Biz niyə asqırırıq?

5İnsanlar asqırdıqdan sonra azərbaycanca “sağlam ol”, türkcə “çok yaşa”, qədim Romalılar “salve” və ingilis dilində “God bless you”, yəni “Allah səni qorusun” və ya “Allahın xeyir-duası üstündə olsun” cümləsinə istinad edir. Böyük Afina taunu zamanı da asqıranlara “Allah səni qorusun” deyilirdi, ona görə o zamanlar asqırma tauna yoluxmanın ilkin əlaməti kimi qiymətləndirilirdi. kÇünki bu öldürücü xəstəliyin yayılmasına asqırma şərait yaradırdı. Bu ifadə sonradan Romaya, oradan da İngiltərəyə keçmişdir.

Bizə elə gəlir ki, asqırma (latınca sternutatio) sadə bir refleksdir. Amma əslində asqırma zamanı bədənin bir çox hissələri çalışır. Asqırma burun boşluğuna daxil olmuş yad cismin, elementlərin və qıcıqlandırıcıların xaric olmasını təmin edən təbii refleksdir. Yad cisim dedikdə toz, tozcuq, istiot, tüstü, bakteriya, viruslar və s. başa düşülür. Bunlardan əlavə asqırma nəm mühitdə olduqda, kəskin qoxular, havanın kəskin dəyişməsi, xüsusilə soyuq hava və parlaq gün işığına qarşı da yarana bilər. Yad agentlər qıcıqlanma yaradır və bu qıcıqlanma haqda informasiya beyinə ötürülür, beyin də öz növbəsində aldığı məlumatları döş, qarın əzələlərinə, səs tellərinə, boyuna, üzə və gözlərə ötürülür. Asqırma zamanı spontan olaraq ağız və burun boşluğundan hava xaric olur, nəticədə spesifik səs yaranır. Xaric olan havanın təzyiqi 100 mm c. süt. , səs yarığı səviyyəsində xaric olan havanın sürəti 50-120 m/san, həcm sürəti isə 12 l/s-dir.

İslamda asqırmağın faydası

Asqırmaq, ümumiyyətlə bədənin rahatlaşmasına, dincəlməsinə, bəzi mikrobların bu yolla uzaqlaşmasına və insanın sağlam olmasına səbəb olur. Bu isə gözəllik və bir nemətdir. Onun üçün asqırarkən Allaha həmd edilir. Hədisi-Şərifdə buyurulur ki, asqırıb “Əlhəmdülillah” deyənə, “Yerhamükəllah” demək xeyir və bərəkətlə dua etmək deməkdir.

  • Asqırmaq Allahdan, əsnəmək şeytandan. – Tirmizi
  • Asqıran vaxt “Əlhəmdülillah” deyən 70 növ bəladan qorunur.  – İ. Nəccar
  • Dua edərkən asqırmaq, duanın qəbuluna işarədir.  – Tabərani
  • Danışarkən asqırmaq, ədalətli bir şahiddir.  – R. Muxtar
    Səfeh doğulmuş uşaqlar asqıra bilmir. – (Şotland məsəli)
  • Pərilər yeni doğulmuş uşaq üçün o asqırana qədər təhlükəlidir. – (Şotland məsəli)
  • Əgər dənizçi gəminin yüklənməsi zamanı sağ tərəf istiqamətində asqırarsa səfər uğurlu keçəcək, yox sol tərəf üstə olarsa, deməli tufan olacaq.
  • Əgər səhərdən axşama kimi asqırarsansa, deməli səni həftə sonu hədiyyə gözləyir.

İnanc və tarixçə

Talmud və İlyas Peyğəmbər

Musəviliyin ən önəmli və təməl əsərlərindən biri olan Talmudda bu mövzuya da yer verilmişdir. Əsərə görə biri dua edərkən asqırmağı gəlirsə, bu Tanrının onu duyması və duasını qəbul etdiyi mənasını daşıyır. İncildə İlyas Peyğəmbər haqqında olan əfsanədə dindarın hələ ölən bir uşağa ağız yoluyla süni tənəffüs verdiyi, uşağın yeddi dəfə asqıraraq həyat dönməsi və bu səbəblə asqırmağın yaşamaqda rolu olması qeyd olunmuşdu.

Bir çox qəbilə burunu “ruha gedən yol” olaraq adlandırır və asqırarkən ruhun bir hissəsinin bədəni tərk edəcəyinə inanırdılar. Bunlardan əlavə 19-cu yüzillikdə yaşamış İngilis həkimi Oliver Vendell Holmes doğum zamanı körpənin asqırmasını xoşbəxt bir yaşamın olacağına dəlalət etdiyini bildirmişdir.

Asqırmaq rekordu

Dünyada çox uzun müddət asqıran şəxs ingiltərəli 12 yaşlı qız Donna Qriffits olub. O, 977 gün asqırıb – 1981-ci il yanvardan 1983-cü il sentyabra qədər. İlk əvvəl o, hər 1 dəqiqədən bir asqırırmış, uzun zaman keçdikdən sonra asqırmalar arası fasilə 5 dəqiqə olub.

Maraqlı məlumatlar

Vaşinqton əczaçılıq fakültəsinin professoru Roberta Paqan, asqırıq tutmasının irsi olmasını müəyyən etdi. Yəni nəsillər boyu bəzi ailələrin üzvləri ard-arda üç dəfə, başqa ailələrin üzvləri isə 8 dəfə asqırması genlərlə ötürülməsinə bir işarədir.

Hava burundan saatda 150 km sürətlə çıxır və 40 minə qədər selik damlası xaric edir. Bu fizioloji reaksiya təxminən 90 trilyon qan hüceyrəsinin qan içərisində bir axınla davam edən vəziyyətidir. Alimlər qeyd edirlər ki, əgər havanın 100%-i insan bədənində olduğu təsirdə qalsaydı, bir insanı 4 metrə havaya qaldıracaq qədər güclü olardı. İngilis alimləri insanların dördə birinin günəş işığına məruz qalaraq asqırdığını müəyyən ediblər. Bir asqırmaq zamanı 85 milyon bakteriya ətrafa yayıla bilir. Doğuş ərəfəsinə yaxın bəzən hamilə qadınlarda asqırmanın çoxalması müşahidə edilir, bu da onların orqanizmində hormonal dəyişikliklərlə əlaqədar olaraq burunun selikli qişasında yaranmış ödem və şişkinliklə bağlıdır. Qaşdakı tüklərin qopardılması və fiziki aktivlik də asqırma yaradır.

Biz asqırma zamanı gözlərimizi yumuruq. Mütəxəssislərin bəziləri bildiriblər ki, bu reflektor akt olduğuna görə gözlər də bu zaman qorunma məqsədilə reflektor olaraq bağlanır, bəziləri isə bunu sadəcə asqırma refleksində göz əzələlərinin iştirakı ilə əlaqələndirib. Bəzən gözlərə toxunduqda da asqırma yarana bilər. Belə müəyyən ediblər ki, parlaq işığın təsirindən yaranan asqırma irsi yolla ötürülür. Asqırma zamanı hava 2-3 metr məsafəyə qədər yayıla bilər. Bu zaman xaric olan bakteriyalar hava kütləsi ilə 45 metr əraziyə qədər yayıla bilir.

Yuxuda asqırma baş vermir. Belə ki, bu refleksin yaranması üçün impulslar baş beyinə ötürülməlidir, lakin yuxuda impulslar baş beyinə ötürülmür. Bir də ki, asqırma zamanı ürək dayanmır, sadəcə ürək döyüntüləri və qan dövranı dəyişir. Həkimlər bildirir ki, asqırma yaranarsa, onun qarşısını almaq lazım deyil, bu üzün emfizeması, boğazda diskomfort hallarına gətirib çıxara bilər, həmçinin insan səhhətində ciddi fəsadlar da yaranar.

Bir az asqırmaq haqqında...

Asqırma belə yaranır:

  • Beynin müəyyən hissəsinin işində kiçik zaman ərzində dayanma
  • Burun boşluğunda qıcıqlanma
  • Dərindən nəfəsalma və ağciyərlərin hava ilə dolması
  • Yumşaq damağın yuxarı qalxması, damağın ön qövslərinin yığılması, dilin sərt damağa doğru qalxması, gözlərin bağlanması
  • Qabırğaarası, diafraqma və qarnın düz əzələlərinin, qırtlaq əzələlərinin yığılması
  • Döş qəfəsi daxilində və burun boşluğunda təzyiqin artması
  • Burun-udlağın açılması ilə havanın xaric olması

Asqırma aktı uzunsov beyin səviyyəsində retikulyar formasiya tərəfindən tənzimlənir. Orta burun balıqqulağı və burun arakəsməsinin selikli qişasındakı mexano- və xemoreseptorlardan afferent impulslar xəlbir sümüyündən sinir lifləri vasitəsilə üçlü sinir qanqlionuna (Hasser düyünü), oradan da tənəffüs mərkəzinə daxil olur. Buradan da sinir impulsları efferent yolla - dil-udlaq, azan və dilaltı sinir vasitəsilə işçi orqanlara daxil olur. Asqırma zamanı üz əzələlərinin yığılması efferent yola üzü sinirinin də daxil olması ilə əlaqədar olur. Bulbar iflic zamanı asqırma refleksi pozulur.

İnsanların beşdə birində olan və səbəbi bilinməyən asqırıq

“Fotik asqırıq təsiri” adlı çox təhlükəli olan və avtomobil sürücülərində daha çox rast gəlinən bir asqırmaq növü mövcuddur. Bir müddət tuneldə getdikdən sonra çölə çıxarkən parlaq bir işığın gözə düşməsi zamanı da asqırma baş verə bilir. İngilis filosofu Frensis Bekon bu mövzu üstündə çox fikirləşmişdi. 1635-ci ildə işığın beyindəki mayenin çəkilməsinə şərait yaratdığı, bunun nəticəsində də göz yaşlarının ağır bir şəkildə axdığını və bütün bunların da asqırma gücünü artırdığını yazmışdır.

İngilis alimi Gerald Leqq isə qısa bir zaman daha əsaslı şəkildə elmə istinad edərək açıqlama vermişdir. Qəflətən işığın yanmasından sonra göz bəbəkləri kiçilir, bunun nəticəsində göz yaşı vəziləri göz yaşı mayesinin ifrazını artırır. Göz yaşı, göz yaşı kanalıyla burun boşluğunun yuxarı hissəsinə çatır. Burada burun içərisindəki selikli toxumanı qıcıqlandırır və asqırma aktını hərəkətə gətirir. Burnun selikli qişası soyuqdəymə zamanı onsuz da həssas olduğu təqdirdə, təkandan sonra daha çox meydana çıxır.

Hindistanlı tədqiqatçı N. Deşmux bu cür asqırmağı elektrik hadisəsi ilə əlaqələndirir. Görmə siniri və burun ilə əlaqəli olan üçlü sinir, beyində bir-birlərinə o qədər yaxın yerləşirlər ki, qıcıqlanan zaman bir sinirdən digərinə asanlıqla ötürülmə yarana bilir.