktan maddəsi mikobakteriyaların hüceyrə divarının komponentləri ilə sinergist təsirə malikdir. Bu da limfositar cavabı ləngidir.
* Exinaseya preparatlarının hepatotoksik təsiri hələ də müzakirə edilir. Xüsusilə də uzun müddət və anabolik steroid, amiodaron, metotreksat və ketokonazol kimi preparatlarla birgə qəbulu hepatotoksik təsirləri yarada bilər.
* Exinaseyanın digər dərman maddələri ilə antaqonist təsiri aşkar edilməmişdir.
* Yuxarıda sadalanan bütün məsləhətlər təcrübə əsasında sübut edilmişdir.
Yüksək dozada exinaseya yuxusuzluq, sinir oyanıqlığı, ürəkbulanma, qusma və nəcisdə dəyişikliyə səbəb ola bilər.