Tüklənmə (hirsutizm)
Hirsutizm və ya qadınlarda onlar üçün xarakterik olmayan yerlərdə artıq tüklərin olmasıdır. Hirsutizm qanda testosteron və dehidrotestosteron hormonlarının artması nəticəsində yaranır. Hirsutizm zamanı tüklənmə üz nahiyəsində, sinədə, beldə, qarında, ətraflarda, əsasən də budun daxili nahiyəsində olur. Tüklənmə müxtəlif dərəcədə - zəif və ya çox güclü ola bilər.
Bəzən hirsutizm oliqomenoreya (menstruasiyanın zəifləməsi), amenoreya (menstruasiyanın kəsilməsi) və nəhayət, sonsuzluq verə bilir. Yüngül hirsutizm qadınların 15%-də rast gəlinir və xoş gedişli olur. Kəskin, aydın hirsutizm virilizmlə müşahidə olunur və üzvi xəstəlik əsasında baş verir. Virilizmin kəskin inkişafı şişin olma səbəbindən irəli gəlir. Virilizm – alçaq səs, əzələ kütləsinin artması, kişi tipli bədən quruluşu, klitorun hipertrofiyası, süd vəzilərinin atrofiyası, aydın hirsutizm, potensiyanın artması, dərinin tərli və sızanaqlı olması ilə xarakterizə olunur.
Tüklər 2 tip olur: narın və terminal tüklər. Narın tüklər yumşaq, nazik, rəngsiz olur, anadangəlmə bədən səthini örtür. Terminal tüklər isə kobud, tünd rəngli olur. Bu tüklər cinsi yetişkənlik dövrünə qədər ancaq başda, qaşda, kiprikdə olur. Cinsi yetişkənlik dövründə androgenlərin ifrazı ilə əlaqədar olaraq narın tüklər kobud tüklərə çevrilir. Normada terminal tüklər qadınlarda bədənin androgenasılı nahiyələrində - cinsiyyət orqanları və qoltuqaltı nahiyələrdə çıxır. Kişilərdə terminal tüklərin inkişafı dehidrotestosteronun təsirindən bədənin hər hansı bir yerində ola bilər. Hirsutizm ya androgenlərin - testosteron və dehidrotestosteronun qanda yüksək olması, ya da aktivliyinin artması və yaxud da enzim 5 α-reduktazanın aktivliyinin artması ilə əlaqədar olaraq tük köklərində dehidrotestosteronun yaranmasının çoxalması ilə bağlıdır.
Hirsutizmin səbəbləri:
1.Yumurtalıqlarda olan pozğunluqlarla bağlı ola bilər:
- yumurtalıqların polikistozu sindromu
- insulinərezistentlik
- yumurtalıqların şişi
2.Böyrəküstü vəzidə olan pozğunluqlarla bağlı ola bilər:
- İtsenko-Kuşinq sindromu
- böyrəküstü vəzinin androgen ifraz edən şişləri
- böyrəküstü vəzinin anadangəlmə hiperplaziyası
3.Testosteronu birləşdirən zülalın azalması ilə əlaqədar olaraq qanda sərbəst testosteronun artması ilə bağlı ola bilər.
4.İdiopatik hirsutizm
Yumurtalıqlarla bağlı pozğunluqlar
1. Yumurtalıqların polikiztozu sindromu. Yumurtalıqların polikistozu sindromu zamanı hirsutizmin əsasında testosteronun qanda normadan artıq olması durur. Tük follikullarında testosteronun miqdarı artdıqca o, dehidrotestosterona çevrilir ki, bu da qadınlar üçün xarakterik olmayan yerlərdə terminal tüklərin artmasına səbəb olur.
2. İnsulinərezistentlik və hiperinsulinemiya. İnsulinərezistentlik birbaşa hirsutizmin səbəbi deyil. O, dolayı yolla qadınlarda testosteronun çox yaranmasına təsir göstərir. Xüsusən də bu özünü yumurtalıqların polikistozu zamanı daha aydın büruzə verir.
3.Yumurtalıqların şişi. Arrenoblastoma – yumurtalığın qapısında yaranan şişdir. Bu şiş bədxassəlidir, testosteron ifraz edir və hirsutizm yaradır.
Böyrəküstü vəzi ilə bağlı pozğunluqlar
1. İtsenko-Kuşinq sindromu. Hirsutizm eutopik və ektopik AKTH (adrenokortikotrop hormon) asılı sindromda rast gəlinir. Daha aydın hirsutizm isə böyrəküstü vəzin qabıq maddəsinin karsinomasında rast gəlinir.
2. Böyrəküstü vəzinin androgen ifraz edən şişi. Bu şişlər çox nadir rast gəlinir, adətən bədxassəli olur. Klinik olaraq aydın hirsutizm və virilizmlə xarakterizə olunur. Bu şişlər testosteronla yanaşı dehidroepiandrosteron da ifraz edir və qanda səviyyəsi yüksək olur. Bu da böyrəküstü vəzinin şişini yumurtalığın androgen ifraz edən şişindən fərqləndirir.
3.Böyrəküstü vəzinin anadangəlmə hiperplaziyası:
a) 21-hidroksilazanın çatışmazlığı
b) 11-hidroksilazanın çatışmazlığı
Sərbəst testosteronun artması nəticəsində baş verən hirsutizm - onun daşıyıcı zülalla birləşməsinin azalmasından yaranır.
İdiopatik hirsutizm:
İdiopatik hirsutizmin əsasında 2 səbəb durur:
1.Tük follikullarının dehidrotestosteronun normal miqdarına həssaslığının artması.
2. 5 α-reduktazanın həssaslığının artması və tük follikullarında testosteronun dehidrotestosterona çevrilməsinin artması. Dehidrotestosteron da qadınlar üçün xarakterik olmayan yerlərdə tüklərin yaranmasına səbəb olur.
Klinika.Yumurtalıqların funksiyası pozulmur. Hirsutizm - tüklənmə aydın olur.
Müalicə. Hirsutizmin müalicəsi onun yaranma səbəbindən çox asılıdır. Əgər səbəbi yumurtalığın və ya böyrəküstü vəzinin şişidirsə, onda müalicəsi cərrahi yolladır. Əgər hirsutizm böyrəküstü vəzinin qabıq hissəsinin anadangəlmə hiperplaziyası nəticəsində əmələ gəlibsə, medikamentoz terapiya təyin olunur. Hirsutizmin dərmanla müalicəsində əsas məqsəd androgenlərin sintezini azaltmaqdır:
1.Kontraseptivlərdən və ya progestinlərdən istifadə olunur.
2.Antiandrogenlər - progesteron və antiandrogen effektinə görə istifadə olunur.
3.Aldestoronun ingibitorları da həmçinin antiandrogen effektinə görə istifadə olunur.
Kosmetik müalicə kimi mexaniki, kimyəvi və lazer epilyasiyalarından istifadə olunur.
Reyhan SƏMƏDOVA,
həkim-endokrinoloq