Evkalipt yarpağı
Evkalipt – Eucalyptus Labill
Evkalipt cinsinin dünyada 500-ə qədər növü vardır. Tibbi cəhətdən ən əhəmiyyətli növlərindən biri kürəşəkilli evkalipt – Eucalyptus globulus labill bitkisidir. Fəsiləsi: mərsin – Myrtaceae
Dünyanın ən nəhəng ağacı olub, vətənində (Avstraliyada) hündürlüyü 150 metrə çatır. Bu bitki bəzi digər səciyyəvi xüsusiyyətlərə də malikdir. Nəhəng ağac olmasına baxmayaraq onun kölgəsi olmur, çünki yarpaqları yerə perpendikulyar vəziyyətdə dayanırlar. Bu bitkiyə heterofiliys (müxtəlif yarpaqlı) əlaməti xasdır.
Belə ki, kürəşəkilli evkaliptdə yarpaq dar 2 formada və 2 düzülüşdə olurlar. Bitkidəki cavan yarpaqlar yumurtavarı və ya enli lansetvari formada olub, supsativ (qarşı-qarşıya, cüt-cüt) yerləşmişlər, saplaqlıdırlar. Bitkinin yaşlı yarpaqları oraqşəkillidirlər, saplaqlıdır və növbəli düzülmüşlər.
Evkalipt ağacları özlərinə çoxlu su çəkmək xüsusiyyətinə də malikdirlər. Onların bu xüsusiyyətindən bataqlıqları, gölməçələri qurutmaq, ağcaqanadları məhv etmək və dolayı yolla malyariya xəstəliyinin kökünü kəsmək üçün istifadə edilir.
Evkalipt çox böyük cins olub, Avstraliyanın və qonşu adaların florasının ¾ hissəsini təşkil edir. Aralıq dənizi sahili və Qaradəniz sahili ölkələrində Qaradəniz sahili ölkələrində, həmçinin, həmçinin Afrikada,Hindistanda, İndoneziyada, Yeni Zelandiyada,Cənubi Amerikada bu bitkinin sənaye əhəmiyyətli plantasiyaları vardır.
MDB ölkələrindən Qərbi Gürcüstanda, Rusiyanın Krasnadar Vilayətində, Azərbaycanın Lənkəran, Astara, Masallı və Abşeron (Mərdəkan dendroparkının yanında) rayonlarında becərilir.
Dərman bitki xammalı kimi kürəşəkilli evkaliptin yarpaqları – Folia Eucolypti istifadə olunur.
Yarpaqlarını noyabrdan yeni ilin aprel ayına qədər olan dövrdə toplayırlar, yaxşı ventilyasiyalı mənzillərdə, qalınlığı 10 sm-ə qədər olan təbəqə ilə sərib qurudular və ya qurudulması 40 C-dən yüksək olmayan temperaturda quruducu qurğularda həyata keçirirlər.
Evkaliptin yarpağı zəngin kimyəvi tərkibə malikdir. Onun tərkibində 3 faizə qədər efir yağı, flavonoidlər, aşı maddələri, ellaq turşusu, qətran maddələri, üzvi turşular və digər maddələr aşkar edilmişdir. Efir yağının əsas komponenti sineol maddəsidir. Ondan başqa efir yağının tərkibində komfor, fenxen, terpieoe, seskviterpen spirtləri və digər müşayiət edici maddələr vardır.
Tərkibilərindəki efir yağının polifenol birləşmələrinin (flavonoidlər, aşı maddələri digər) sayəsində evkaliptin yarpaqları aydın nəzərə çarpan antiseptik, iltihabkəsici,antibakterial, ağrıkəsici və digər təsirlər göstərirlər.
Evkaliptin yarpağının qalın preparatları (dəmləmə, bişirmə və digər) antiseptik təsirli vasitə kimi qarqara və inhalyasiya şəklində yuxarı tənəffüs yollarının xəstəliklərində, qadın cinsiyyət yollarının iltihablı xəsətliklərində, həmçinin təzə və infeksiyalı yaraların müalicəsində tətbiq olunurlar. Bu preparatları abseslərdə, fleqmanlarda, irinli mastitlərdə, çətin sağalan infeksiyalı xroniki xoralarda, həmçinin dematoloji təcrübədə müxtəlif irinli xəstəliklərdə təyin edirlər.
Ginekoloji xəstəliklərdə evkaliptin yarpağının dəmləməsi və bişirilməsini cinsiyyət yollarını silmək üçün istifadə edirlər.
Evkaliptin yarpağının efir yağı fleqmon,furunkulyoz, uşaqlıq boyununun eroziyası və xoralarında, yuxarı tənəffüs yollarının katarında, miozitdə, radikulitdə və digər xəstəliklərdə ağrıkəsici sürtmə dərmanı kimi istifadə olunur.
Evkalipt yarpağından, tərkibi xlorofillərin qarışığından ibarət olan ”xlorofillipt” preparatı alınır. Bu preparat antibakterial təsirə malik olub, yanıqların və trofiki xoraların müalicəsində yerli təsir göstərən vasitə kimi istifadə edilir.
Beləliklə evkalipt çoxtərəfli müalicəvi təsirlərə malik olan effektli dərman bitkisi kimi təbabətdə özünə möhkəm yer tutmuşdur.
Dərman formaları və istifadə qaydası
1.Evkalipt yarpağının bişirməsi – Decoctum folii Eucalypti
10 qram (2 xörək qaşığı) xırdalanmış xammalı emallı qaba yerləşdirib, üzərinə 1 stəkan (200 ml) qaynar su əlavə edib qaynar su hamamının üzərində 30 dəqiqə müddətində qızdırırlar, otaq teperaturunda 10 dəqiqə saxlayıb süzürlər. Xammalın qalığını sıxıb süzüntü ilə birləşdirirlər. Qaynanmış su əlavə edərək bişirmənin həcmini 200 ml-3 çatdırırlar. Alınan bişirmədən gündə 3 dəfə hər dəfə 1 stəkan yeməkdən sonra qəbul edirlər. Antiseptik və iltihabəleyhinə təsir göstərən vasitədir. İnhalysiya və qarqara etmək üçün 1 xörək qaşığı bişirməni 1 stəkan su ilə qarışdırırlar.
2. Evkaliptin tinkturası – Tinctura Eucalipti
70 faizli spirtdə, 1;5 nisbətində hazırlanmışdır. Yaşılımtıl–qəhvəyi rəngli, şəffaf mayedir. 25 ml-lik flakonlarda buraxılır.
3. Evkalipt yağı – Oleum Eucalypti. 10-15 ml-lik flokonlarda buraxılır. Kompleks preparatların tərkibinə daxil edilir.
4. Xlorofillipt – Chlorophyliptum
1 faizli spirtli məhlul şəkilində 100 və ya 200 ml-lik flakonlarda (narıncı şüşədə olan) buraxılır. Yerli müalicə üçün istifadə edilir və ya daxilə qəbul edilir.
Yağda hazırlanmış 2 faizli məhlulu yerli müalicə üçün işlədilir. 0,25 faizli məhlulu 2 ml-lik ampulalarda buraxılır və damar daxilinə yeridilir.
5. “Pektusin” tableti – Tabulettue “Pektusinum”
Tərkibində 0,005 qram evkalipt yağı, 0,004 qram mentol, şəkər və digər formaverici komponentlər vardır. Yuxarı tənəffüs yollarının vetihablı xəstəliklərində tətbiq olunur. 1 ədəd tabletini dilin altına qoyub, tam sorulana qədər saxlayıblar.
6. Evkalipt damcısı – Guttoe Eucatolum
Tərkibində 50 ml evkaliptin tinktuası, 0,25 qram mentol, 100 ml və qədər 90 % etil spirti vardır. 40 ml həcmində flakonlarda buraxılır. Yuxarı tənəffüs yollarına iltihablı xəstəliklərində 5-10 damcısını 1 stəkan su ilə qarışdırıb qarqara edilir.
7. Edkamon məlhəmi – Unguentum Efcamonum
Tərkibində7 qram evkalipt tinturası, 10 qram komfora, 3 qram qərənfil və 3 qram xardal yağı, 14 qram mentol, qırmızı istiotun tinkturiası 4 qram, 3 qram timol və digər komponentlər var. Artritdə, nevrologiyada və miozitdə tətbiq edilir.
8. “Komfomen” aerozolu – Aerosolum “Campnomenum”
Tərkibində 0,06 qram mentol, 0,06 qram evkalipt yağı,0,61 qram kamfora yağı, 0,61 qram gənəgerçək yağı, 0,1 faiz 2 ml furasilinin spirtli məhlulu, 10 qram zeytun yağı vardır.
Yuxarı tənəffüs yollarının iltihablı xəstəliklərində (kəskin rinit və faringit) tətbiq edilir.
9. İnqakamot – cib inhayatoru olub, içərisinə 0,3 qram kamfra, 0,17 qram mentol, 0,008 salisil turşusunun mentil efiri və 0,1 qram evkalipt yağı hopdurulmuş parça tikəsi qoyulur. Kəskin rinitlərdə inhalyasiya etmək üçün istifadə edilir.
Cəmil XƏLİLOV,
əczaçılıq elmləri namizədi