Qeyri-spesifik xoralı kolit
Qeyri-spesifik xoralı kolit yoğun bağırsağın xroniki residivləşən xəstəliyi olub, onun selikli qişasının ağır dərəcədə diffuz formalı xoralı-iltihabi zədələnməsi ilə xarakterizə olunur. Hər 100 min əhalidən 35-100-də rast gəlinir. Hal-hazırda ingilis ədəbiyyatında bu termin daha dəqiq olaraq “xoralı kolit” kimi ifadə edilir. Bu xəstəlik müxtəlif ölkələrdə müxtəlif cür yayılıb. Belə ki, qeyri-spesifik xoralı kolitə xüsusilə şimal ölkələrindən ABŞ, Böyük Britaniya, Norveç və İsveç kimi ölkələrdə rast gəlinir.
Əlamətləri istənilən yaşda üzə çıxa bilər. Qadın və kişilərdə rast gəlinmə tezliyi eynidir. Amerika Harvard Səhiyyə məktəbinin tədqiqatçıları professor Lori Qlimçerin rəhbərliyi altında siçanlar üzərində tədqiqat apararaq müəyyən etdilər ki, bağırsaqda tənzimləyici T-bet zülalının çatışmazlığı bakteriyaların bağırsaq divarından keçməsinə şərait yaradır. Bu da öz növbəsində yoğun bağırsaqda iltihabi proseslərə və xoraların yaranmasına gətirib çıxarır.
Xəstələnmə halları. Qərbi Avropa və ABŞ-da hər il bu xəstəliklə 105 əhalinin 3,5 – 60-ı xəstələnir. Xəstələrin 50%-i 20-40 yaş arasında olan insanlardır. Ümumiyyətlə, bu xəstəlik üçün orta yaş həddi 29-dur. ABŞ-da isə bu xəstəliyə ağdərililər arasında daha çox yəhudilərdə rast gəlinir.
Etiologiya. Qeyri-spesifik xoralı kolitin yaranmasında bir çox amillər rol oynaya bilər: infeksion, immunoloji, genetik və ətraf mühit faktorları. Lakin xəstəliyin patogenezində bağırsaq mikroflorası və virusların rolu hələ ki, öyrənilməkdədir. İnfeksion agentlərin xəstəliyin yaranmasında əsas faktor olması indiyə kimi öz təsdiqini tapmamışdır. Bu sahədə daha çox genetik faktorlara üstünlük verilir. Emosional faktorları isə xəstəliyin kəskinləşməsində səbəb kimi göstərmək olar, xəstəliyin yaranmasında isə onun rolu sübut edilməmişdir. Ehtimal edilir ki, xəstəliyin yaranmasında autoimmun xəstəliklər daha böyük rol oynayır. Bu sahədə daha çox iltihab mediatorlarının, sitokinlərin və immunrequlyator hüceyrələrin immun cavabın tənzimlənməsində rol oynadığını izah etməyə çalışırlar. Bir qrup tədqiqatçılar isə xəstəliyin yaranmasını bağırsaq epitelisində enerji çatışmazlığı ilə əlaqələndirir.
Patomorfologiya. Zədələnmə bir qayda olaraq düz bağırsaqdan başlayaraq proksimal istiqamətdə yayılır. Əgər proses yalnız düz bağırsaqda baş verərsə, bu xoralı proktit adlanır. Ancaq bu proses həmişə belə qalmır, bütünlükdə yoğun bağırsağın bütün şöbələrini zədələyərək, necə deyərlər, yoğun bağırsaqda bir dənə də salamat yer qoymur. Kron xəstəliyindən fərqli olaraq xoralı kolitdə patoloji proses xüsusi olaraq bağırsağın yalnız selikli və selikaltı qişasını zədələyir. Xoraların forma və ölçüləri fərqli olur, kənarları hamar, dibi qazılmış kimi görünür. Qeyri-spesifik xoralı kolit üçün əsasən bağırsağın boylama əzələləri istiqamətində 2-3 sırada yerləşmiş uzununa formalı xoralar xarakterikdir. Kiçik xoraların dibi təmiz, böyüklərin dibi isə bozumtul rəngli fibroz ərp ilə örtülüdür. Xoraların perforasiyası nadir hallarda baş verir. Bağırsaqda distal istiqamətdə morfoloji dəyişikliklər getdikcə artır. 18-30% hallarda qalça bağırsağın terminal hissəsi zədələnə bilər. Əksər vaxtlarda yoğun bağırsaqda psevdopoliplərə də rast gəlinir.
Təsnifatı. Lokalizasiyasına görə qeyri-spesifik proktit və proktosiqmoidit, soltərəfli kolit, total kolit və regionar kolit, gedişinə görə kəskin, xroniki və residivləşən, ağırlığına görə isə yüngül, orta və ağır formalı kolitlər ayırd edilir.
Klinikası. Xəstəlik başlanğıcda kəskin və ya tədricən başlaya bilər. Xəstəliyin simptomatikası bağırsaqdakı iltihabi proseslərlə əlaqədardır.
Əlamətləri: İshal, nəcisdə irin, selik və qanın olması, tenezm (ağrılı, yalançı gücənmə), qarında ağrı (çox zaman sol tərəfdə), qızdırma, iştahanın olmaması, çəki itkisi, müxtəlif səviyyəli su-elektrolit balansının pozulması.
Bağırsaqdan kənar əlamətlər: Artritlər, spondilit, görmə orqanının zədələnməsi (irit, konyuktivit, blefarit), stomatit, xolangit, qaraciyər sirrozu, xolelitiaz, qanqrenoz piodermiya, düyünlü eritema, düyünlü poliarteriit, tromboflebit və tromboemboliya, nefrolitiaz. İshalda qanın olması xəstəliyin təzə baş verməsindən xəbər verir. Əksər insanlarda xəstəlik xroniki gedişli olub, periodik olaraq residivləşir.
Diaqnostika. Xəstələrdə peritonitə kimi ağırlaşma ola bilər. Palpasiya zamanı perianal abses, düz bağırsaqda çat, sfinkterdə spazm və s. müəyyən etmək olar. Diaqnozu daha da dəqiqləşdirmək üçün endoskopik və rentgenoloji müayinədən istifadə edilir. Qanın laborator müayinəsi zamanı anemiya, müxtəlif səviyyəli leykositoz, hipo- və disproteinemiya müəyyən edilir. Nəcis əkilərək patogen stafilokokların olması təyin edilir (normadan 60 dəfə çox).
Differensial diaqnoz. Kron xəstəliyi ilə differensial diaqnostika edilməlidir. Kron xəstəliyi zamanı daha çox nazik bağırsaq zədələnir. Massiv qanaxmalar isə olmur.
Ağırlaşmaları. Toksiki meqakolon (3-5%), yoğun bağırsağın perforasiyası (3-5%), düz və yoğun bağırsağın strikturası (3-19%), profuz bağırsaq qanaxması (1-6%), yoğun bağırsağın kəskin toksiki dilatasiyası (1-2%), perianal ağırlaşma (4-30%), yoğun bağırsağın xərçəngi (2-3%).
Müalicə. Xəstəliyin bütün formalarında müalicə konservativ başlayır (ağırlaşmaları çıxmaq şərtilə). Bu məqsədlə kompleks müalicəyə enteral qidalanma, vena daxili kortikosteroidlərin yeridilməsi, antibiotikoterapiya, parenteral qidalanma daxil edilir. Cərrahi müdaxilə isə o zaman tətbiq edilir ki, konservativ müalicənin effekti yoxdur və xəstəlik artıq ağırlaşıb. Bura aiddir: palliativ (ileostomiya), radikal və bərpaedici-rekonstruktiv əməliyyat.
Fitoterapiya.
Qeyri-spesifik xoralı kolitin müalicəsində fitoterapiyanın tətbiqi pasiyentlərin ümumi vəziyyətini yaxşılaşdırır, eroziyanın sağalmasını sürətləndirir, qan itkisinin, anemiyanın qarşısını alır. Bitki müalicəsi alan xəstələrdə remissiya tez baş verir və uzun müddət davam edir. Fitoterapiya həmçinin hormonal terapiyadan imtinanı da tezləşdirir. Xəstəliyin kəskinləşmə periodunda yataq rejimi və pəhriz məsləhət görülür. Tətbiq edilən pəhriz yüksək kalorili olmalı, həzm sistemini qıcıqlandırmamalı və asan həzm edilməlidir.
Kəskinləşmə dövründə məsləhət görülən bitkilər:
Bürüyücülər – cökə, gülxətmi, dəvədabanı.
Büzücülər – palıd qabığı, qurdpəncəsi, düzqalxan qaytarma, badan.
İltihab əleyhinə olanlar – gülümbahar, kəcəvər, boymadərən, aptek çobanyastığı, bağayarpağı, adaçayı, andız, bənövşə.
Allergiya əleyhinə olanlar – boymadərən, yatıqqanqal, yemişan, çobanyastığı, gicitkən, adaçayı.
Qankəsicilər – qatırquyruğu, boymadərən, çobançantası, başinağacı qabığı, gicitkən, böyürtkən, quşarmudu, dazıotu, zirinc qabığı, solmazçiçəyi, qarğıdalı saçağı.
Mikrosirkulyasiya və regenerasiyanı sürətləndirənlər – gicitkən, itburnu, dazıotu, bağayarpağı, andız, qurucaotu, mayasarmaşığı, qatırquyruğu.
Polivitamin çayı: İtburnu meyvəsi – 3 hissə, qaragilə meyvəsi – 2 hissə, meşə gilası - 2 hissə, gicitkən yarpağı – 3 hissə. Qarışıqdan 1 xörək qaşığı götürülür, 2 stəkan qaynar suda 10 dəqiqə qaynadılıb 2 saat müddətinə dəmə qoyulur. Gündə 1 stəkan isti halda qəbul edilir.
Xəstəliyin erkən mərhələsində:
- 1 xörək qaşığı bağayarpağı toxumlarının üzərinə 1/2 stəkan qaynar su əlavə edilib 30 dəqiqə dəmlənilir, süzüldükdən sonra gündə 3 dəfə 2 xörək qaşığı yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul edilir.
- Aptek çobanyastığı çiçəyi, dazıotu otu, istiotlu nanə yarpağı, gülxətmi kökü, gicitkən yarpağı, şirin biyan köklərinin hərəsindən 1 hissə götürülərək qarışdırılır, qarışıqdan 1 xörək qaşığı götürülərək 1/2 stəkan qaynar suda dəmlənilir, gündə 3 dəfə 1/2 stəkan yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul edilir.
Selikli və qanlı ishal olduqda:
- Hərəsindən 2 hissə olmaqla düzqalxan qaytarma kökümsovu və kövrək murdarça qabığı, hərəsindən isə 1 hissə olmaqla boymadərən, bağayarpağı yarpağı, aptek çobanyastığı çiçəyi, istiotlu nanə yarpağı qarışdırılır. Qarışıqdan 1 xörək qaşığı götürülüb 3/4 stəkan suda dəmlənilir, gündə 3 dəfə 3/4 stəkan yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul edilir
- Bu əlamətlərin qarşısını almaq və xəstəliyin gedişini yüngülləşdirmək üçün Herba Flora şirkətinin istehsalı olan Qastren çayından da istifadə etmək lazımdır.
Güclü ağrılar və qəbizlik olduqda:
- Gündə 2 dəfə 1/2 stəkan təzə sıxılmış xiyar şirəsi içilir. Dadlandırmaq üçün bal əlavə edilə bilər. İshal olduqda isə bunu kök şirəsi ilə əvəz etmək olar.
Dərman şahtərəsi. 1 xörək qaşığı xammalın üzərinə 1 stəkan qaynar su əlavə edilərək 4-5 saat dəmlənilir. Süzüldükdən sonra gündə 3 dəfə 1/3-1/2 stəkan yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul edilir. Qanaxma olduqda isə bu bitkinin 25 qr təzə sıxılmış şirəsi 1 stəkan su ilə qarışdırılır. Gündə 2-3 dəfə 50-100 qr yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul edilir.