Koloroterapiya
Koloroterapiya və ya rəng terapiyası metodu tibb sahəsində heç də yeni müalicə üsulu deyil. Rənglərlə müalicə metodu çox qədimdəm məlumdur. Şərq təbabətində min illər boyunca koloroterapiya tətbiq edilib, belə ki, 300-dən çox xəstəlik məhz rənglərlə müalicəyə müsbət reaksiya verərək müalicə olunurdu. İnsanın rənglərə olan meyilliyi onun yaşından, əhval-ruhiyyəsindən, xarakterindən, fəsildən, havadan və s. asılıdır. Burada əsas məqsəd rənglərin təsir effektinə əsasən orqanizmdə gedən normal prosesləri bərpa etməkdir.
Bir şeyi də qeyd edək ki, rənglərlə təsir çox sadə bir metod olub təbiətin bizə bəxş etdiyi ən gözəl nemətdir, çünki elə təbiətin özü ən böyük koloroterapevtdir. Rənglərin müalicəvi təsiri müəyyən uzunluqlu elektromaqnit dalğalar vasitəsilə təyin edilir. Buna görə də hər bir rəngin özünəməxsus təsir effekti mövcuddur.
Koloroterapiya ilə evdə də məşğul olmaq olar, lakin öncədən hər ehtimala qarşı həkimlə məsləhətləşmək lazımdır. Bu zaman rəngli lampanın qarşısında rahat şəkildə elə uzanılır ki, işıq bədənin böyük sahəsini tutsun. Bununla da seans başlayır və seansın sonu ağ və ya yaşıl rəngli işıq terapiyası ilə tamamlanır. Seansın davametmə müddəti 30 dəqiqədən az olmamalıdır. Seans müddətində heç bir problem barəsində düşünmək olmaz, ancaq pozitiv fikirli olmaq lazımdır. Onu da qeyd edək ki, bir rəngdən istifadə etmək məsləhətli deyil, bu negativ təsir göstərə bilər.
Alimlər bildirir ki, mədənin qidaya ehtiyacı olduğu kimi beynin də rənglərə böyük ehtiyacı var. Hər bir insanda müəyyən yaşlarda və zamanlarda müxtəlif qidalanma tərzinə meyillik olduğu kimi müəyyən rənglərə də xüsusi psixoloji bir meyillik olur. Buna görə də ətrafda mövcud olan müxtəlif rənglər və rəng çalarları insan emosiyalarına və psixofizioloji vəziyyətinə bilavasitə təsir göstərir. Hətta eyni bir rəngin müxtəlif intensivlikdə və sürəklikdə təsiri insanda pozitiv və ya neqativ emosiyalar yarada bilər. İnsan gözü 1,5 milyon rəngi və çaları ayırd edə bilir, həmçinin qadınların gözü daha həssasdır, belə ki, onların gözü hətta cüzi fərqlənən rəng çalarlarını da seçə bilir. Yaş da rəngseçməyə təsir göstərən amillərdəndir. 20-25 yaş hədlərində rəng seçimi intensiv olur və yaş artdıqca azalmağa başlayır.
Mütəxəssislərin fikrincə, rənglər o dərəcədə möhtəşəm, güclü təsirə malikdir ki, hətta insanın iş qabiliyyətinə, iştahasına, emosiyalarına, qan təzyiqinə, diqqətinə və eşitmə itiliyinə də təsir göstərə bilər. Müasir tədqiqatların nəticələrinə görə insan rəngləri dəri təması vasitəsilə də qəbul edə bilər. Məsələn, insanın gözünü bağlayıb qırmızı rəngli otağa saldıqda, onun nəbz vurğuları sürətlənir, sarıda normallaşır, göydə isə yavaşıyır.
Müasir alimlər belə hesab edir ki, orqanizmdə xəstəliklərin yaranmasında rənglər böyük rol oynayır. Hər hansı rəngin defisiti insanın psixi vəziyyəti ilə daxili orqanlarının normal işi arasındakı harmoniyanı pozaraq xəstəliklərin yaranması üçün şərait yaradır. Buna görə də çiçəklərlə, ağaclarla, səma ilə, müxtəlif rəngli daşlarla maraqlananlar çox şanslıdırlar. Əgər sizdə belə maraqlar yoxdursa və ya rəng seçimləriniz çox kasaddırsa, dərhal yeni rənglərə və çalarlara üz tutun, onlardan maksimum dərəcədə müxtəlif formada istifadə etməyə çalışın. Sizin hansı rənglərə üstünlük verməniz sizin psixofizioloji vəziyyətinizlə, sizin energetik sahənizin rəngləri isə sizin psixoemosional vəziyyətinizlə əlaqədardır.
Rənglərin xarakteristikası.
Rənglər insana göstərdiyi təsirinə görə aşağıdakı qruplara bölünə bilər:
Neytral rənglər (ağ, qara, boz) – orqanizmə neytral təsir göstərir.
Narıncı rəng – həyat enerjisi, həssaslıq, ehtiras və aktivlik rəngidir. Hissləri stimullaşdırır, xoş hislər bəxş edir. Limfatik və venoz durğunluqda, qalxanabənzər vəzin, böyrəyin və həzm sisteminin xəstəliklərində, astma və diabet zamanı istifadə edilir.
Sarı rəng – intellekt rəngidir. Durğun və atrofik proseslər zamanı, zehni stumallaşdırmaq üçün, sinir sistemini tonuslandırmaq üçün və dəri xəstəliklərində istifadə edilir.
Yaşıl rəng – əbədilik, təkamül, inkişaf, yaradıcılıq, yaxşılıq, alicənablıq, harmoniya və balans rəngidir.
hüceyrə regenerasiyasını, hipofiz vəzini stimullaşdırmaq, sinir sistemini stabilləşdirmək üçün, sınıqların müalicəsində istifadə edilir, sakitləşdirici təsirə malikdir.
Mavi rəng – yaradıcılıq və fədakarlıq rəngidir. Diqqəti toplamaq, immun sistemi möhkəmləndirmək, orqanizmin ümumi tonusunu artırmaq üçün istifadə edilir.
Bənövşəyi rəng – ilahi sevgi rəmzidir. Hipofiz və qalxanabənzər vəzin funsiyalarına təsiri vardır.
Ağ rəng – təmizlik və harmoniya rəngidir. Ağrılarla çox yaxşı mübarizə aparır.
Rənglərdən çox yazmaq olar, lakin burada əsas məsələ düzgün rənglər seçmək və onların harmoniyasından düzgün formada, yerində istifadə etməkdir.