Rus alçası (krıjovnik)

kFirəng üzümü və ya adi rus alçası (Ribes uva-crispa və ya Grossularia reclinata). Qızılı-çəhrayı rəngli, şirin və çox dadlı olan rus alçası bağ meyvələri arasında o qədər də məşhur olmayan, insanlara tanış olmayan bir giləmeyvədir. XI əsrdən başlayaraq Rusiya ərazisində monastr bağlarında yetişdirilməyə başlayıb, Qərbi Avropada isə XVI əsrdən tanınır. Miçurin bu bitkini “şimal üzümü” də adlandırmışdır.

Rus alçasıkimilər (Grossulariaceae) fəsiləsinə, qarağat cinsinə (Ribes) və rus alçası yarımcinsinə (Grossularia) daxil olan çoxillik bitkidir. Hündürlüyü 1-1,2 metrə qədər olan və tünd boz, ya da tünd qəhvəyi rəngdə laylanan qabığa malik kol bitkisidir. Kökləri 1,3 metrə qədər dərinliyə gedir, zoğları 7-8 il, lakin kolun özü isə 15-20 il yaşayır. Optimal mülayim temperaturda, yaxşı havalı yerlərdə bitir. Suya tələbatı azdır. Gilli dənəvər-podzol və meşə torpaqlarında bitir. Şitil və ya qələm vasitəsilə çoxalır, sadəcə şitilləri 30-40 sm dkərinliyə və bir-birindən 0,7-1 metr aralı yaxşı gübrələnmiş torpağa basdırmaq lazımdır. Rus alçası həmçinin dekorativ bitki kimi də əlverişlidir. Budaqları üçbölümlüdür, bəzən də yarpaq mənşəli sadə tikanlara malikdir. Cavan zoğları silindrik olub boz rənglidir, üzərində nazik tikancıqlar və qara nöqtələr mövcuddur. Yarpaqları növbəli düzülüşə malikdir. Yarpaq ayası isə üç yerə haçalanmışdır. Tumurcuqları qəhvəyi rənglidir, üzəri kürəni pulcuqlarla örtülü olub tikanla budaq arasındakı bucaqda yerləşmişdir. Yarpaqların uzunluğu 6 sm olub kənarları küt bucaqlı dişlidir, 3-5 dilimlidir, dairəvi və ya ürəkvari-yumurtavaridir. Çiçəkləri ikicinsli olub, yaşılımtıl və ya qırmızımtıl rənglidirlər, tək-tək və ya 2-3 ədədi bir yerdə yarpaq ciblərində yerləşmişdir. May ayında çiçəkləyir. Giləmeyvələri 12 mm, hətta 30-40 mm-dək uzunluqda olub, oval və ya demək olar ki, kürəşəkilli yalançı meyvədir. Səthi hamar olan meyvələrin üzəri zolaqlı, rəngi yaşıl, sarı, qırmızımtıl, qaramtıl və ya purpurdur. İyun-avqust aylarında yetişir. Hal-hazırda 1500-dən çox sortu var. Rus alçasının tərkibində 9,5% şəkər (fruktoza, qlükoza, saxaroza), 2%-ə qədər üzvi turşular, tannin, azotlu maddələr, rəngləyici və pektin maddələri  (0,29—1,80%), 37-54 mq% vitamin C, vitamin P, fol turşusu, karotin, 85%-ə qədər su, külli miqdarda kalsium, kalium, natrium, kükürd, dəmir və fosfor var. Bunlardan əlavə yarpaq və köklərinin tərkibində çoxlu flavonoidlər də mövcuddur. Qida məqsədilə təzə dərilmiş formada yeyilir. Qida sənayesində mürəbbə, kisel, marmelad və çaxır istehsalında rus alçasından istifadə edilir. Çatışmaz xüsusiyyəti isə təbii ziyanvericilər olan mişarçı, qarışçı, mənənə və digərlərinə qarşı həssas olmasıdır.

Yayılması.

Bu bitkinin vətəni Qərbi Avropa və Şimali Afrikadır. Buna baxmayaraq Qafqaz, Ukrayna, Orta Asiya, Cənubi və Orta Avropa, Şimali Amerika kimi ərazilərdə mülayim iqlim qurşağında da geniş yayılmışdır. Aşağı enliklərdən yuxarı enliklərə doğru dağ yamaclarında, meşə və bağlarda bitir.

Xalq təbabətində tətbiqi.

Rus alçası öz müalicəvi təsirinə görə moruq, albalı və almadan üstündür və xalq təbabətində ondan bir çox xəstəliklərin müalicəsində  istifadə edilir. Rus alçası şirəsinin qanyaradıcı, xərçəng əleyhinə, sidikqovucu, ödqovucu, işlədici və qankəsici xüsusiyyətləri mövcuddur. Rus alçasının tərkibində K və Na 11:1-ə nisbətində olduğuna görə ödem əleyhinə də təsir göstərir. Bunlarla yanaşı rus alçasından mübadilə pozğunluqlarında, piylənmə, xroniki qəbizlik, dəmir defisitli anemiya, hipovitaminoz zamanı, qaraciyər, öd kisəsi xəstəliklərində istifadə edilir. Eyni zamanda rus alçasının şirəsi qanın tərkibini təzələyir, eritrositlərin miqdarını və hemoqlobinin səviyyəsini artırır. Ürək-damar sistemi xəstəliklərindən ateroskleroz və hipertoniya zamanı da tətbiq edilir. İştahanı yaxşılaşdırır, təzyiqi normallaşdırır, ağrıkəsici effektə malikdir.

Dəmləmənin hazırlanması: 1 xörək qaşığı rus alçası giləmeyvələrinin üzərinə 1 stəkan qaynar su əlavə edilib 10 dəqiqə zəif odda qaynadılır, soyudulur, süzülür. Bal və ya şəkər əlavə edilib hər dəfə 4 stəkan olmaqla gündə 4 dəfə içilir.

Qanazlığı, qansızma və bəzi dəri xəstəliklərində, o cümlədən radiasiyadan sonra radionuklidləri, həmçinin ağır metal duzlarını orqanizmdən kənarlaşdırmaq üçün gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 1/4-1/2 stəkan rus alçasının şirəsi daxilə qəbul edilir. Rus alçasının şirəsi tərkibində 2%-ə qədər sellüloz olduğuna görə həzm sisteminin xora xəstəliklərinin və enteritin kəskinləşməsi mərhələsində, ishala meyilli enterit və kolit zamanı, böyrək xəstəliklərində, tam yetişmiş meyvələrin şirəsi isə şəkərli diabet zamanı istifadə edilmir.

Qafqaz təbabətində vərəm xəstəliyi zamanı rus alçasının yarpaqlarının dəmləməsindən istifadə edilir.

Böyrəkdə iltihabi proses. 2-3 həftə ərzində sistemli şəkildə hər dəfə 1 stəkan olmaqla gündə 3 dəfə rus alçası yemək böyrəyin və sidik kisəsinin iltihabi xəstəliklərinin qarşısını alır.

Klimaks. Gün ərzində 1 kq rus alçası müəyyən porsiyalara bölünərək qəbul edilir.

İstənilən kəskin formalı dəri xəstəlikləri. 2-3 xörək qaşığı giləmeyvənin üzərinə 1 stəkan qaynar su əlavə edilib 10 dəqiqə vam odda qaynadılır. Bir neçə qatlı tənzifdən süzüldükdən sonra zədəli nahiyələr 5-8 saaat müddətinə islatma edilir, 1-2 saat fasilədən sonra prosedur təkrarlanır.

Boğaz iltihabı zamanı. Hər gün səhər yeməkdən əvvəl 1/3 stəkan eyni nisbətdə qarışdırılmış bal və rus alçası şirəsi qəbul edilir.

Anemiya. Hər gün 3 dəfə yeməkdən əvvəl 1/4-1/3 stəkan rus alçası şirəsi içilir. Yaşlı insanlarda və uşaqlarda xüsusilə effektli təsir göstərir.

Piylənmə. Bu zaman mütəmadi olaraq müalicəvi qida rasionuna rus alçasının əlavə edilməsi 6-8 kq çəki artımına səbəb olur.

Rus alçasından “zümrüdü mürəbbənin” hazırlanması:

5 stəkan eyni ölçüdə olan və hələ tam dəyməmiş yaşıl rəngli rus alçası təmiz yuyulur və toxumlarından təmizlənilir. Daha sonra isə iki əllə böyük bir ovuc təzə dərilmiş albalı yarpağı götürülür, üzərinə soyuq su əlavə edilib qaynadılır, bir qədər qaynadıqdan sonra üzərinə rus alçaları əlavə edilib daha bir müddət bişirilir və qazın üzərindən götürülüb soyudulur. Bütün gecə soyuducuda saxlanılır. Səhər isə 7 stəkan şəkər tozunun üzərinə giləmeyvə və yarpaqdan əmələ gəlmiş, süzülmüş 2 stəkan maye tökülür və qaynadılır. Qaynama həddinə çatan kimi şərbət qarışığının üzərinə süzülmüş giləmeyvələr tökülür və daha 15 dəqiqə giləmeyvələrin rəngi itənə qədər qazın üzərində saxlanılır. Mürəbbənin bişməyinə 2-3 dəqiqə qalmış içərisinə 10 ədəd yuyulmuş albalı yarpağı salın (bankalara yığıldıqda da bu yarpaqlar mürəbbənin içində qalacaq). Artıq zümrüdü mürəbbəmiz hazırdır. Nuş olsun!