Dünyanın ən bahalı çərəzi
Makadamiya fındığı və ya Avstraliya fındığı
Xırda ağımtıl-krem və ya çəhrayı rəngli, xoş, zərif şirintəhər ətirli çiçəkləri salxımı xatırladan nazik, sallaq, uzun budaqların üzərində toplanıb. Meyvələri mart və sentyabr aylarında yetişir. 1,5-2 sm diametrli kürəşəkilli meyvələri malikdir.
Dünyada bahalı çərəz sırasına daxildir. Çünki bu fındıqları ağacdan toplamaq və təmizləmək göründüyü qədər də asan deyil. Çox qalın yaşılımtıl-qəhvəyi rəngli qabığın içərisində yerləşən 1 fındığı sərt qınından çıxartmaq üçün 2000 Pa təzyiq lazımdır. Bir insan gün ərzində yalnız 150 kq makadamiya fındığı toplaya bilər. Buna görə də Avstraliyada bu fındığı toplamaq üçün yerli alimlər tərəfindən xüsusi maşın icad edilmiş və bundan sonra bu iş bir qədər asanlaşmışdır, bu üsulun köməyilə gün ərzində 3 tona qədər fındıq toplamaq olar. Makadamiya fındığının “Arkin Papershell” adlı xüsusi sortu isə bir qədər asan təmizlənir.
Fındığın tərkibində külli miqdarda B, E və PP vitamini, Ca, K, yağlar və efir yağları vardır. 100 qr fındığın qida dəyərliliyi 700 kkal-dır. Makadamiyadakı doymamış yağ turşularının tərkibində insan dərisində də mövcud olan palmitin turşusu var. Bu kimyəvi tərkibinə görə makadamiya yağı su samurunun piyini xatırladır. Buna görə də makadamiya yağı quru və qabıqlanan dəri üçün ideal vasitədir. Bu yağ dərini nəmləndirir, yumşaldır, cavanlaşdırır və gözəlləşdirir, hiperpiqmentasiya, fotodermatit, yara və yanıqların sağalmasını sürətləndirir. Buna görə də tərkibində makadamiya yağı olan kosmetik vasitələr (şampun, krem, dodaq boyası və s.) çox bahadır. Tərkibində makadamiya yağı olan şampunlar tük soğanaqlarını möhkəmlədir, saça təbii parlaqlıq verir, xarici mühitin
təsirlərindən qoruyur.
Yüksək kaloriyə malik olan makadamiya fındığı dadına görə meşə fındığını xatırladır. İri və bütöv fındıqları şokolad və ya karamelə bələnib yeyilir, kiçik və xırdalanmışlarını isə salat və dəniz məhsullarından hazırlanmış yeməklərə əlavə edirlər. Həmçinin belə xırda meyvəli sortlarından makadamiya yağı da əldə edilir.
Makadamiya avitaminozda, miqrendə və sümük xəstəliklərində xeyirli olduğuna görə vətəni Avstraliyada müqəddəs hesab edilir. Makadamiya fındığı həmçinin antioksidant təsir göstərir, qanda xolesterinin miqdarını və arterial təzyiqi azaldır. Yüksək kalorili olmasına baxmayaraq ürək-damar sistemi xəstəliklərinin yaranmasının qarşısını alır, arıqlamağa kömək edir, oynaq xəstəliklərinin (artrit, osteoporoz), kuperoz, varikoz, sellülitin müalicəsində də istifadə edilir.
Lakin bu fındığın itlərə verilməsi məsləhət deyil, çünki onlar üçün bu məhsul bir qədər zəhərlidir. Doğrudur, təsadüfən makadamiya fındığı yemiş it ölmür, lakin ilk 12 saat ərzində çox əzgin olur və yalnız 2 sutkadan sonra özünə gəlir.
1 kq makadamiyanın qiyməti 30 dollara yaxındır.
Makadamiya yağından antisellülit masaj yağının hazırlanması: hərəsindən 1 xörək qaşığı olmaqla makadamiya, küncüt və zeytun yağı qarışdırılır, bu qarışığın üzərinə hərəsindən 10 damcı olmaqla lavanda, qreypfrut, limon və rozmarinin efir yağı, 1 xörək qaşığı aloye şirəsi və bir qədər də əzilmiş avokado, ya da boranı ləti əlavə edilir. Bütün bu komponentlərin hamısı əlavə edildikdən sonra yenə də yaxşıca qarışdırılır və hər gün dərinin problemli nahiyələri bununla masaj edilir. İstifadədən öncə bir qədər qızdırmaq məsləhət görülür. Qarışıq soyuducuda saxlanılır.