Adi yovşan

pBotaniki təsviri

Adi yovşan – Artemisia Vulgaris mürəkkəbçiçəklilər – Asteraceae fəsiləsinə daxil olub hündürlüyü 1-2 m olan çoxillik ot bitkisidir. Qısazoğlu və çoxbaşcıqlı kökümsovu və budaqlı, qəhvəyi rəngli kökü vardır. Dikdayanan, qabırğalı, üçtərəfli budaqlı, bünövrəsində oduncaqlı gövdələrə malikdir. Lələkvari bölümlü, növbəli düzülmüş, oturaq, üst səthi tünd-yaşıl, alt səthi bozumtul-ağ rəngli olan yarpaqları vardır.

Yarpaqların paylarının kənarı büküklüdür. Çiçəkləri xırdadır, qırmızımtıl rəngdədirlər, diametri 2-3 mm olan, uzunsov-yumurtaşəkilli səbətlərə toplanmışlar, səbətlər isə süpürgəşəkilli çiçək qrupunda məskunlaşmışlar. Meyvəsi kəkilsiz toxumcadan ibarətdir.

 

Yayılması

Adi yovşan yabanı halda MDB-nin Avropa hissəsinin demək olar ki, bütün ərazisində, Sibirdə, Qazaxıstanda və digər yerlərdə yayılmışdır. Rütubətli çəmənliklərdə, çayların sahillərində, bostanlarda, bağlarda, yolların kənarında, yaşayış mənzillərinin yaxınlığında və digər yerlərdə bitir.

Adi yovşan Azərbaycanda Böyük və Kiçik Qafqazın rayonlarında, Talış və Abşeronda, düzənlikdən subalp qurşağa qədər olan ərazilərdə yayılmışdır.

Xammalı və kimyəvi tərkibi

Dərman bitki xammalı kimi adi yovşanın otu – Herba Artemisiae vulgaris istifadə edilir. Bu xammalı bitkisinin çiçəklədiyi dövrdə (iyun-avqust) tədarük edirlər. Bu məqsədlə bitkinin təpə və yan budaqlarını kəsib götürürlər, yaxşı ventilyasiyalı çardaqlarda və ya altıaçıqlarda 5-7 sm qalınlığında təbəqə ilə kağızın və ya parçanın üzərinə sərib, müntəzəm surətdə qarışdıraraq qurudurlar.

Qurudulmuş xammalın saxlanma müddəti 1 ildir. Adi yovşan otunun tərkibinə efir yağı, aşı maddələri, kumarinlər (umbelliferon, eskuletin, skopoletin və digər), flavonidlər (rutin, ayanin, kversetin–3–0–qlikozidi və digər flavonoidlərə) aşkar edilmişdir. Efir yağının tərkibinə sineol, l-tuyon, borneol, acı seskviterpenol laktonu tomromizin, absintin acı maddəsi, yovşan otunun tərkibində karotin, PP, C, B1, B2 vitaminləri, trikozonol, adenin, xolin, araxidon turşusu, selik və qətran maddələri və digər maddələr tapılmışdır.

Müalicəvi təsirləri və tibdə tətbiqi

Adi yovşan xalq təbabətinin qədim müalicə vasitəsi olub, hələ Əbu Əli İbn Sina onun yerüstü hissəsini böyrək daşı xəstəliyi əleyhinə tövsiyə etmişdi. Çin təbabətində bu bitki qankəsici, hərarətsalıcı və antitoksiki təsirli vasitə kimi tətbiq edilir.

Rusiyada adi yovşanın otu və kökləri, ekstakt şəklində mədə, düz bağırsaq və uşaqlığın xərçəngində, köklərinin bişirməsi isə əsəb xəstəliklərində istifadə edilir. Hal-hazırda adi yovşan simptomatik təsirli vasitə kimi xərçəng xəstəliyi əleyhinə işlədilən M. N. Zdrenko yığıntısının tərkibinə daxildir. Adi yovşan xalq  təbabətində sakitləşdirici, qıcolmalar əleyhinə təsir göstərən və zəif yuxugətirici vasitə kimi epilepsiyada, nevrasteniyada və əsəb xəstəlikləri əleyhinə istifadə olunur.
Adi yovşan otunun dəmləməsi aybaşı siklinin pozğunluğunda, doğuşu sürətləndirmək üçün və doğuşdan sonrakı dövrdə istifadə olunur. Bu bitkinin otunun dəmləməsi və tinkturası iştaha artırıcı, mədə-bağırsaq traktının fəaliyyətini yaxşılaşdırıcı və ağrıkəsici vasitə kimi işlədilir. Adi yovşan Ukrayna təbabətində ağciyər vərəminin müalicəsində istifadə olunur. Adi yovşan otunun dəmləməsi güclü qurdqovucu və insektisid (həşəratları məhv edən təsir) təsirlərə malikdir. Təzə yarpaqlarının şirəsi və dəmləməsi yaraların və xoraların sağalmasını tezləşdirir.

Beləliklə, adi yovşanın əsas təsirlərinə iştaha artırıcı, ümumi möhkəmləndirici, sedativ, qankəsici, yaman şişlər əleyhinə təsir və digərləri aiddir. Demək olar ki, dünyanın bütün ölkələrinin xalq təbabətində adi yovşanın yerüstü hissələrinin və köklərinin sulu ekstraktı (sulu çıxarışları) əsəb sisteminə sakitləşdirici və qıcolma əleyhinə təsir göstərən vasitə kimi tətbiq edilir. Adi yovşan antiseptik təsir göstərir, həzm prosesini yaxşılaşdırır, aybaşı siklini normallaşdırır və qurd əleyhinə fəal təsir göstərir.

vReseptlər

Adi yovşan otunun dəmləməsi – Infusum herbae Artemisia vulgaris

Bir xörək qaşığı adi yovşanın xırdalanmış otunun üzərinə 1/2 l qaynar su əlavə edirlər, bir neçə saat müddətində dəmləyirlər, süzürlər. Alınan dəmləmədən gündə 3 dəfə, hər dəfə 0,5 stəkan yeməkdən sonra qəbul edirlər.

Adi yovşan kökünün bişirməsi – Decoctum radicis Artemisiae vulgaris

30 qram xırdalanmış köklərin üzərinə 0,5 l ağ şərab əlavə edilir, 10 dəqiqə müddətində qaynadılır, tam soyuyana qədər saxlanıb süzülür. Alınan bişirmədən 3 xörək qaşığı yeməkdən əvvəl qəbul edilir.

Cəmil XƏLİLOV,

əczaçılıq elmləri namizədi