Dərman gülxətmisi

alteyGülxətmi (Althaea officinalis) Azərbaycanın ərazisində çox geniş yayılmış və çox qədim zamandan müalicəvi məqsədlə istifadə olunan dərman bitkisidir. Dərman gülxətmisi el arasında sarı çiçək, xırı gülü və s. adlarla tanınır.

Botaniki xarakteristikası: Malvaceae fəsiləsinə aid çoxillik ot bitkisidir, hündürlüyü 150 sm-ə qədər olur. Kökümsovu qısa, nazik, çoxbaşlıdır. Tək, iri, ağacabənzər əsas kökdən çoxsaylı, ətli əlavə köklər şaxələnir.

Zoğları adətən yuxarı istiqamətli, silindrik, azşaxəlidir, əsasında qızılı rəngli, yuxarı hissədə isə xırda tükcüklərlə örtülüdür.

 

Zoğların aşağısında yerləşən yarpaqlar dairəvi və ya tumurcuq formalıdır, adətən çiçəkləmə dövrünə qədər solur, orta hissədə yumurtavari, kənarları azca dilimlidir, yuxarı hissədə yerləşən yarpaqlar isə kənarları hamar, uzunsov-yumurtavari, uclarda sivridir. Bütün yarpaqlar üstdən zəif, altdan sıx tükcüklərlə örtülüdür. Çiçəklərin kasacığı ikiqatlı, ləçəkləri ağımtıl və ya çəhrayıdır. Yuxarı yarpaqların qoltuq hissəsində sünbüləbənzər çiçək dəstəsində, topa şəklində, qısa çiçək ayaqcığı üzərində yerləşmişdir. Meyvəsi yastı, çoxtoxumludur, yetişəndə 15-20 ədəd təktoxumlu, tumurcuqvari meyvəciyə bölünür. Toxumları hamar, tünd boz rənglidir. 1000 ədəd toxumun kütləsi 2,0-2,7 qramdır.

Dərman gülxətmisi həyatının ikinci ilində çiçəkləyir. Çiçəkləmə dövrü iyun-avqustun əvvəlində başlayır, meyvələri avqust-sentyabr aylarında yetişir. Əsas etibarı ilə toxumlarla çoxalır.

Yayılması və ekoloji xüsusiyyətləri: Dərman gülxətmisi Ukrayna, Belarusiya, Qafqaz ərazisində, Volqa çayı ətrafında, Orta Asiyada, Şərqi və Qərbi Sibirdə, həmçinin Azərbaycanın bir çox rayonlarının ərazisində yayılmışdır.

Yamaclarda, şöölüklərdə, əsasən də gündöyən sahələrdə, çay kənarlarında, göllərin və suvarma kanallarının ətrafında bitir.

Tarixi məlumat: Hələ qədim zamanlardan gülxətmi dərman bitkisi kimi tanınırdı. Elə gülxətminin adı onun müalicəvi xüsusiyyəti barəsində xəbər verir. Yunanca althaca - şəfa vermək deməkdir. Eramızdan əvvəl IX əsrdən müalicəvi məqsədlə istifadə olunur. Teofast, Dioskorid, Pliniyin əsərlərində gülxətmi haqda yazılara rast gəlinir. Dərman gülxətmisi Qədim Romada monastır bağlarında becərilirdi.

Dərman xammalı kimi: Gülxətminin köklərindən (radix Althaeae) istifadə olunur. Köklər payızda zoğlar quruduqdan sonra və ya erkən yazda qazılır. Yığım zamanı pöhrəliyin sonrakı bərpası üçün bitkilərin 30%-i saxlanılmalıdır. Bütün aqrotexniki qaydalara əməl olunduqda 3-4 ildən sonra pöhrəlik bərpa olunur və təkrar yığım aparmaq olur. Köklər kürəklə, iri sahələrdə isə kotanla qazılır. Qazıldıqdan sonra torpaqdan təmizlənir, zoğlar, kökümsovun başcıq hissəsi və istifadəyə yararsız olan ağacabənzər əsas kök kəsilir. Ağaclaşmamış köklər yuyulur, azca qurudulur və 30-35 sm uzunluğunda hissələrə doğranır. Qalın köklər boylama istiqamətdə 2-4 hissəyə bölünür. Təmizlənmiş xammal almaq üçün köklərin üzərindəki boz rəngli mantar bıçaqla qaşınır.

Xammal emaldan dərhal sonra iri ölçülü torlar və ya parçalar üzərinə nazik qatla seyrək düzülərək qurudulur. Qurudulmanı yaxşı havalanan otaqlarda, süni qızdırılma şəraitində və ya 45-500C temperatur olan qızdırıcı şkaflarda aparmaq məsləhətdir. Yaxşı qurudulmuş köklər asanlıqla qırılır. Xammalın istifadə müddəti 3 ildir. Ətirsizdir, şirintəhər dada malikdir.

Bioloji fəal maddələri: Dərman gülxətmisinin köklərində çoxlu miqdarda selikli maddələr aşkar olunub. Bunlar hidroliz zamanı qalaktoza, arabinoza, pentoza və dekstrozaya parçalanan polisaxaridlərdən təşkil olunub. Bundan başqa köklərin tərkibində nişasta, pektin, şəkərlər, asparagin, betain, karotin, lesitin, fitosterin, mineral duzlar, piyli yağlar, K, Ca, Fe, Se və başqa maddələr var. Yarpaqların tərkibində isə selik, efir tağı, kauçukabənzər maddələr, askorbin turşusu, karotin və başqa maddələr var.

Farmakoloji xüsusiyyətləri: dərman gülxətmisi tərkibində selikli maddələr olan dərman bitkilərindən biridir. Tərkibindəki seliyin miqdarına görə, demək olar ki, zəyərək (kətan) toxumuna bərabərdir. Toxumaların regenerasiyasını sürətləndirir, iltihabi prossesi ləngidir. Qoruyucu rolunu oynayaraq iltihabi ərpi yumşaldır və bəlğəmgətirici təsir göstərir. Daxilə qəbul edilmiş gülxətmi dəmləməsi mədənin selikli qişasına bürüyücü təsir edir. Mədə şirəsinin tərkibində olan xlorid turşusunun və uyğun olaraq mədə turşuluğunun səviyyəsi nə qədər yüksək olarsa, dəmləmənin bürüyücü təsiri daha effektiv və uzunmüddətli olur.

 Tibdə istifadəsi: Gülxətmi köklərinin tozu, dəmləməsi və şirəsi tənəffüs sistemi xəstəliklərində bəlğəmgətirici və iltihab əleyhinə vasitə kimi tətbiq edilir.

Xalq təbabətində bitkinin dəmləmə və bişirməsi vərəm, öskürək, bronxit, bronxial astma kimi xəstəliklərdə, blefaritlər zamanı gözləri yumaq üçün, qastrit, enterokolit, sistit və diareyanın müalicəsində, eyni zamanda selikli qişaların iltihabi və xoralı zədələnmələrində qıcıqlanmanı aradan qaldırmaq üçün, həm də müxtəlif dərmanların sorulmasını ləngitmək üçün istifadə olunur. Bundan başqa şişlər, yanıqlar, dermatomikozlar, furunkulyoz və dərinin müxtəlif irincikli xəstəlikləri zamanı effektlidir. Azərbaycanda qotur xəstəliyi və allergik dermatozların müalicəsində, Tacikistanda isə qusdurucu vasitə kimi tətbiq olunur.

Yerüstü hissəsindən alınan preparatlar bronxitin, ağciyər sətəlcəminin və bronxoektaziyaların müalicəsində, şirəsi yuxarı tənəffüs yollarının xəstəliklərində (vərəm, öskürək, bronxit, bronxial astma), qastrit, sistit, diareya zamanı istifadə olunduqda xəstəliyin sağalması sürətlənir.

Yarpaqların bişirməsi də yumşaldıcı və bürüyücü vasitə kimi bronxit və enterokolitlərin müalicəsində, həm də qarqara, imalə və islatma şəklində istifadə olunur.

Azərbaycanda dərman gülxətmisinin çiçəkləri də dərman kimi işlədilir. Dəmləməsi öskürək və soyuqdəymələrdə çox yaxşı nəticə verir. Yerli istehsalat şirkəti olan Herba Flora şirkətində də gülxətmi bitkisinin kök və çiçəkləri istehsal edilir.

İstifadə formaları: Gülxətmi köklərinin bişirməsi (decoctum radicis Althaeae) hazırlamaq üçün 6 qr. (2 xörək qaşığı) xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, qaynayan su hamamında 30 dəq. dəmlənir. Otaq temperaturunda 10 dəq. soyudulduqdan sonra süzülür. Alınan bişirmənin həcmi qaynadılmış su ilə 200 ml-ə çatdırılır. Bişirməni sərin yerdə 2 sutkaya qədər saxlamaq olar. Gündə 3-4 dəfə, hər dəfə 1/3-1/2 stəkan isti halda yeməkdən sonra daxilə qəbul edilir.

Gülxətmi köklərinin dəmləməsi (infusum radicis Althaeae) sarımtıl rəngli, şəffaf, selikli və özünəməxsus zəif ətri olan mayedir. Aşağıdakı qaydada hazırlanır: köklər 3 mm ölçüdə doğranır, 6.5 qr xırdalanmış kökün üzərinə 100 ml (1/2 stəkan) otaq temperaturunda su tökülür və 1 saat dəmlənir. Hər iki saatdan bir 1 xörək qaşığı daxilə qəbul edilir.

Gülxətmi kökünün quru ekstraktı (extractum Althaeae siccum) bozumtul-sarı rəngli, şirintəhər dadlı tozdur.

Gülxətmi kökünün duru ekstraktı (extractum Althaeae fluidum) qatı, tünd kəhraba rəngli, şirintəhər dadlı, demək olar ki, iysiz mayedir.

Gülxətmi kökləri həm də bir neçə yığıntının tərkibinə daxildir:

Sinə üçün yığıntı № 1

Gülxətmi kökü                    2 hissə

Dəvədabanı yarpağı            2 hissə

Qaraqınıq otu                    1 hissə

Bir xörək qaşığı yığıntının üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 20 dəq. dəmlənir və süzülür. Gündə 3-4 dəfə, hər dəfə 1/2 stəkan ilıq şəkildə yeməkdən sonra qəbul edilir.

Sinə üçün yığıntı № 2

Gülxətmi kökü                     1 hissə

Şirin biyan kökü                   1 hissə

Andız kökü                          1 hissə

Bişirmə hazırlamaq üçün 2 çay qaşığı yığıntı 200 ml qaynar suda dəmlənir, ilıq şəkildə hər 3 saatdan bir 1/2 stəkan daxilə qəbul edilir.

Sinə üçün yığıntı № 3

Gülxətmi kökü                     2 hissə

Şirin biyan kökü                   2 hissə

Dərman adaçayı yarpağı        1 hissə

Cirə meyvəsi                        1 hissə

Küknar tumurcuğu                1 hissə

Bir xörək qaşığı yığıntının üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 20 dəq. dəmlənir və süzülür. Gündə 3-4 dəfə, hər dəfə 1/2 stəkan ilıq şəkildə yeməkdən sonra qəbul edilir.

Şirəsinin hazırlanmasında gülxətminin yerüstü hissəsindən istifadə olunur. Bir xörək qaşığı şirə bal ilə qarışdırılır və gündə 3 dəfə bəlğəmgətirici və iltihab əleyhinə vasitə kimi qəbul edilir.

Digər sahələrdə tətbiqi: Gülxətminin kökləri həm çiy, həm də bişmiş halda yeyilir. Onlardan südlü sıyıq və kisel hazırlanır. Xırdalanmış köklər qatılmış undan çox dadlı çörək və digər un məmulatları alınır.

Baytarlıqda köklər tənəffüs yollarının və mədə-bağırsaq sisteminin iltihabi xəstəlikləri zamanı istifadə olunur. Bundan başqa gülxətmi kökləri yapışdırıcıların, zoğları isə kəndir və kobud kağızın alınması üçün yararlıdır. Çiçəkləri yunu qırmızı rəngə boyayır. Toxumlarından alınan yağlar lak-boya sənayesində tətbiq edilir.