Qıfotu
Botaniki təsviri. Kiçik qıfotu – Vinca minor L. Fəsiləsi: kəndir – Apocynaceae.Meyvəsi uzunsov – ovalşəkilli ikiyuvalı çalardan ibarətdir. Tünd-qəhvəyi rəngli, səthi qabarcıqlı toxumları var.
Martın sonunda və ya apreldə çiçək açır. Əlverişli şərait olduqda yayda təkrar çiçəkləyir.
Yayılması
Ukraynada, Belorusiyada, Moldovada, Qafqazda, Baltikyanı ölkələrdə yabanı halda yayılıb. Ölkəmizdə Azərbaycan EA-nın Nəbatat Bağında becərilir.
Xammalı və kimyəvi tərkibi
Dərman xammalı kimi kiçik qıfotunun yerüstü hissəsi (otu) – Herba Vincae minoris istifadə olunur. Otunu yazda və yayın əvvəlində toplayırlar.
Bundan ötrü bitkinin çiçəkli və yarpaqlı yerüstü hissələrini torpaqdan 3-5 sm yüksəklikdə oraqla kəsib götürürlər və ya dəryazla biçirlər.
Bitkinin təbii ehtiyatını qoruyub saxlamaq üçün eyni bir ərazidə xammalın tədarükü üç ildə bir dəfə aparılmalıdır. Toplanmış xammalı kənar bitkilərin qarışığından , öz bitkisinin qüsurlu hissələrindən (qaralmış yarpaqlar, kif atmış budaq hissələri və s.) təmizləyib altıaçıqlarda, yaxşı ventilyasiyalı çardaqlarda və ya mənzillərdə 3-5 sm qalınlığında təbəqə ilə kağızın və ya parçanın üzərinə sərib qurudurlar. Pis havada xammalı 40-50°C temperaturda quruducu qurğularda qurutmaq məqsədəuyğun hesab olunur.
Qıfotunun xammalının kimyəvi tərkibi olduqca zəngindir. O, yer kürəsində alkoloid tərkibinə görə ən zəngin bitkilərdən biridir. Kiçik qıfotunun tərkibində 20-dən artıq, otvari qıfotu növünün tərkibində isə 66-dan artıq törəmələri olan alkoloidlər aşkar edilmiş və hərtərəfli öyrənilmişdir. Onlardan vinkamin, minorin, vinin, izovinkamin, pubssin viniserin, rezerpin, ervamin və digər alkoloidlər üstünlük təşkil edir.
Kiçik qıfotunun tərkibində alkoloidlərlə yanaşı aşı maddələri, karotin, C vitamini, robinin, rutin flavonoidləri, triterpen saponinləri, üzvi turşular, acı maddələr, şəkərlər, mineral duzlar və s. aşkar edilmişdir.
Farmokoloji xüsusiyyətləri və tibdə tətbiqi
Kiçik qıfotunun alkoloidləri və onların əsasında yaradılan dərman preparatları (Devinkan, Vinkapan və s.) damargenəldici, hipotenziv və zəif sedativ təsir göstərirlər. Əsasən ürəyin vena damarlarının və baş beyin damarlarını genəldir, beyin qan dövranını gücləndirir , beynin oksigenlə təchizatını yaxşılaşdırır, diurezi (sidik ifrazını) artırır, miokardın funkisional vəziyyətini yaxşılaşdırır, arterial təzyiqi aşağı salır.
Aparılan eksperimental tədqiqatlar nəticəsində aşkar edilib ki, qıfotunun bəzi alkoloidləri (ervin, vinkarin, ervamin, rezerpinin və başqa) antiaritmik təsirə malikdir.
Həmin alkoloidlər beyin qan dövranına seçici təsir göstərərək, arteriyaların spazmını aradan qaldırır, venaların tonusunu yüksəldir, beyin insultlarında işemiya zonasını azaldır.
Kiçik qıfotu qədim dövrlərdən etibarən müxtəlif xalqların təbabətində sakitləşdirici, başgicəllənmə və baş ağrılarını azaldan vasitə kimi istifadə edilib. Qədim təbiblər Dioskorid və Pliniyin əsərlərində qıfotu dərman bitkisi kimi xatırlanır.
Hipertoniyanın I və II mərhələsində qıfotunun preparatlarının hipotenziv təsiri daha aydın nəzərə çarpır.
Kiçik qıfotunun preparatları ürəyin fəaliyyətinə müsbət təsir göstərir, sutkalıq diurezi artırırlar. Preparatların müalicə effekti 3 ay davam edir.
Kiçik qıfotu otunun dəmləməsi qankəsici vasitə kimi uşaqlıq və bağırsaq qanaxmalarında, həmçinin büzücü və antimikrob təsirli vasitə kimi tətbiq edilir.
Reseptlər
Kiçik qıfotunun dəmləməsi – Infusum herbae Vincae minoris L.
1 xörək qaşığı (5 qram) qurudulmuş və xırdalanmış xammalın üzərinə 1 stəkan (200 ml) qaynar su əlavə edərək, qaynar su hamamı üzərində 15 dəqiqə müddətində qızardır, otaq temperaturuna düşənə qədər saxlayıb süzür, xammalın qalığını sıxıb süzüntü ilə birləşdirirlər. Alınan dəmləmə gündə 3 dəfə, hər dəfə 1/3 stəkan qəbul edilir. Hipertoniya xəstəliyi əleyhinə istifadə olunur.
Vinkanor – Vincanarum
Kiçik qıfotu bitkisindən alınmış təmizlənmiş alkaloidlər qan dövranın spastik və aterosklerotik xarakterli pozulmasında, işemik insultdan sonra, həmçinin nevrogen taxikardiyada tətbiq edilir.
Gündə 3 dəfə hər dəfə 1-2 tableti qəbul edilir. Müalicə kursunun müddəti 10-30 gündür. 0,02 qram dozada tablet formasında buraxılır.
“Vinkapan” adı altında analoji xarici preparat istehsal olunur.
Devinkan – Devincan
Vinkanın turşusunun metil efiridir. Damargenişləndirici və hipotenziv təsir göstərir. Hipertoniya xəstəliyinin serebral formasında, həmçinin krizdə istifadə olunur.
Cəmil XƏLİLOV,
əczaçılıq elmləri namizədi