Qida zəhərlənməsi
Qida zəhərlənməsi (qida intoksikasiyası) – tərkibində bioloji və ya qeyri-bioloji toksinlər saxlayan ərzaqların qəbul edilməsi nəticəsində yaranan çox kəskin haldır. Zəhərlənmələrin daha çox yayılmış formaları aşağıdakılardır:
Qida toksikoinfeksiyaları patogen mikroblar və onların toksinləri ilə yoluxmuş qidaların yeyilməsi zamanı baş verir. Bu növ zəhərlənmələrin törədicisi əksər hallarda protey, stafilokoklar, klebsiyellalar, sitrobakterlər, klostridiyalar, bağırsaq çöplərinin patogen ştammalrı və s. mikroblar olur. Ərzaqların yoluxmasına və onlarda toksinlərin toplanmasına səbəb qidanın hazırlanması, saxlanması və realizasiyası zamanı sanitar-gigiyenik normaların pozulmasıdır.
Bəzi mikrobların toksinləri qaynatmaya qarşı dözümlüdür. Buna görə də hətta qaynadılmış xarab məhsullar zəhərlənməyə səbəb ola bilir. Əksər hallarda yoluxmuş qida xarab görünüşdə olur – rəngi, konsistensiyası dəyişir, xoşagəlməz qoxu və dad verir. Xörəklərin qidaya yararsız olmağının göstərən daha bir əlamət onun içində hava qabarcıqlarının olmasıdır. Lakin bir çox hallarda zəhərlənmə normal orqanoleptik xüsusiyyətlərə malik qidaların qəbulu zamanı baş verir.

Qida toksikoinfeksiyasının xarakterik əlamətləri aşağıdakılardır:
1. Xarab qidanın qəbulundan 2-24 saat sonra zəhərlənmənin baş verməsi.
2. Qastroenteritin ilkin əlamətləri – təkrarlanan qusma, əziyyətli ürəkbulanma, güclü ishal. Qida toksikoinfeksiyası zamanı nəcis çox miqdarda, sulu, çox pis qoxulu olur, içərisində həzm olunmamış qida qalıqlarına rast gəlinir, adətən qan qarışığı olmur. İshalla yanaşı bədən hərarətinin yüksəlməsi, titrətmə, əhvalın pisləşməsi kimi əlamətlər də müşahidə olunur.
3. Xəstəlik 1-3 gün davam edir, əlamətlər yavaş-yavaş azalır. Zəhərlənmədən bir müddət sonra zəiflik, qarında sancılar, köp ola bilər.
Qida toksikoinfeksiyası zamanı ilk yardım tədbirləri:
1. Mədənin ilıq qaynadlmış su və yaxu da 2 faizli çay sodası məhlulu ilə yuyulması
2. Xəstəlik müddəti boyunca çox miqdarda suyun qəbul olunması. Orqanizmin rehidratasiyası məqsədilə ev şəraitində məhlul hazırlamaq olar. Bunun üçün bir litr ilıq qaynadılmış suya 1 çay qaşığı xörək duzu, 1 çay qaşığı çay sodası və 2 xörək qaşığı şəkər tozu qatmaq lazımdır. Qəbul edilən mayenin ümumi miqdarı 2-3 litrdən az olmamalıdır.
3. İlk günlərdə qida qəbulunun məhdudlaşdırılması, asan həzm olunan qidaların az-az tez-tez yeyilməsi.

Hansı hallarda mütləq həkimə müraciət edilməlidir:
Tənəffüsün birdən-birə pozulması və əzələ zəifliyi
Qan qarışıqlı güclü ishal, yüksək qızdırma
Uşaqların və hamilə qadınların zəhərlənməsi
Uzun müddət davam edən sulu ishal və orqanizmin susuzlaşması
Zəhərlənmələrin müalicəsində xalq təbabəti məsləhətləri
- Zəhərlənmə zamanı çox miqdarda süd içmək lazımdır. Südün həm toksiki maddələri özünə hopdurmaq və zərərsizləşdirmək xüsusiyyəti var, həm çox miqdarda içildikdə qusmaya səbəb olur və zəhərlərin mədədən sorulmasının qarşısı alınır. Eyni məqsədlə xəstəyə ayran da içirtmək olar.
- Yüngül zəhərlənmələr zamanı ballı şüyüd dəmləməsi yaxşı təsir göstərir. Hazırlamaq üçün bir xörək qaşığı bostan şüyüdünün otu və ya yarım çar qaşığı şüyüd toxumları bir stəkan qynar suda dəmlənir, bir qədər soyuduqdan sonra dəmləməyə bir xörək qaçığı bal əlavə olunur.
- Müxtəlif zəhərlənmələr zamanı çəhrayı rodiolanın spirtli çıxarışı çox yaxşı kömək edir. 5-10 damcı ekstraktı az miqdarda suda həll edib, gündə 2-3 dəfə içmək lazımdır. Sonuncu qəbul axşam saat 19.00-dan gec olmamalıdır. Ekstraktla birlikdə ballı su qəbul etmək olar.
- 2 xörək qaşığı çöl qatırquyruğu otu bir litr qaynar suda dəmlənir və gündə 6 dəfə 1/2 stəkandan qəbul edilir.
- Cirə toxumlarının bişirməsi də zəhərlənmə zamanı faydalıdır. 10-15 ədəd cirə toxumu 350 ml qaynar suda 15 dəqiqə qaynadılır. Alınan bişirmə birdəfəyə içildikdən sonra xəstəni qusdurmaq məsləhətdir. Daha sonra eyni qədərdə təzə bişirmə qəbul edilir.
- Zəhərli göbələklər, mis və qurğuşun duzları ilə zəhərlənmə zamanı belə dəmləmə hazırlamaq olar. Hərəsindən 5 xörək qaşığı çöl qatırquyruğu otu və üçyarpaq yonca çiçəkləri, 2 xörək qaşığı palıd qabıqları ilə qarışdırılır. Alınan qarışıqdan 3 xörək qaşığı bir litr qaynar suda dəmlənir. Gündə 7 dəfə, hər dəfə 1/2 stəkan daxilə qəbul edilir.
- 10-12 ədəd xırdalanmış biyan köklərinin üzərinə 3 stəkan su tökülür və bir stəkan qalana qədər bişirilir. Zəhərlənmiş xəstəyə tez-tez içirdilir.
- Bir çay qaşığı xırdalanmış pişikotu kökləri 0,5 litr qaynar suda 5 dəqiqə qaynadılır. Soyuduqdan sonra süzülür. Hər saatdan bir ½ stəkan daxilə qəbul edilir.
- Dazı otu, istiotlu nanə yarpaqları, aptek çobanyastığı çiçəkləri və bağayarpağı yarpaqlarından eyni miqdarda götürülür. Alınan yığıntıdan bir xörək qaşığı 0,5 litr qaynar suda 30 dəqiqə dəmlənir. Hər saatdan bir 1/3 stəkan qəbul edilir.