Razyana

fRazyana (aptek şüyüdü) – Foeniculum vulgare Mill. xoş ətirli bitkilərdən sayılır və çətirçiçəklilər – Apiaceae fəsiləsinə aid bitkidir. Onun ətrini buruna tutmadan da hiss etmək olur. Bəzən razyananı boyana da adlandırırlar. Xoş ətrinə görə ətriyyat və yeyinti sənayesində, habelə məişətdə geniş tətbiq sahələri var. Yarpaqları və körpə zoğları salatlarda, şorba və plov hazırlanmasında istifadə edilir.

 

Botaniki təsviri

Hündürlüyü 2 metrə qədər olan ikiillik ot bitkisidir. Dəyirmi formalı, yuxarı hissəsi budaqlı gövdəsi və növbəli düzülmüş qınlı yarpaqları var. Gövdəsinin aşağısındakı yarpaqları saplaqlı, ayası çox sayda lələkvari yarılmış, xətvari-sapşəkilli payları əmələ gətirmişdir. Gövdəsinin yuxarı hissəsindəki yarpaqları, demək olar ki, oturaqdır.

Adi razyananın sarı rəngli, beş ləçəkli xırda çiçəkləri var. Onlar mürəkkəb çətirşəkilli çiçək qrupuna toplanmışlar.

Meyvəsi yetişəndə 2 merikarpiyə (yarımmeyvə) ayrılan, uzunluğu 10 mm-ə, eni 4 mm-ə qədər olan sallaqmeyvədən ibarətdir.

İyul-avqust aylarında çiçək açır, sentyabrda meyvəsi yetişir.

Yayılması

Adi razyana yabanı halda Aralıq dənizi sahili ölkələrində, Krımda, Qafqazda, Orta Asiyanın cənub rayonlarında yayılmışdır. Ukraynada, Moldovada, Şimali Qafqazda, Rusiyanın Voronej və Krasnodar vilayətlərində sənaye miqyasında becərilir.

Adi razyanaya ölkəmizdə Xəzərsahili düzənliklərdə, Abşeronda, Lənkəran düzənliklərində təsadüf edilir. Suvarma kanallarının, yolların kənarında, dənizkənarı qumluqlarda və s. yerlərdə bitir.

Xammalı

Dərman xammalı kimi adi razyananın meyvəsi – Fructus Foeniculi istifadə olunur. Onu mürəkkəb çətirin mərkəzində yerləşən meyvələrin tam yetişdiyi dövrdə toplayırlar. Bitkinin yerüstü hissəsini biçib götürür, döyüb meyvələrini ayırır, onların qurudulmasını başa çatdırır, qüsurlu hissələrdən və kənar qarışıqlardan təmizləyirlər.

Hazır xammalın saxlanma müddəti 3 ildir.

Kimyəvi tərkibi

Adi razyana meyvəsinin tərkibində 2-6% efir yağı, 18%-ə qədər piyli yağ, zülali maddələr, şəkər, qətranlar, kəhrəba, alma və s. üzvi turşular aşkar edilmişdir. Efir yağının əsas komponenti anetol aromatik birləşməsidir. Bundan başqa efir yağının tərkibinə fenxon, az miqdarda cirə turşusu, cirə aldehidi, cirə ketonu, α-pinen, kamfen, α-fellandren, metilxavikol, dipenten və s. terpenlər daxildir.

Piyli yağının tərkibi petroselin, olein, linol, palmitin və stearin turşularının üçqliseridlərindən və sabunlaşmayan maddələrdən təşkil olunmuşdur.

Piyli yağdan 30-35% bərk üçqliseridləri ayırmaq və kakao yağının əvəzedicisi kimi istifadə etmək olar.

Farmakoloji xüsusiyyətləri

Adi razyana meyvəsinin halen preparatları (dəmləmə, bişirmə və s.) ödqovucu, spazmolitik, diuretik, bəlğəmtəmizləyici, antibakterial təsir göstərir, həzm vəzilərinin, həmçinin bronxial və süd vəzilərinin sekresiyasını gücləndirir, bağırsaqların motor funksiyasını tənzim edir.

Razyana meyvəsinin preparatları mərkəzi sinir sisteminə sakitləşdirici təsir göstərir. Bitkinin efir yağından hazırlanan preparatı meteorizm əleyhinə effektli təsir göstərir və qazların orqanizmdən xaric olmasını təmin edir.

Tibdə tətbiqi

Adi razyana meyvəsinin preparatları müasir tibdə mədə-bağırsaq traktının bağırsaq spazmı, dispepsiya, bağırsaq ağrıları və meteorizmlə müşayiət olunan və digər xəstəliklərində tətbiq olunur. Bronxitdə, öskürəkdə və yuxarı tənəffüs yollarının digər xəstəliklərində adi razyananın halen preparatları bəlğəmtəmizləyici, iltihab və öskürəkkəsici vasitə kimi istifadə edilir. Meteorizmdə, xüsusilə körpə uşaqlarda tez-tez baş verən bu xəstəlikdə adi razyananın efir yağından hazırlanan “razyana suyu” və ya “şüyüd suyu” preparatı qazqovucu vasitə kimi geniş tətbiq edilir.

Adi razyana meyvəsinin xammalı ödqovucu, qazqovucu, mədə xəstəlikləri əleyhinə işlədilən bir çox yığıntıların tərkibinə daxildir.

Dərman formaları və istifadə qaydası

1.Razyana meyvəsinin dəmləməsi – İnfusum fructuum Foeniculi

2 xörək qaşığı (10 qr) meyvəni emallı qaba yerləşdirib üzərinə 1 stəkan (200 ml) qaynar su əlavə edir və qaynar su hamamı üzərində 15 dəqiqə qızdırır, 45 dəqiqə müddətində otaq temperaturunda saxlayıb süzürlər. Xammalın qalığını sıxıb süzüntü ilə birləşdirir, qaynanmış su əlavə etməklə alınan dəmləmənin həcmini 200 ml-ə çatdırırlar.

Hazırlanan dəmləmədən gündə 3-4 dəfə, hər dəfə də 1/3 stəkan ilıq halda qəbul edirlər. Bəlğəmtəmizləyici və qazqovucu təsir göstərir.

2.Razyana yağı – Oleum Foeniculi

Razyananın meyvəsindən rəngsiz və ya sarımtıl rəngli, güclü ətirli qoxusu olan maye alınır. Meteorizmdə və bəlğəmtəmizləyici vasitə kimi 5-10 damcı daxilə qəbul edilir.

3.Razyana suyu və ya şüyüd suyu – Aqua Foeniculi

Tərkibi 1 hissə razyana yağı ilə 1000 hissə sudan ibarətdir, rəngsiz, şəffaf və ya azacıq bulanıq və güclü ətirli iyli mayedir. Bağırsağın funksiyasını yaxşılaşdırıcı və meteorizm əleyhinə təsir göstərən vasitə kimi istifadə olunur. Gündə 3-6 dəfə, hər dəfə 1 xörək qaşığı daxilə qəbul edilir.

4.Planteks – Plantex

Razyananın meyvəsindən alınan və qranul şəklində 5 qramlıq paketlərdə buraxılan dərman preparatı 2 həftəlik körpələrdən 4 yaşına qədər olan uşaqlara meteorizm əleyhinə təsir göstərən və həzmin pozulması nəticəsində baş verən bağırsaq ağrılarını aradan qaldıran vasitə kimi istifadə olunur.

Tətbiq qaydası. Qabaqcadan qaynadılmış və ilıqlaşana qədər soyudulmuş suda preparatı həll edib yeməkdən sonra qəbul edirlər.

Miqdarı. 2 həftəlik körpələrdən 1 yaşına qədər olan uşaqlar sutkada 1-2 paketi 2-3 dəfəyə, 1-4 yaşında olan uşaqlar isə sutkada 2-3 paketi 2-3 dəfəyə içə bilərlər.

Məhlulun hazırlanma qaydası. 1 paketdəki qranulları butulkaya və ya fincana yerləşdirib üzərinə 100 ml qaynanmış ilıq su əlavə edir və tam həll olana qədər qarışdırırlar.

Südəmər körpələrə yalnız təzə hazırlanmış məhlul içirdilməlidir. Ona şirinləşdirici komponentlər əlavə etmək olmaz.

Razyana meyvəsinin xammalı bir çox dərman bitkilərinin xammalları ilə birlikdə yığıntı formasında tənəffüs yollarının, mədə-bağırsaq traktının, ürək-damar sisteminin və digər orqanların xəstəlikləri əleyhinə istifadə olunur.

Tənəffüs yolları xəstəlikləri əleyhinə yığıntı

Tərkibi:

Dərman gülxətmi kökü – 8 hissə

Çılpaq biyan kökü – 5 hissə

Adi dəvədabanı yarpağı – 4 hissə

Adi razyana meyvəsi – 3 hissə

1 xörək qaşığı yığıntıdan 1 stəkan qaynar su ilə dəmləmə hazırlayıb kəskin və xroniki bronxitdə, ağciyərin emfizemasında, pnevmoniyada gündə 3-5 dəfə, hər dəfə 1/3-1/4 stəkan daxilə qəbul edilir.

Mədə spazmı və meteorizm əleyhinə yığıntı

Tərkibi:

Adi cirə meyvəsi – 1 hissə

Adi razyana meyvəsi – 1 hissə

Adi zirə meyvəsi – 1 hissə

İstiotlu nanə yarpağı – 2 hissə

1 xörək qaşığı yığıntıdan 1 stəkan qaynar su ilə dəmləmə hazırlayıb mədə spazmında və meteorizmdə gündə 3 dəfə, yeməkdən 30 dəqiqə əvvəl 1/3-1/4 stəkan qurtumlarla içilir.

Qəbizlik əleyhinə yığıntı

Tərkibi:

Kövrək murdarça qabığı – 5 hissə

Qara gəndalaş çiçəyi – 2 hissə

Adi razyana meyvəsi – 2 hissə

Adi cirə meyvəsi – 1 hissə

1 xörək qaşığı yığıntıdan 1 stəkan qaynar su ilə dəmləmə hazırlayıb yeməkdən sonra 1 stəkan qəbul edilir.

Cəmil XƏLİLOV,

əczaçılıq elmləri namizədi