Miqren
Başağrısı dedikdə, adi şikayət başa düşülür. Bu cür şikayətə görə çox nadir hallarda həkimə müraciət olunur. Lakin başağrısından əziyyət çəkən başqa bir qrup insanlar da var ki, onlarda bu tutmaşəkilli xarakter daşıyır və tez-tez baş verən bu qeyri-adi dözülməz ağrının qarşısında dayanmaq qeyri-mümkün olur.
Miqreni olanlara bu hal çox tanışdır. Planetimizin sakinlərinin 85%-i artıq miqren tutmalarının nə olduğunu bilir. Ona görə bilir ki, onların hər birində heç olmasa 1 dəfə də olsun miqren tutması baş vermişdir. Miqrenin qurbanı olanlar əsasən 18-33 yaş arasında olanlardır. Miqren tutmaları adətən intensiv pulsasiya edən (nəbz vurğusuna bənzər) ağrı şəklində olur və başın bir yarısında lokalizasiya edir. Miqrenin məhz bu xarakter xüsusiyyəti onun latın dilində olan adında da öz əksini tapmışdır: hemikraniya (lat. hemi – yarı, para, crania – kəllə). Tutmalar adətən ürəkbulanma ilə müşayiət olunur. Bu zaman parlaq işıq və gur səs ağrını daha da gücləndirir. Yeri gəlmişkən, miqrenin tutmalarını provokasiya edən amillərə aiddir: televizorun gur işığı, spirtli içkilər, gecə az yatmaq və ya çox yatmaq və s. Tutma səngiyən kimi yuxuculluq və əzginlik yaranır.
Miqrenin yaranmasında böyük rolu irsiyyət də oynayır. Bu liderlik analardadır. Analarda olan miqren tutmaları 72% hallarda övladlarına keçir. Miqren tutması 3 fazadan ibarətdir:
1-ci faza. Əhval-ruhiyyə dəyişir, depressiya, həyəcan və yuxuculluq yaranır. Bundan sonra isə əsl “cəhənnəm” başlayır – bu zaman belə bir hiss yaranır: sanki insanın başı bu saat ağrıdan çatlayacaq. Tutma sutkanın istənilən vaxtı başlaya bilər. Lakin daha ağır tutmalar gecələr, xüsusilə də ay bədrlənəndə (tam olanda) baş verir. Ağrılar əsasən alın-gicgah nahiyəsində lokalizasiya edir. Tutma adətən 2-5 saat çəkir. Hətta bəzi insanlarda yoğunlaşmış və dəri səthindən aydınca sezilən gicgah arteriyası görünür. Gözün konyuktiva qişasında qızarma baş verir.
2-ci faza. Bu faza 8-20 saat arası davam edir. Bu periodda tədricən ağrı azalır, yuxuya meyillik yaranır, insan özünü çox əzgin hiss edir. Bundan sonra isə 3-cü faza başlayır.
Hələ 1887-ci ildə fransalı nevroloq Şarko görmənin pozulması aurası ilə başlayan auralı miqren tutmalarını təsvir etmişdir. Bu zaman xəstə gözü önündə parlayan ziqzaqlar, nöqtələr, kürələr, odlu və yanan fiqurlar, dalğalar görür. Hətta bəzi pasiyentlərdə görmə illüziyaları da yaranır. Bu zaman onların ətrafındakı bütün əşyalar həcmlərindən, formalarından, ölçülərindən ya həddən artıq böyük, ya da həddən artıq kiçik görünür. Buna bəzən “Alisa sindromu” (“Alisa möcüzələr diyarında” cizgi filmini yadınıza salın) da deyilir. Əgər görmə pozuntuları sağ gözdədirsə, onda başağrıları solda yerləşir və ya əksinə.
Hələ qədimdən bir çox psixiatr, nevropatoloq və terapevtlər bir sualın cavabını axtarmağa çalışmışlar – miqren tutmaları insanın psixoemosional sahəsi ilə nə dərəcədə əlaqədardır və miqren doğrudanmı dahilərin xəstəliyidir? Təbii ki, bu sualların cavablarına bir çox məqalələr və monoqrafiyalar həsr edilmişdir. Ümumiyyətlə, miqren tutmalarına həkimlər, yazıçılar arasında daha çox rast gəlinir. Bunlardan əlavə bir çox dahi şəxsiyyətləri misal göstərə bilərik ki, onlar da miqren tutmalarından əziyyət çəkmişlər: Yuli Sezar, Edqar Po, Gi de Mopassan, Vaqner, Şopen, Çaykovski, Darvin, Freyd və s. Təbii ki, bu sıranı daha da artırmaq olar.
Bu hal müalicə ediləndirmi? Bunu həkim müalicə etməlidir, yoxsa öz-özünə keçib gedəcək?
Həkimlər bildirir ki, bu zaman başı isti saxlamaq lazımdır. Çünki isti ağrını bir qədər yüngülləşdirir. Bəzən başın isti su ilə yuyulması da ağrını azaldır. Təbii ki, bunlar daha köhnə müalicə metodlarıdır. Orta əsrlərdə isə miqrenin müalicəsində tiryəkin cövhərindən istifadə edilirdi.
Miqrenin müasir müalicə metodikası 2 istiqamətdə aparılır: başağrı tutmalarını azaltmaq və profilaktik terapiya aparmaq. Bunlar özündə medikamentoz müalicəni, iynə terapiyasını (akupunktura-iynəbatırma), masaj və s. birləşdirir. Medikamentoz müalicə zamanı analgetiklərə xüsusi yer verilir. Onu da qeyd edək ki, uzun müddət analgetiklərin qəbulu əks effekt verərək daimi başağrılarına səbəb ola bilər. Profilaktik müalicədə isə əsas yer pəhrizə verilir.
Miqren tutmalarından əziyyət çəkənlər nələri rasionlarından çıxarmalıdır: tərkibində tiramin olan ərzaqları - şokolad, kakao, sitruslar, paxlalılar (lobya, soya), pomidor, kərəviz, pendir, xardal, ketçup, mayonez, donuz əti, hisə verilmiş məmulatlar, sosislər, ispanaq, yaşıl soğan, kərəviz, ananas, avokado, fındıq, sirkə, turşuya və duza doyulmuş məhsullar və s.
Miqren zamanı faydalı olan qidalar: qara qarağat, ağbaş kələm, yaşıl çay, yaşıl alma, banan.
Yayda və payızın əvvəllərində aclıqla müalicə tətbiq etmək də effektlidir.
Miqren tutmalarından əziyyət çəkənlərə kiçik məsləhətlər.
- Həyat tərzini dəyişmək.
- Fiziki aktivliyi artırmaq (həftədə 4 dəfə 45 dəqiqəlik gəzinti).
- Havası təmiz, yolu düz olan yerlərdə gəzişmək.
- Fiziki və zehni yorğunluqdan qaçmaq.
- Yuxu rejimini normallaşdırmaq, gecə vaxtında yatmaq.
- Stressor situasiyalardan qaçmaq.
- Parlaq işıqla, işıq mənbələri ilə kontakt müddətini azaltmaq.
- Səs-küylü yerlərdən uzaq durmaq.
- Kəskin qoxulu ətirlərdən istifadə etməmək.
- Pəhrizə riayət etmək.
- Tünd qara çaydan və kofedən istifadəni maksimum məhdudlaşdırmaq.
- Qida qəbulları arasında kəskin böyük vaxtlar qoymamaq.
- Maqneziuma olan gündəlik tələbatı ödəmək.
- Bağırsağın fəaliyyətini nəzarətdə saxlamaq.
- Alkoqol qəbulunu məhdudlaşdırmaq.
- Siqaretdən imtina etmək.
- Hormonal kontraseptivlərdən mümkün qədər istifadə etməmək.
Miqrenin xalq təbabəti yolları ilə müalicəsi
©Gün ərzində bir neçə dəfə dəymiş zoğal meyvəsinin dəmləməsindən çay əvəzinə istifadə edilir.
©Gündə 2 dəfə qəndin üzərinə 10-15 damcı təmizlənmiş skipidar əlavə edilib qəbul edilir.
©Bərabər nisbətdə qarışdırılmış kamfora spirti və naşatır spirti ilə dərindən nəfəs alınır.
©Gicgahlara və qulaq nahiyələrinə turş kələm qoyularaq baş dəsmalla bağlanılır.
©1 xörək qaşığı çəmənlik yoncasının çiçəkləri üzərinə 1 stəkan qaynar su əlavə edilərək qaynadılır, 1 saat müddətinə dəmə qoyulur. Süzüldükdən sonra gündə 3 dəfə 1/2 stəkan içilir.
©Miqren tutmaları zamanı ağrılı nahiyələrə təzə dərilmiş yasəmən yarpaqları qoyulur.
©Sistemli şəkildə tutan başağrıları zamanı 1/4 stəkan təzə kartof şirəsi gündə 2 dəfə daxilə qəbul edilir.
©Sibir gəndalaşı 1 xörək qaşığı qurudulmuş gəndalaş çiçəklərinin üzərinə 1 stəkan qaynar su əlavə edilib 1 saat müddətinə dəmə qoyulur. Dəmləndikdən sonra süzülür, bal əlavə edilərək gündə 3-4 dəfə yeməkdən 15 dəqiqə əvvəl 1/4 stəkan daxilə qəbul edilir.
©Hərəsindən 1 hissə olmaqla istiotlu nanə yarpağı, qaraqınıq otu, yağı otu bitkiləri qarışdırılır. Qarışıqdan 1 xörək qaşığı götürülüb üzərinə 300 ml qaynar su əlavə edilir. 1 saat dəmləndikdən sonra süzülür və gündə 3 dəfə 1 stəkan daxilə qəbul edilir.
©1 xörək qaşığı qurudulmuş qaraqınıq otunun üzərinə 300 ml qaynar su əlavə edilib 1 saat isti yerdə dəmlənilir. Süzüldükdən sonra gündə 3 dəfə 1 stəkan daxilə qəbul edilir.
©Mütəmadi olaraq tünd yaşıl çay qəbul etdikdə miqren tutmalarında səngimə müşahidə edilir.
©1 xörək qaşığı qurudulmuş dazıotu otunun üzərinə 200 ml qaynar su əlavə edilib 10 dəqiqə zəif odda qaynadılır. 30 dəqiqə dəm aldıqdan sonra süzülür, gündə 3 dəfə 1/4 stəkan daxilə qəbul edilir.
©Miqren tutmaları zamanı təzə sıxılmış başinağacı şirəsi içilir.
©Gündə 3-4 dəfə 1/4 stəkan qara qarağat şirəsi içmək hətta güclü başağrılarını da azaldır.
©15 qr (3 xörək qaşığı) dərman bədrəncotu 1 stəkan qaynar suda 1 saat müddətinə dəmlənilir. Dəmləmədən gündə 4-5 dəfə 2 xörək qaşığı daxilə qəbul edilir.
©1 xörək qaşığı dərman pişikotu kökünün üzərinə qaynar su əlavə edilib 15 dəqiqə qaynayan su hamamında qaynadılır. 1 saat dəmdə qaldıqdan sonra süzülür. Gündə 3 dəfə 1 xörək qaşığı daxilə qəbul edilir. Eyni zamanda miqren tutmaları zamanı pişikotu vannası qəbul etmək də yaxşı effekt verir.
©1 xörək qaşığı aptek çobanyastığı çiçəklərinin üzərinə 1 stəkan qaynar su əlavə edilərək 1 saat dəmdə saxlanılır. Süzüldükdən sonra 1/2 stəkan gündə 3-4 dəfə daxilə qəbul edilir.
©Hərəsindən 2 xörək qaşığı olmaqla ağ zanbaq çiçəkləri və soğanağının üzərinə 1 stəkan istənilən təmiz bitki yağı əlavə edilir. Bu qarışıq hər gün mütəmadi silkələnərək təmiz havalı və günəşli yerdə 20 gün müddətinə saxlanılır. Süzüldükdən sonra yağdan ağrılı nahiyələrin masajı üçün istifadə edilir.
©Təzə dərilmiş yovşanın ağrılı nahiyələrə qoyulması yaxşı nəticə verir. Həmçinin bu bitkinin dəmləməsindən daxilə də qəbul etmək olar. Bunun üçün 15 qr qurudulmuş yovşan otunun üzərinə 1 stəkan qaynar su əlavə edilərək 1 saat müddətinə dəmlənilir. Süzüldükdən sonra 1 saat ərzində mayenin hamısı kiçik qurtumlar şəklində daxilə qəbul edilir.
©Bu cür başağrılarından şikayət edənlərə boyunlarında kəhrəba gəzdirmək məsləhət görülür.
Amma bir şeyi də unutmaq olmaz ki, xalq təbabəti üsulları heç zaman klassik təbabəti əvəz edə bilməz!