Ginkqo biloba
Bitkinin Ginkgo biloba elmi adının müəllifi Karl Linney hesab edilir. Bu qəribə bitkini ona bir ingilis bağbanı göndərmişdir. Bitkinin tanakan, rokan kimi digər adları da mövcuddur. 1690-cı ildə Naqasaki şəhərində Hollandiya səfirliyinin həkimi E. Kempferi yarpaqları ənənəvi yapon yelpiyini xatırladan bitki-ağac çox maraqlandırır. Ağacın möcüzəli gümüşü-kəhrəba rəngli əriyi xatırladan meyvələrindən xoşagəlməz qaxsımış yağ qoxusu gəlir.
Bitkinin toxumları yapon milli mətbəxində istifadə edilir. 1712-ci ildə E. Kempfer bu bitkini Ginkqo adı altında təsvir etmişdir. Çin, Yaponiya və Koreyada bu bitki VII-VIII əsrlərdən tanınır.
Belə bir əfsanə var ki, yapon imperatoru Naixaku-Kodjonun dayəsi ölərkən ürəyinin yaşaması üçün öz məzarı üzərində ginkqo biloba bitkisinin əkilməsini xahiş edir. Elə o vaxtdan Yaponiyada ginkqo biloba məbəd və qəbirlər üçün müqəddəs hesab edilir. Payız fəsli gələndə ginkqo bilobanın yarpaqları saralıb tökülür, bu ərəfədə yaponlar ginkqo bilobaya sitayiş edir və onun yarpaqlarını böyük ehtiramla toplayaraq onlardan fala baxmaq məqsədilə istifadə edirlər.
Ginkqo biloba bitkisi 1730-cu ildə Qərbi Avropaya, 50 ildən sonra da oradan Şimali Amerikaya gətirilib. Məşhur alman şairi Volfhanq Höte botanika ilə çox maraqlanırdı. Almaniyada ginkqo biloba bitkisini “Höte ağacı” da adlandırırlar. Belə ki, şair bu ağaca “Ginkqo biloba” adlı şeir də həsr etmişdir və bu şeirdə bitkinin yarpaqlarını iki sevən qəlbin qovuşması kimi simvolizə etmişdir.
Tokio universitetinin botanika laboratoriyasında rəssam kimi çalışan S. Xirazeni botanika elmi çox maraqlandırır və o, 1869-cu ildə universitetin həyətində bitən ginkqo biloba bitkisindən material götürərək onun embriogenezini öyrənmiş və bitkinin erkək cinsi hüceyrələrini aşkar etmişdir. Elə həyətdəki həmin ağacın yanında onun şərəf və xatirəsinə həsr edilmiş lövhə yerləşdirilmişdir.
Botaniki təsviri
İkidilimli ginkqo biloba növü (Ginkgo biloba L.) relikt bitki olub, ginkqokimilər (Ginkgoaceae) fəsiləsinə, ginkqo (Ginkgo) cinsinə daxildir. Ginkqo biloba hündürlüyü 40 metrə qədər, gövdəsinin diametri isə 4,5 metrə qədər olan ağac bitkisidir. Ağacının çətiri piramidaşəkillidir. Bu yarpağı tökülən bitki 5-8 sm ölçüsündə ikidilimli yelpikşəkilli formaya malikdir. Dixotomik budaqlanmaya malikdir. İkievli bitkidir. Yaz fəslinin axırında küləklə tozlanma yolu ilə çoxalır. Bir neçə aydan sonra payızda ginkqo bilobanın əriyi xatırladan xoşagəlməz ətirə malik olan dairəvi meyvələri əmələ gəlir. Yaxşı inkişaf etmiş kök sisteminə malikdir. Ümumiyyətlə, bitki güclü külək və şaxtaya qarşı çox davamlıdır. Ginkqo biloba bitkisi həmçinin radiasiyaya, parazitlərə, göbələk və virus xəstəliklərinə qarşı kifayət qədər dayanıqlıdır. Hətta Xirosima şəhərində güclü radiasiya zamanı bu bitkinin meyvələri, toxumları zədələnməmişdir. Çox uzun müddət yaşayırlar. Bəzilərinin hətta 2500 il yaşı olur.
Ginkqo biloba bitkisi şam və küknar kimi çılpaqtoxumlulara daxildir, buna görə də əvvəllər botaniklər onu iynəyarpaqlılara aid edirdi. Lakin ginkqo biloba iynəyarpaqlı bitkilərdən çox fərqlənir, hətta belə güman edirlər ki, o, qədim qıjıkimilərin nəslindəndir. Ginkqo biloba Yer kürəsində mezozoy erasında çox geniş yayılmışdır. Buna görə də onu bəzən “dinozavr ağac” da adlandırırlar.
Uzun əsrlər boyu düşünürdülər ki, ginkqo bilobaya yabanı halda rast gəlinmir. Lakin hal-hazırda şərqi Çinin iki kiçik rayonunda ginkqo bilobanın yabanı forması bitir. Ginkqo biloba Çin, Yaponiya və Koreya ərazisi üçün endemik bitki hesab edilir. Yapon dilindən tərcümədə ginkqo biloba “gümüşü ərik” deməkdir. Hal-hazırda Avropa və Şimali Amerikanın botanika bağları və parklarında yetişdirilir.
Ginkqo biloba yarpağı Herba Flora şirkətində istehsalda mövcuddur.
Yayılması
Bu bitki kifayət qədər kosmopolit areala malik olmuşdur. Ginkqo biloba bitkisi xüsusilə şimal yarımkürəsində yüksək dərəcədə rütubətli iqlim qurşağında, əsasən Sibir ərazisində çox geniş yayılmışdır.
Kimyəvi tərkibi
Ginkqo biloba bitkisinin tərkibində olan əsas təsiredici bioloji aktiv maddələr 2 qrupa bölünür: flavonqlikozidlər və terpenlaktonlar. Kversetin, kempferol və izoramnetin flavonqlikozidlərə, bidobalidlər və ginkqolidlər (A, B, C) isə terpenlaktonlara aiddir. Flavonqlikozidlər antioksidant aktivliyinə, terpenlaktonlar isə iltihab əleyhinə təsirlərə malikdir.
Farmakoloji xüsusiyyətləri və tibdə tətbiqi
XX əsrin sonlarından başlayaraq ginkqo biloba tərkibli preparatlar məşhurlaşmağa başladı. Ginkqo biloba tərkibli preparatların əsas istehsalçıları ABŞ, Almaniya, Fransa və Çin hesab edilir. Amerikada ginkqo biloba tərkibli preparatlar satılan dərman preparatları arasında ilk beşliyə daxildir.
Ginkqo biloba bitkisinin toxumları və yarpaqları çin təbabətində çox qədimdən istifadə edilir. Ginkqo biloba bütün orqanizmdə mikrosirkulyasiyanı, kapilyar qan təchizatını yaxşılaşdıraraq bütün metabolik prosesləri normallaşdırır, ürəyin, beynin və aşağı ətrafların oksigenlə təchiz olunmasını təmin edir. Yaddaşı stimullaşdırır, zehni fəaliyyəti artırır və diqqətin konsentrasiyasını yaxşılaşdırır. İtburnu ekstraktı ilə birgə ginkqo biloba ürək tutmalarının, infarktın qarşısını alır, qanda xolesterinin miqdarını azaldır, erkən qocalmanın qarşısını alır, sedativ təsir göstərir, başgicəllənmənin, baş ağrılarının və eşitmə zəifliyinin qarşısını alır. Bunlardan əlavə infarkt və insultun profilaktikasında istifadə edilə bilər. Hematoensefalik baryeri asanlıqla keçir. Ginkqo biloba bitkisinin dəmləməsi damar divarının elastikliyini və müqavimətini artırır, damarları genişləndirir, trombositlərin aqreqasiya faktorunu inhibə edərək onların aqreqasiyasının və bununla da laxtalanmanın qarşısını alır. Ödem əleyhinə təsir göstərir, venoz xəstəliklər zamanı da toxumlarının təsiri effektlidir. İnsulinə olan tələbatı azaldır, diabetik angiopatiyada effektlidir, diabetik retinopatiya, sarı ləkənin qocalma ilə əlaqədar degenerasiyası və torlu qişanın zədələnməsi zamanı istifadə edilir. İmmun müqaviməti artırır, qlaukomanın müalicəsində istifadə edilə bilər. Uzun müddət (1-2 ay) qəbul edildikdə impotensiyanın qarşısını alır. Kosmetologiyada saç tökülməsi əleyhinə istifadə edilir.
Əks göstəriş: kəskin beyin qan dövranı pozğunluğu, miokard infarktının kəskinləşmə periodu, hipotoniya, hamiləlik, laktasiya periodu, 2 yaşına qədər olan körpələr və fərdi həssaslıq. Hemorragik diatezlər zamanı qəbulu məsləhətli deyil. Bunlardan əlavə antikoaqulyant, antiaqreqant preparatlarla və salisil turşusu ilə birgə qəbulu yolverilməzdir, bu zaman həkimlə mütləq məsləhətləşib dozanı azaltmaq və ya qəbulu tamamilə dayandırmaq lazımdır. Davamlı olaraq qəbul etmək lazım deyil. Ginkqo biloba tərkibli preparatların QİÇS və onkoloji xəstəliklər zamanı tətbiqi isə hələ sual altındadır, bu məsələ üzərində hələki tədqiqatlar aparılır.
Əlavə təsirləri: yüksək dozalarda qəbul edildikdə baş ağrıları, allergik reaksiyalar, mədə-bağırsaq pozğunluğu və başgicəllənmə verə bilər.
Reseptlər
Spirtli çıxarışın hazırlanması: 5 qr xırdalanmış yarpaqların üzərinə 200 ml araq əlavə edilib 12-15 gün qaranlıq və isti yerdə saxlanılır.
Sulu dəmləmənin hazırlanması: 1 xörək qaşığı xammalın üzərinə 200 ml qaynar su əlavə edilib su hamamında 15 dəqiqə qaynadılır. Bundan sonra 30 dəqiqə dəmə qoyulur və süzülür. Ginkqo biloba dəmləməsini jenşen və yaşıl çay ilə birgə də içmək olar.