Dərman pişikotu
Botanik xarakteristika: Dərman pişikotu Valerianaceae ailəsinə aid olan çoxillik bitkidir. Hündürlüyü 2 m-ə qədərdir. Qısa, yoğun, üzəri çox miqdarda açıq-qonur rəngli köklərlə örtülü kökümsovu var. Kökü və kökümsovu kəskin, spesifik ətrə və şirin-acıtəhər dada malikdir. Zoğları düz, buğumlu, boşluqlu, uclarda şaxəlidir. Yarpaqları lansetvari formalı, kənarları iri dişciklidir, lələkvari damarlanmaya malikdir. Çiçəkləri xırda, açıq-çəhrayı rənglidir, gözəl ətrə malikdir, zoğların zirvəsində qalxanşəkilli çiçək dəstəsində toplanıb.
Dərman pişikotu həyatının ikinci ilində çiçəkləyir. İyun ayından avqusta qədər çiçək açır, meyvələri iyul-sentyabr aylarında yetişir. Meyvəsi uzunsov-yumurtavari formadadır, üzərində lələkvari çıxıntı var. Toxum və kökümsov vasitəsi ilə çoxalır.
Yayılması və ekoloji xüsusiyyətləri: Uzaq Şimalı, Sibiri və Orta Asiyanın səhralıqlarını çıxmaq şərti ilə bütün MDB məkanında yayılmışdır. Əsasən bataqlıqlaşmış və nəmişlik olan çəmənliklərdə, bataqlıqların ətrafında, seyrək meşəliklərdə və çay kənarlarında yabanı şəkildə bitir, lakin geniş sahələri əhatə etmir.
Tarixi məlumat: Belə ehtimal olunur ki, pişikotu bitkisinin adı “valere” yunan sözündən götürülüb, “sağlam olmaq” deməkdir. Görünür ki, bu da bitkinin müalicəvi təsiri ilə əlaqədardır. Digər fərziyyəyə görə bu bitkiyə Roma imperatoru Valerianın, yaxud da Roma həkimi Pliniy Valerianın şərəfinə ad verilib.
Dərman pişikotunun müalicəvi təsirindən çox qədim zamanlardan tibbdə istifadə olunur. Qədim yunan həkimi Dioskorid pişikotunu “fikirləri idarə edən”, qədim Şərq filosofu İbn Sina isə “beyni oyandıran” bitki adlandırırdı. Orta əsrlərdə aromatik vasitə kimi çox məşhur olan pişikotundan ruhu və əsəbləri sakitləşdirmək üçün istifadə olunurdu.
Dərman xammalı: Dərman xammalı kimi əsasən bitkinin kökü və kökümsovundan istifadə olunur. Bunların payızda yığılması daha məqsədəuyğundur, çünki bu vaxt kökümsovlar quruyur və tündləşir. Lakin yazda da yığıla bilər. Yuyulduqdan sonra iri köklər 2-4 hissəyə bölünür, 15 sm qalınlığında sərilir və 1-2 gün müddətində sərin, havalı otaqda və ya açıq havada saxlanır. Bundan sonra kölgəlik yerə keçirilir və tam qurudulur. Sobalarda qurudulma zamanı istilik 350S-dən yüksək olmamalıdır, çünki bundan yüksək temperatur efir yağlarının itirilməsinə səbəb olur. Köklərin kütləsi 75% azaldıqda və onlar asanlıqla qırıldıqda xammal tam qurumuş hesab olunur. Belə xammalın istifadə müddəti 3 ildir. Köklər və kökümsovlar özünəməxsus ətrə, acı və yandırıcı dada malikdir.
Bioloji fəal maddələr: Pişikotu kökü və kökümsovunun tərkibində 3-3,5%-ə qədər efir yağları, izovalerian turşusu, bornilizovalerianat, qarışqa, yağ və sirkə turşularının borneol efirləri, valerin alkaloidi, valeriozid qlikozidi, aşı və qətran maddələri, üzvi turşular (palmitin, stearin, sirkə, qarışqa, alma və s.). Bioloji aktivliyə daha çox valepatriatlar malikdir. Bu maddələr təzə xammalda və canlı bitkinin köklərində olur, qurudulma zamanı parçalanaraq sərbəst valerian turşusu əmələ gətirir.
Bundan başqa köklər və kökümsovlar özündə K, Ca, Mg, Fe kimi makroelementlər, Mn, Cu, Zn, Cr, Al, Ba, V, Se, Ni, Sr, Pb, İ və B kimi mikroelementlər saxlayır.
Farmakoloji xüsusiyyətləri: Pişikotu sinir sisteminə sedativ, trankvilizəedici təsir göstərir, ürək fəaliyyətini və yuxu siklini tənzimləyir, mədə-bağırsaq sisteminə spazmolitik və ödqovucu təsir edir, həzm vəzilərinin sekresiyasını artırır. Bitkinin koronar (ürəyi qidalandıran) damarları genişləndirmək və arterial təzyiqi aşağı salmaq xüsusiyyətləri var. Müalicəvi təsiri gec meydana çıxdığı üçün, uzunmüddətli və mütəmadi istifadəsi məsləhətdir.
Tibdə istifadəsi: Dərman pişikotunun kökü və kökümsovu sinir oyanıqlığında, ürək-damar nevrozlarında, mədə-bağırsaq sistemi orqanlarının spazmlarında sedativ vasitə kimi tətbiq olunur. Bundan başqa sinir sisteminin funksional pozğunluqlarında, isteriyada, epilepsiyada, qıcolmalarda, nevrasteniya və psixasteniyanın yüngül formalarında, maniakal-depressiv vəziyyətlərdə, miqrendə, nevralgiyada, neyrodermitlərdə, koronar qan dövranının xroniki pozğunluqlarında istifadə olunur. Pişikotu bitkisindən bəzi xəstəliklərin nəinki müalicəsində, həmçinin profilaktikasında da istifadə olunur. Stenokardiya və hipertoniya xəstəliklərinin ilkin dövrü, ürək qüsurları, qaraciyər və öd yollarının bəzi patologiyaları, mədə-bağırsaq sisteminin sekretor funksiyasının pozulması ilə əlaqədar xəstəlikləri, endokrin sistemin funksional xəstəlikləri, şəkərsiz diabet, avitaminozların bəzi növləri, klimaks və klimaksönü vəziyyətlər, stomatoloji və s. xəstəliklərin kompleks müalicəsində tətbiq edilir.
Qədim Çin təbabətində pişikotu bitkisindən ağciyər vərəminin, pnevmoniyanın, bronxitlərin, abseslərin müalicəsində, həmçinin nevrasteniya, irinli yaralar və qanhayxırma zamanı tətbiq olunduğu məlumdur.
Tibbdə pişikotu kökü və kökümsovundan dəmləmə, bişirmə, cövhər, ekstrakt, mikstura şəklində istifadə olunur.
Pişikotu kökünün dəmləməsini (İnfusum Valerianae) hazırlamaq üçün 20 qr. (2,5 xörək qaşığı) xammal emallı qaba yerləşdirilir, üzərinə 200 ml. qaynar su tökülür, qapaqla örtülür və 15 dəq. müddətində su hamamında dəmlənir. 45 dəq. müddətində otaq temperaturunda soyudulur və süzülür. Alınan dəmləmənin həcmi qaynadılmış su ilə 200 ml-ə çatdırılır. Gündə 3-4 dəfə, böyüklər hər dəfə 2-3 xörək qaşığı, uşaqlar 1 desert qaşığı, körpələr 1 çay qaşığı yeməkdən 30 dəq. sonra daxilə qəbul etməlidir.
Pişikotu kökünün bişirməsini (Decoctum Valerianae) hazırlamaq üçün 10 ədəd kök və kökümsov xırdalanır, üzərinə 300 ml. soyuq su əlavə edilir, 30 dəq. müddətində su hamamında qaynadılır və soyudulur. Gündə 3 dəfə, hər dəfə ½ stəkan daxilə qəbul edilir.
Pişikotu cövhəri (Tinctura Valerianae) 70%-li spirt əsasında 1:5 nisbətdə hazırlanır. Qırmızı-qonur rəngli, özünəməxsus ətirli, şirin-acıtəhər dada malik mayedir. Gündə 3-4 dəfə, böyüklər üçün 20-30 damcıdan, uşaqlar üçün isə yaşına uyğun sayda damcıdan təyin olunur.
Pişikotunun razyana ilə miksturasını hazırlamaq üçün pişikotu köklərindən bişirmə hazırlanır. 1 hissə razyana toxumu xırdalanır, üzərinə 10 hissə soyuq su əlavə edilir, 30 dəq. su hamamında qaynadılır, 45 dəq. müddətində dəmlənir. Hər iki dəmləmə qarışdırılır, səhər və axşam ilıq şəkildə qəbul edilir.
Bir çox xəstəliklərin müalicəsində pişikotunun digər müalicəvi bitkilərlə kompleksindən istifadə olunur.
Belə ki, nevrasteniya, nevroz, klimakterik sindrom, hipertoniya, yuxusuzluq kimi xəstəliklərdə pişikotunun damotu, mayasarmaşığı və istiotlu nanə ilə kombinasiyasından istifadə olunur. Bitkilər aşağıdakı nisbətdə götürülür: 3 hissə pişikotu kökü, 3 hissə damotunun otu, 3 hissə istiotlu nanə yarpağı və 2 hissə mayasarmaşığı qozası. Dəmləmə hazırlamaq üçün qarışıqdan 1 xörək qaşığı götürülür, emallı qaba yerləşdirilir, üzərinə 200 ml. qaynar su əlavə edilir, 15 dəq. su hamamında dəmlənir. 45 dəq. müddətində otaq temperaturunda soyudulduqdan sonra süzülür. Gündə 3 dəfə, hər dəfə 100 ml. (1/2 stəkan) yeməkdən əvvəl daxilə qəbul edilir. Bu dəmləmə sinir sistemində oyanıqlığı azaldır, əsəbləri sakitləşdirir, yuxunu tənzimləyir, əhval-ruhiyyəni yaxşılaşdırır və orqanizmə ümumi tonuslandırıcı təsir göstərir.
Askaridoz, enterobioz, lyamblioz kimi qurd xəstəliklərinin müalicəsində qurdəleyhinə yığıntıdan istifadə olunur. Bu qarışığın tərkibinə bərabər nisbətdə dərman pişikotu kökü, adi dağtərxunu çiçəyi, tozağacı tumurcuğu, andız kökü, adi yovşanotu, dazıotu, işlədici murdarça meyvəsi, öskəotu və mayasarmaşığı qozası daxildir. Dəmləmə hazırlamaq üçün 1 xörək qaşığı yığıntının üzərinə 200 ml. (1 stəkan) qaynar su əlavə edilir, 20 dəq. qaynayan su hamamında dəmlənir, otaq temperaturunda soyudulur və süzülür. Gündə 3-4 dəfə, uşaqlar hər dəfə 1-2 xörək qaşığı, böyüklər isə 1/3 stəkan yeməkdən əvvəl daxilə qəbul edir. Bu dəmləmə bağırsaqlarda olan qurdları öldürür, ölmüş qurdların xaric olmasını sürətləndirir, qurdların mexaniki təsiri nəticəsində bağırsaq divarında yaranan iltihabı azaldır. Eyni zamanda sakitləşdirici təsir göstərərək qurd xəstəlikləri zamanı əmələ gələn həssaslıq və əsəbiliyi aradan qaldırır.
Ekzema, neyrodermit, allergik dermatitlər, eksudativ-kataral diatez və bişməcələr zamanı isə pişikotu kökünün yatıqqanqal otu, bənövşə otu, qaraqınıq otu, gicitkən yarpağı, aptek çobanyastığı çiçəyi, kəklikotu, çöl qatırquyruğu otu və biyan kökü ilə kombinasiyası tətbiq edilir. Yığıntıda bitkilər bərabər nisbətdə götürülür. Dəmləmə hazırlamaq üçün 1 xörək qaşığı yığıntının üzərinə 100 ml. (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur və süzülür. Gündə 3-4 dəfə, hər dəfə ½ stəkan yeməkdən əvvəl daxilə qəbul edilir. Dəmləmədən islatma və vanna şəklində istifadə etmək olar. Dəmləmə maddələr mübadiləsini tənzimləyir, güclü iltihabəleyhinə və antiseptik təsir göstərir, yara və trofik xoraların sağalmasını sürətləndirir. Sakitləşdirici və antiallergik təsir edərək dəridə olan səpkiləri azaldır.
