Adaçayı (sürvə)

a

Latın dilindən tərcümədə “salvia” sağlamlıq yaradan, xilas edən, qurtaran deməkdir. Hippokrat və Dioskorid adaçayını (sürvə) “müqəddəs bitki” hesab edirdi. Orta əsrlərdə də adaçayı bitkisini müqəddəs hesab edirdilər. Dini bayramlarda onunla müxtəlif məkanları bəzəyirdilər. İtaliyada Salerno knyazlığında belə bir məsəl mövcuddur: “Cur moriatur homo, sui salvia crescit in horto?” – Öz bağında adaçayı yetişdirən necə ölə bilər? Bunlardan əlavə qədim zamanlarda adaçayını sevgilini məftun etmək üçün möcüzəvi bitki hesab edirdilər.

XVI əsrlərdə botaniklər bu bitki ilə qadın sonsuzluğunu da müalicə edirdilər. Qədim Misirdə adaçayını “həyat xilaskarı” hesab edirdilər. Qədim yunanlar isə adaçayını “ölümsüzlük bitkisi” kimi dəyərləndirirdilər.

Adaçayının vətəni İtaliya və cənubi-şərqi Avropa (Yunanıstan, Albaniya) hesab edilir. Meşələrdə talalarda, bostanlarda, bağlarda bitir. Adaçayı istisevər bitkilərə aiddir, quraqlığa davamlıdır, rütubətli şəraitdə məhv olur.

Botaniki təsviri. Dərman adaçayı bitkisi (latınca Salvia officinalis) hündürlüyü 75 sm-ə qədər olan ətirli çoxillik yarımkol ot bitkisi olub dodaqçiçəyikimilər (Lamiaceae) fəsiləsinə aiddir. Kökü oduncaqlı möhkəm olub saçaqlıdır. Gövdəsi düz budaqlanan olub yarpaqlarla sıx örtülmüşdür. Gövdənin aşağı hissəsi sərt oduncaqlı olub, yuxarıya inkişaf etdikcə quruyur. Vegetativ zoğlarının və gövdəsinin üzərindəki yarpaqlar uzunsov olub uzunluğu 3,5 sm, eni isə 0,8-1,5 sm-dir. Çiçək tacı bənövşəyi rəngdədir. Meyvələri isə dairəvi şəkildə olub tünd-qonur rənglidir, 4 paycıqlıdır. Birinci ilin payızında adaçayı sıx kollanır. İkinci ilin iyununda isə çiçəkləyir. Çarpaz yolla tozlanır. İyun və iyul aylarında çiçəkləyir. Meyvələri avqust və sentyabr aylarında yetişir. Toxumları cücərmə qabiliyyətini 3 il müddətinə saxlayır.

Xalq təbabətində tətbiqi. Dərman xammalı kimi bitkinin yarpaqları və çiçəkləmiş uc hissələri istifadə edilir. İlk yığım əkildiyi ilin sentyabr ayında baş tutur. Növbəti yığımlar isə bitkinin vegetasiya dövründə 2-3 dəfə həyata keçirilir. Dərman adaçayının yarpaqları xüsusi quruducu şkaflarda, çardaqlarda və altıaçıqlarda qurudulur. İlin yığımda qurudulmuş hissə 25%, son payızdakı isə 35% olur. Yaxşı qurudulmuş yarpaqlar taylara yığılıb quru məkanlarda saxlanılır.

Kimyəvi tərkibi. Bitkinin bütün hissələrində efir yağları var. Yarpaqlarında isə 1,3-2,5%-dir. Efir yağları D-α-pinen, sineol, α- və β-tuyon, D-borneol və D-kamforadan ibarətdir. Bunlardan əlavə bitkinin yarpaqlarının tərkibində alkoloidlər, flavanoidlər, aşı maddələri, oleanol və ursol turşuları, meyvələrində 19% piyli yağlar var.

eFarmakoloji xüsusiyyətləri. Bitkinin yarpaqları və çiçəkləri dezinfeksiyaedici, iltihab əleyhinə, ağrıkəsici, büzücü, qankəsici, sidikqovucu, tərqovucu təsirlərə malikdir. Adaçayı xalq təbabətində dəmləmə və cövhər (çıxarış) şəklində büzücü və antiseptik vasitə kimi stomatitlərdə, anginada, diş əti qanaxmalarda, ginekoloji praktikada isə şırınqa kimi istifadə edilir. Tənəffüs yollarının iltihabi xəstəliklərində bitkinin efir yağı və ya dəmləməsi inhalyasiya kimi tətbiq edilir. Xaricə isə saç tökülməsində, qara gəndalaş çiçəkləri ilə birgə isə hemorroyda istifadə edilir. Sinir sistemini də möhkəmləndirir.

Əks göstəriş. Böyrəklərin kəskin iltihabi xəstəliklərində, hamiləlik və laktasiya zamanı istifadəsi məsləhət deyil.

Kulinariyada istifadəsi. Daha çox Cənubi Avropa və ABŞ mətbəxində bu bitkiyə çox müraciət edilir. Balıq, konserv sənayəsində, ət, tərəvəz xörəklərinin və salatların, bəzi şirniyyatların hazırlanmasında bitkidən geniş istifadə edilir. Rozmarinlə birgə effekti daha da güclənir.

Herba Flora şirkətində də dərman adaçayı (sürvə) bitkisi istehsal edilir. Şəhərimizin istənilən apteklərindən əldə edə bilərsiniz.

Qarqara üçün dəmləmənin hazırlanması: 1 çay qaşığı adaçayının üzərinə 250 ml qaynar su əlavə edilib 10 dəqiqə müddətinə dəmlənilir. Soyudulub süzüldükdən sonra ağız boşluğu alınmış maye ilə qarqara edilir.