Sistit
Sistit sidik kisənin selikli qişasının iltihabı deməkdir. Bu sidik-cinsiyyət üzvlərinin iltihabı xəstəliklərinin ən çox yayılmış formasıdır. Uşaqlarda sistit hər yaş dövründə müşahidə oluna bilər. Qadınların 20-25 faizi müxtəlif formada sistit keçirir, 10 faizi isə xroniki sistit xəstəsidir və bu rəqəmlər ildən-ilə artır. Kişilər bu xəstəlikdən nisbətən az əziyyət çəkir, təxminən sistit kişilərin 1 faizində rast gəlinir.
Çox vaxt sistitlə qadınlar xəstələnirlər. Bu onların orqanizmlərinin anatomik quruluşu ilə bağlıdır: qadınlarda sidik kanalı geniş və qısadır, ona görə də kişilərə nisbətən qadınlarda sidik kisəsinə infeksiya düşməsi daha asandır. İnfeksion sistitin səbəbi çox vaxt bağırsaq çöpüdür. Bəzən, ureaplazma, xlamidiya və kandida göbələkləri də onun yaranma səbəbi ola bilər.
Sistitə meylliyi artıran bir sıra xoşagəlməz faktorlar da vardır ki, bunlardan sidik kisəsinin divarlarında və kiçik çanaqda qan dövranının pozulması, məsələn, oturaq işdə (kompüter arxasında durmadan 5-6 saat oturmaq) işləmək, tez-tez və uzunmüddətli qəbizliklər, uzun müddət dar paltar, alt paltarı və corab geyinmək, immunitetin zəifləməsi, sidiklə xaric olan maddələrin sidik kisəsi divarlarına qıcıqlandırıcı təsir göstərməsidir. Bu hal insan böyük miqdarda çox kəskin ədviyyatlı, qızardılmış qidanı qəbul etdikdə baş verir. Həmçinin interstisial sistit də fərqləndirilir. O, sistem xəstəliklərə aid olub, yaranmış iltihabın səbəbi mikroblar deyil, immun sisteminin işinin pozulmasıdır. Gecikmiş interstisial sistitin sidik kisəsi xorasına çevrilmə ehtimalı var.
Simptomlar və gedişat
Kəskin sistit üçün tez-tez sidiyə getmək, sidik kisəsi və aralıq nahiyəsində kəskin ağrıların olması xarakterikdir, bəzən qanaxma da ola bilər. İltihab prosesi nə qədər güclü olarsa, bir o qədər də sidiyə getmə siqnalları tezləşər və ağrılar kəskinləşər. Kəskin sistitin ağır formalarında insan gecə-gündüz 10-20 dəqiqədən bir sidiyə getməyə məcbur olur. Ağır hallarda bədən temperaturu qalxır, qusma və ürəkbulanma olur. Sistitdə mütləq cinsi əlaqə ilə bağlı problemlərə də rast gəlinir. Əgər xroniki sistitdə xoşagəlməz hissiyyatlar oyanırsa, kəskin sistitdə isə simptomlara dözmək olmur. “Bal ayı sistiti” anlayışını nahaq yerə fikirləşməyiblər.
Diaqnoz
Sidik kisəsinin iltihabi xəstəliyi ultrasəs müayinəsi zamanı az hallarda exoqrafik dəyişikliklər yaradır. Bir qayda olaraq, ultrasəs müayinəsində kəskin və xroniki sistitlər diaqnoz olunmurlar. Bəzi hallarda sidik kisənin divarlarının qalınlaşması (diffuz və ya lokal olaraq), iltihabi çöküntünün yaranması müşahidə olunur. Sistitin bəzi simptomları sidik kisəsi və ya böyrək vərəmi, prostat və sidik kisəsi şişləri ilə oxşardır. Bel nahiyəsində nasazlıq isə böyrək infeksiyasının əlaməti ola bilər. Kişilərdə fimoz və sidik axarı deşiklərinin anomaliyası, məsələn stenozun olub-olmaması yoxlanılmalıdır. Ona görə də xəstəliyin dəqiq diaqnostikası üçün həkim infeksiyaya görə PZR-analiz (Polimeraza Zəncirvari Reaksiyası) təyin edə və ya bakterioloji əkmə üçün sidik analizi götürə bilər. Bəzi hallarda sistitin səbəbini dəqiqləşdirmək üçün həkim sistoskopiya müayinəsi (sistoskop vasitəsilə sidik kisəsinin daxili səthinə baxış) keçirə bilər.
Əgər siz özünüzdə sistitin olmasından şübhələnirsinizsə, onu özünüz müalicə etməyə çalışmayın və bunula da müalicəni gecikdirməyin. Düzgün olmayan müayinə və ya müalicənin gecikdirilməsi sistit xəstəliyini xroniki proses halına keçirə və ömürlük xəstəliyə çevirə bilər. Siz tezliklə uroloqa və ya ginekoloqa müraciət etməlisiniz. Müayinə zamanı xəstəliyin səbəbinin xroniki infeksiya olduğu müəyyənləşdirilərsə, yalnız sistitin müalicəsi uzunmüddətli nəticə verməyəcək. Bu halda hökmən cinsiyyət yolları infeksiyalarının müalicəsi aparılmalıdır. Sistitin bir səbəbi də immunitetin enməsi olduğundan, ümumi qüvvə toplamaq üçün vitamin terapiyası və fizioterapiya kursları aparılmalıdır.
İnterstisial sistitin müalicəsi isə hal-hazırda böyük problemdir – o ömür boyu davam edə bilər. Bu halda medikamentoz terapiya, lazer, maqnit terapiyası və digər üsullar tətbiq olunur.
Profilaktika
Qadınlar üçün sistitin profilaktikası birinci növbədə onun yaranmasına səbəb olan faktorların təsirinin azalması və aradan götürülməsinə əsaslanır, həmçinin şəxsi gigiyena qaydalarına da əməl etmək lazımdır. Əgər sizdə oturaq işdirsə, hər 1 saatdan bir 5 dəqiqəlik fasilə edin, dayanın və ya hərəkət edin. İsti geyinin və daima hərəkətdə olun. Həddən artıq dar alt paltarı geyinməyin, kəskin xörəklərdən imtina edin. Sizdə qəbizlik varsa, yumşaldıcı vasitələr, çoxlu meyvə-tərəvəz və bitki mənşəli qida qəbul edə bilərsiniz. Əgər artıq çox istiotlu, yağlı, duza qoyulmuş qida qəbul etmişsinizsə, dərhal çoxlu mineral su içmək olar.
Sistitin xalq təbabəti yolu ilə müalicəsi.
Ayıqulağı yarpaqlarının dəmləməsi
2 xörək qaşığı xırdalanmış yarpağın üzərinə 500 ml qaynar su əlavə edilir, 20 dəq. müddətində vam odda qaynadılır. 1/2 stəkandan gündə 3 dəfə yeməkdən əvvəl daxilə qəbul edir. Bu dəmləmə spazmı və ağrını azaldır, mikrob əleyhinə təsir göstərir.
Tozağacı yarpağı dəmləməsi
2 xörək qaşığı tozağacı yarpağı xırdalanır, üzərinə 500 ml qaynar su tökülür və ağzı bağlanaraq 2 saat saxlanır. Süzüldükdən sonra gündə 3-4 dəfə, hər dəfə yarım stəkandan yeməkdən əvvəl ilıq şəkildə qəbul edilir. Sidik yollarının zəstəliklərində güclü iltihab əleyhinə təsir göstərir.
Çöl paxlagülü kökünün dəmləməsi
1 xörək qaşığı kök xırdalanır üzərinə 250 ml qaynar su tökülür və 1 saat müddətində dəmlənir və gün ərzində az-az içilir. Dəmləmə iltihab və mikrob əleyhinə təsirlərə makidir. Qankəsici olduğundan
Qarğıdalı saçağı dəmləməsi
4 xörək qaşığı qarğıdalı saçaqları 500 ml qaynar suda 2 saat müddətində dəmlənir və süzülür. Yarım stəkandan gündə 3 dəfə yeməkdən əvvəl qəbul edilir. Bu dəmləmə sidikqovucu və mikrob əleyhinə təsir göstərir.
Bitki qarışıqları ilə müalicə
Ayrı-ayrı istifadə olunan bitkilərə nəzərən bitki qarışıqları kompleks təsirinə görə daha faydalıdır.bitki yığıntılarının dəmləmələri həm spazmolitik və ağrıkəsici, həm də güclü antimikrob, iltihab əleyhinə və sidikqovucu təsirlər göstərir.
Yığıntı I
Hərəsindən 2 xörək qaşığı yağçiçəyi otu, bağayarpağı yarpağı, ayıqulağı yarpağı və tozağacı tumurcuğu, hərəsindən 1 xörək qaşığı zirə meyvəsi və qurd pəncəsi otu xırdalanıb qarışdırılır. Bu qarışıqdan 3 xörək qaşığı götürülür, üzərinə 1 litr soyuq su tökülür. 12 saat saxlandıqdan sonra 10 dəq. qaynadılır və süzülür. 1 stəkandan gündə 3-4 dəfə yeməkdən sonra qəbul edilir.
Yığıntı II
Hərəsindən 2 xörək qaşığı tozağacı yarpağı, şirin biyan kökü, ayıqulağı yarpağı və qarğıdalı saçaqları qarışdırılır. Yığıntıdan 1 xörək qaşığı götürüb üzərinə qaynar su tökülür və 30 dəq. müddətində su hamamında və ya vam odda dəmlənir. Soyudulub süzüldükdən sonra gündə 4 dəfə yarım stəkandan yeməkdən yarım saat əvvəl qəbul edilir.
Urotea çayı
Herba Flora şirkətinin istehsalı olan Urotea çaynın tərkibi eleuterokok kökü və kökümsovu, ayıqulağı yarpağı, bostan şüyüdü meyvəsi, gülümbahar çiçəyi və istiotlu nanə yarpağından ibarət olub sistit zamanı iltihab əleyhinə, spazmolitik, antibakterial, sidikqovucu və orqanizmə ümumi tonuslandırıcı təsir edir, regenerasiya prosesini sürətləndirir. Qəbul müddəti 2-4 həftədir.
Mirzəyeva Ulduz,
həkim-funksionalist,
tibb elmləri namizədi