Üzüm
Üzüm 7-9 min il bundan əvvəl Avrasiya materikində meydana çıxıb. Hazırda yetişdirilən mədəni üzüm sortlarının əcdadı Qərbi Avropa, Qafqaz və Kiçik Asiyada yayılmış yabanı meşə üzümü (Vitis silvestris L) hesab edilir. Alimlər belə hesab edir ki, mədəni üzüm sortları bir deyil, bir neçə növ yabanı üzümdən yaranmışdır. 9 min ildən çoxdur ki, üzüm yetişdirilir. Üzümün vətəni ön Asiya – Qafqazdan Yaxın Şərqə qədər olan bir ərazi hesab edilir.
Eramızdan əvvəl 4-cü minillikdə Assuriya və Babilistan ərazisində üzümçülük çox yaxşı inkişaf etmişdir. Bu dövrdə finikiyalı dənizçilər üzüm yetişdirilmə mədəniyyətini çox geniş yayırdılar. Qədim Roma dövründə franklar ölkəsindən (indiki Fransa) gətirilən burqund üzüm şərabı kifayət qədər məşhur idi. Qədim yunan mifologiyasına görə Devkalionun oğlu Oresfeyin iti kiçik ağac parçası doğaraq onu torpaqda basdırmış və ondan üzüm əmələ gəlmişdir. Qədim yunan allahı Baxus isə üzümçülük allahı hesab edilir. Qədim Rusiya imperiyasının bir çox şəhərlərinin (Akkerman, İzyum, Kizlyara, Telavi, Çuquyeva) gerbində üzüm rəsmi öz əksini tapmışdır.
Botaniki təsviri və bioloji xüsusiyyətləri
Üzüm (Vitis) üzümkimilər - Vitaceae fəsiləsinə daxildir. Mədəni üzüm (Vitis Vinifera) uzunluğu 40 m-ə qədər çatan sarmaşan oduncaqlı gövdəyə (liana) malik bitkidir. Zoğları çox nazik olub bağlaşma quruluşa malikdir. Birillik zoğları 5 metrə qədər olduğu halda, çoxillik zoğları isə kifayət qədər uzun olur. Zoğ bucaqlarında yarpaqlar, yarpaqların zoğa birləşdiyi ciblərdə isə bic və qışlamış tumurcuqlar inkişaf edir. Yarpaqları tam, kənarları dişli, üç və ya beş bölümlüdür, növbəli düzülüşlüdür, rəngləri tünd yaşıl olur, payız aylarında isə qırmızı rəngin müxtəlif tonlarına, narıncı və sarı rənglərə boyanır. Üzümün kök sistemi çox güclüdür, 7 metr və daha çox dərinliyə qədər gedir. İkievli bitkilərə aiddir. Çiçəkləri çox xırda olub, sıx salxım çiçək qrupunda toplanmışdır. Giləmeyvələri çox şirəli olub 1-4 ədəd xırda çəyirdəyə malikdir. Giləmeyvələri salxımda toplanaraq üzümə müxtəlif forma verirlər. May-iyun aylarında çiçəkləyir, avqust və sentyabr aylarında, elə sortları da var ki, oktyabr ayında bar gətirir.
Hal-hazırda dünyada üzümün 8000-dən çox sortu mövcuddur.
İlk dəfə olaraq rus botaniki İ. V. Miçurin şaxtayadavamlı mədəni üzüm sortlarını yetişdirmək üçün amur və ussuriya üzümündən istifadə etmişdir. Anac kimi adətən üzümün şimali amerika növündən istifadə edirlər, bu zaman calaqdan yaranmış üzüm fillokser zərərvericilərinə qarşı davamlı olur.
Calaq edilməmiş üzüm sortlarının məhsuldarlıq dövrü 60-80 il, calaq edilmişlərinki isə 30-40 ildir. İsti və subtropik iqlim qurşağında yetişdirilir. Qışda isə -18°С-yə qədər, bəzi sortları isə hətta -28°С-yə qədər davam gətirə bilir. 40°С-dən yuxarı temperatur isə bitkinin yarpaqlarının, zoğlarının, meyvələrinin yanmasına səbəb olur. 300-500 mm yağıntının düşməsi üzüm üçün optimaldır, 300 mm-dən az olması bitkinin suvarılmasına ehtiyac yaradır. Əgər yağıntının miqdarı 1000 mm-dən çox olarsa, üzümün yetişdirilməsi çətinləşir, göbələk xəstəliklərinin inkişafı üçün şərait yaranır.
Üzümün sortları onlardan alınan məhsullara görə aşağıdakı növlərə bölünür: süfrə, texniki, tumsuz və universal sortları. Dadına görə isə üzümün sortları bu qruplara bölünür: adi dadlı, muskat dadlı, quşüzümü dadlı və izabel dadlı. Üzümün sortlarını təsvir etmək üçün Beynəlxalq Ampeloqrafik Komissiya (Vyana, 1873) tərəfindən vahid beynəlxalq sistem təyin edilmişdir.
Xalq təsərrüfatında üzümdən müxtəlif məqsədlər üçün istifadə edilir, ondan şərab, şirə, mürəbbə, marinadlar hazırlanır, toxumlarından isə texniki yağ əldə edilir.
İstifadə edilən hissələri: yarpaq və giləmeyvələri. Üzümün yarpaqları üzüm çiçəkləyən vaxtı, meyvələri isə dəyəndən sonra yığılır.
Kimyəvi tərkibi
Üzümün kimyəvi tərkibinə görə bir-birindən kəskin fərqlənən mindən çox sortu mövcuddur. Giləmeyvələrinin tərkibində 70-80% su, 20%-ə qədər şəkər, 2,5%-ə qədər üzvi turşular – sirkə, alma, limon, kəhrəba, turşəng, qarışqa, salisil turşusu, kalium, kalsium, maqnezium və dəmir duzları, aşı, pektin və rəngləyici maddələr, kversetin, enin, mono- və didelfinidin qlikozidləri, A, B1, B2 və C vitaminləri, yarpaqlarının tərkibində isə şəkər, sirkə və protokatexin turşuları, inozit, kversetin, karoten, xolin, betain var.
Farmakoloji xüsusiyyətləri
Üzümün yarpaqları qan təzyiqini tənzimləyir, maddələr mübadiləsini normallaşdırır, iştahanı artırır, antiseptik, iltihab əleyhinə, qankəsici və yarasağaldıcı xüsusiyyətlərə malikdir. Giləmeyvələri maddələr mübadiləsini yaxşılaşdırır, sidikqovucu və iltihab əleyhinə təsir edir, tənəffüs yollarının selikli qişasında seliyin ifrazını artıraraq bəlğəmin xaric olmasını asanlaşdırır. Yüngül işlədici və tərlədicidir. Qurudulmuş üzüm (kişmiş) isə ümumi möhkəmləndirici, qanyaradıcı, ödqovucu və iltihab əleyhinə təsirlərə malikdir.
Tətbiqi
1 xörək qaşığı xırdalanmış üzüm yarpaqlarının üzərinə 200 ml qaynar su əlavə edilərək 10 dəqiqə qaynadılır, soyudulur, süzüldükdən sonra gündə 4 dəfə 50 ml mübadilə pozğunluğu, toyuq korluğu xəstəliyi zamanı daxilə qəbul edilir. Angina zamanı dəmləmədən qarqara, dəri xəstəlikləri zamanı isə xaricə yuyunma şəklində istifadə edilir.
Üzümün giləmeyvələri və ya təzə sıxılmış şirəsi gündə 3 dəfə - səhər acqarına, günorta və axşam isə yeməkdən 1 saat əvvəl daxilə qəbul edilir. Qəbul edilən ilkin doza 200 ml olmalı, tədricən isə 500 ml-ə qədər artırılmalıdır. Əgər üzüm giləmeyvə şəklində qəbul edilərsə, ilkin olaraq sutkalıq doza 1 kq olmalı və tədricən 2,5-3 kq-a qədər artırılmalıdır (qəbul müddəti 3-4 həftədir, bu müddətdə yağlı ət, süd və spirtli içkilərdən uzaq durmaq lazımdır). Tam dəyməmiş və ya turş üzüm sortlarının şirəsi iştahaartırıcı, həzm yaxşılaşdırıcı, qızdırmasalıcı vasitə kimi istifadə edilir.
Üzümdən naturoza adlı preparat hazırlanmışdır ki, bu da çoxlu qan itkisi, kollaps və şok zamanı venadaxili inyeksiya edilir.
Kosmetologiyada dəyməmiş üzümün şirəsindən dərini tonuslandıran, yumşaqlıq, elastiklik və təravətini artıran vasitə kimi istifadə edilir. Bunun üçün üzüm şirəsində isladılmış tənzif və ya pambıq üz, boyun nahiyəsinə 20-25 dəqiqə müddətinə qoyulur. Bundan sonra dəri ilıq su yuyulur, dəsmalla qurudulduqdan sonra dəriyə qidalandırıcı krem yaxılır.
Əks göstəriş
Üzümdən piylənmə, karies, xora xəstəliyi, ishalla müşayiət edilən kolit və şəkərli diabet zamanı istifadə məsləhət deyil.
Ampeloqrafiya
Üzüm təbiətin yeganə nemətidir ki, ona bütövlükdə ampeloqrafiya (yunanca ampelos – üzüm, qrafo – yazıram deməkdir) adlı elm həsr edilib. Ampeloqrafiya üzüm, üzümün müxtəlif növ və sortları haqda elm olub, onun xüsusiyyətlərinin ətraf mühit amillərinin və insan faktorunun təsirindən dəyişmə qanunauyğunluqlarını öyrənir. Bu elm XIX əsrin əvvəllərindən inkişaf etməyə başlamışdır. İlk dəfə ampeloqrafiya terminini elmə polşa naturalist-təbiətşünası Filip Yakov Saks (1661) daxil etmişdir və o, ampeloqrafiya elminin banisi hesab edilir. Ampeloqrafiyanın elmi əsasları ispan alimi Simon de Roxas Klemente (1806) tərəfindən işlənmişdir.
Ampeloterapiya
Bir çox xəstəliklərin, xüsusilə də xroniki xəstəliklərin müalicəsində üzümdən və təzə sıxılmış üzüm şirəsindən istifadə ampeloterapiya adlanır. Ampeloterapiya diyetoterapiyanın bir sahəsi olub, həkimin təyinatı əsasında medikamentoz müalicə, diyetoterapiya və ya klimatoterapiya ilə birgə tətbiq edilir. Qədim yunan mifologiyasında gözəl cavan oğlan Ampelin necə üzüm lianasına çevrilməsi barədə əfsanə mövcuddur.
Üzümün diyetik və terapevtik təsirləri hələ qədim dövrlərdə yaşamış alimlərə - Hippokrat, Asklepi, Plini, bəzi ərəb təbibləri Avrellon, Əbu Bəkr ər-Razi, orta əsrlərdə isə Riveriusa məlum idi. Hal-hazırda ampeloterapiya islam və buddizm dininin yayıldığı ölkələrdə - Misir, Suriya, Ərəbistan, İran, İraq, Əfqanıstan, Hindistanda tətbiq edilir. Üzümlə müalicənin elmi-nəzəri əsasları 1920-ci illərdə Semaşko adına Yalta institutunda A. V. Dyakovun rəhbərliyi altında işlənib hazırlanmışdır.
Üzümün müalicəvi xüsusiyyətləri hələ qədimdən insanlara məlumdur. Qədim yunan və romalılar üzümdən gücün bərpası, mübadilənin yaxşılaşdırılması, anginanın müalicəsi üçün, həmçinin sidikqovucu, işlədici və ümumi möhkəmləndirici vasitə kimi istifadə edirdilər. Qurudulmuş üzümdən (kişmiş) isə ağciyər, qaraciyər və böyrək xəstəliklərində həb kimi istifadə edirdilər. Hal-hazırda ampeloterapiya Fransa, Almaniya, Avstraliya, Macarıstan, İtaliya, İsveç kimi ölkələrdə çox məşhurdur.
Mütəxəssislər belə hesab edir ki, üzümün müalicəvi təsirinin sirri onun tərkibində olan qlükoza və fruktozada gizlənir. Adi istifadə edilən çuğundur şəkərindən (saxaroza) fərqli olaraq üzümün tərkibindəki şəkər həzm prosesində elə də ciddi dəyişikliyə məruz qalmayaraq birbaşa qana keçir və əzələ tonusuna müsbət təsir edir, qan damarlarını genişləndirir. Qanazlığının qarşısını alır, qanda eritrositlərin və həmçinin hemoqlobinin miqdarını artırır, sümük iliyi fəaliyyətini yaxşılaşdırır. 1 litr üzümü şirəsinin kalorisi 1,5 kq alma və ya şaftalı, 650 qr mal və ya balıq ətindəki kaloriyə bərabərdir.
Ampeloterapiya zamanı qidada müəyyən məhdudiyyətlərə yol vermək lazımdır. Yaxşı olar ki, bu müddətdə kvas, şirin qazlı içkilər, hisə verilmiş, turşuya, duza qoyulmuş, çox yağlı məhsullar, çiy kələm, çuğundur, turp yeyilməsin. Həmçinin digər giləmeyvə, meyvə və göyərtilərin də qəbulu dayandırılmalıdır. Ampeloterapiyaya başlamazdan öncə yaxşı olar ki, xəstə dişlər müalicə edilsin. Üzüm şirəsini içdikdən sonra mütləq ağız boşluğu su ilə yaxalanmalıdır.
Ampeloterapiya bu cür aparılır: hər gün gündə 3 dəfə olmaqla 400 qr üzüm yeyilir – 1/3 hissə səhər acqarına, 1/3 hissə nahardan 2 saat əvvəl və 1/3 hissə nahardan 3 saat sonra. 4-cü həftəyə qədər tədricən gündəlik üzümün dozası hər gün artırılaraq 3 kq-a çatdırılmalıdır. Bundan sonra isə üzümün dozasını hər qəbulda tədricən azaltma tətbiq etmək lazımdır. Həkimlər hazm sistemində hər hansı narahatçılığı olan insanlara üzümün giləmeyvələrini yeməyi deyil, təzə sıxılmış şirəsini içməyi məsləhət görür.
Ampeloterapiya hansı hallarda aparılmır: şəkərli diabet, bütün xəstəliklərin kəskinləşməsi zamanı, mədənin xora xəstəliyi, xroniki vərəmin kəskinləşmə mərhələsi, piylənmə, hipertoniya, xroniki ishal. Ampeloterapiya zamanı əsasən bu üzümün bu sortlarından istifadə edilir: şasla, rislinq, semilyon, qauş, tağüzüm, ağ kişmiş, çeleki.